Mahiyyətini itirən "Gəncə tuneli" və ona alternativ axtaran "Kəpəz" rəhbərliyi

11:53 28 Noyabr 2016

Peşəkar Futbol Liqası-nın jurnalistlərin bölgələrə səfəri layihəsi çərçivəsində yolumuz bu dəfə Gəncəyə idi. Saat 14:00-da start götürəcək matça yetişmək üçün səhər 8:00-da Bakıdan Gəncəyə yola düşdük. 5 saatlıq yoldan sonra saat 13:00-da Gəncəyə çatdıqda bizi maraqlı oyunun gözləyəcəyini hiss edirdim. 


Saat 13:58-də  futbolçular artıq məşhur “Gəncə Tuneli”ndən çıxaraq, meydana daxil oldular. Oyunun saat 14:00-da start götürməsi nəzərdə tutulsa da, bu vaxt bir neçə dəqiqə uzandı. Buna səbəb isə, tamaşaçıların  qadınlara qarşı zorakılıqla mübarizə mövsüzunda maariflənmələri üçün matçdan  öncə futbolçuların tribunalara qırmızı vərəqə göstərməsi idi. Bundan əlavə, daha bir maraqlı hadisə baş verdi. Belə ki, “Kəpəz”in futbolçusu Kərim Diniyevin bir neçə gün öncə övladı dünyaya gəldiyi üçün, komandanın azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elmar Əliyevin oğlu Nihad Əliyev futbolçuya gül hədiyyə etdi. Daha sonra bu gün vәfat edәn Azәrbaycanlı futbolçu Şәhriyar Xәlilovun xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 

Beləliklə, matç başladı. Gözlənildiyi kimi, Gəncə klubu matça çox fəal başladı. Erkən qol vurmaq üçün irəli atılan “sarı-göylər” ara-sıra təhlükəli hücumlar edirdilər. Lakin “Neftçi” də müdafiədə oturmaq niyyətində deyildi. Paytaxt klubu müdafiədən çıxmaqda çətinlik çəkdiyi kimi, rəqib müdafiəsini keçməkdə də eyni çətinliklə üzləşirdi. Hücumlarının kəsərini artıran “Kəpəz” futbolçuları çox keçmədən istəyinə çatdılar. Belə ki, matçın 27-ci dəqiqəsində “Kəpəz”in yarımmüdafiəçisi Orxan Əliyev fərdi ustalığı sayəsində rəqib müdafiəsini yararaq baxımlı qola imza atdı. Qoldan sonra “Neftçi” futbolçuları bir neçə dəfə irəli atılsalar da, istəyinə nail ola bilmədilər və matçın ilk hissəsi “Kəpəz”in 1:0 hesablı üstünlüyü ilə başa çatdı. Oyunu heç cür alınmayan “Neftçi” ikinci hissəyə başlayan kimi qapısında növbəti qolu gördü. Bu dəfə isə Gəncə klubunun qol silahı Julien Ebah 49-cu dəqiqədə fərqlənərək, matçda son nöqtəni qoydu. Görüşün qalan dəqiqələrində “Neftçi” futbolçuları topla daha çox oynasa da, “Kəpəz”n müdafiəsi qarşısında aciz qaldı. 


Futbolumuzun ən yaralı yerlərindən biri də stadionların ot örtüyüdür. Bir neçə stadionumuzda bu vəziyyət yaxşı olsa da, digərlərində durum çox acınacaqlıdı. Həmin stadionlardan biri də Gəncə şəhər mərkəzi stadionudur. 1963-cü ildən istifadədə olan bu stadionun ot örtüyünün durumu həddindən artıq pis vəziyyətdədir. “Kəpəz”i hazırlıqlarını Bakıda keçirməyə məcbur edən səbəblərdən biri də budur. Oyun ərzində də futbolçuların topla hərəkət etməkdə necə əziyyət çəkdiyinin şahidi ola bilirdik. Hətta futbolçular topa zərbə endirdikdə belə sürüşərək yıxılırdılar. Bu durumun getdiycə daha da ağırlaşacağı isə göz önündədir. Qışa doğru getdiyimizi nəzərə alsaq, bir müddət sonra bu stadionda futbol oynamağın mümkün olmayacağını bilmək heç də çətin deyil.


Sözün düzü, jurnalistlər üçün ayrılan sektorda yerləşdikdə hər şey normal idi. Amma vəziyyətin 180° dəyişəcəyini gözləmirdim. Oyunun başlamasına 5-10 dəqiqə qalmış yerləşdiyimiz sektora həmişə olduğu kimi, bu dəfə də azarkeşlər doluşmağa və jurnalistlərin rahat iş görməsinə mane olmağa başladı. Oyun ərzində barabanların səsi ilə qulaqlarımızı batıran azarkeşlər qarşımızda yerləşdirilən masa üzərinə çıxmağa belə çəkinmirdilər. Bu azmış kimi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin, həmçinin “Kəpəz” klubunun prezidenti Elmir Vəliyevin göstərişi ilə “Neftçi” rəsmiləri onlar üçün ayrılan tribunadan qovuldu. Görünən odur ki, illər öncə hakimlərin və rəqib futbolçuların qorxulu yuxusuna çevrilən məşhur “Gəncə tuneli” öz mahiyyətini itirib və sözügedən şəxslər həmin “Gəncə tuneli”ni əvəzləyəcək yeni fikir formalaşdırmağa çalışırlar. Yəqin ki, bu yeniliyin adı “Gəncə media tribunası” olacaq. Hər halda bunları zaman göstərər. Amma “ümid sonda ölür” deyimini əsas tutaraq, ümid edirik ki, növbəti oyunlarda bu problem aradan qaldırılacaq, həm Gəncə kimi tarixi bir şəhərə təşrif buyuran rəqib komanda rəsmiləri, həm də jurnalistlər rahat şəkildə işlərini görə biləcəklər. 
İlkin İsmayılzadə, Bakı-Gəncə-Bakı.


Xəbər xətti