"Qarabağ" - "Qəbələ" - 40-cı duel

17:37 28 Noyabr 2016

Azərbaycan Premyer Liqasında XIII tur mərkəzi oyunla tamamlanacaq. 


Sportarena.az xəbər verir ki, noyabrın 29-da keçiriləcək qarşılaşmada çempionatın liderləri “Qəbələ” və “Qarabağ” üz-üzə gələcək. UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçıları qış çempionunun müəyyənləşməsi baxımından çox böyük əhəmiyyətə malik duelə çıxacaq. Bakıdakı “Azərsun Arena”da baş tutacaq qarşılaşmada komandalar tarixlərində 40-cı dəfə üz-üzə gələcək.


Yubiley duelinin iştirakçıları 58 gündən sonra yenidən münasibətlərini aydınlaşdıracaq. Oktyabrın 2-də Qəbələdəki görüşdə 2 cavabsız qolla qalib gələn “qırmızı-qaralar” məhz həmin qələbə sayəsində şəxsi oyunlardakı üstünlüklə Premyer Liqanın lideridir.


Ümumilikdə isə rəqiblər ilk dəfə 2006-cı il avqustun 20-də qarşılaşıb. 10 il ərzində “Qəbələ” və “Qarabağ” 33 dəfə Premyer Liqada, 6 dəfə Azərbaycan kubokunda üz-üzə gəliblər. Baş tutan matçlarda “Qəbələ” 9, “Qarabağ” 15 qələbə qazanıb. “Qırmızı-qaralar” səfərdən 3 xalla dönsə, yubiley – 10-cu qələbəni qeyd edəcək. Digər 15 matçda isə heç-heçə qeydə alınıb. 84 qolun vurulduğu duellərdə “qırmızı-qaralar” 36, “ağ-göylər” 48 dəfə fərqlənib.


Premyer Liqadakı 33 matçda isə 75 top vurulub. 8 qələbəsi olan “Qəbələ” 31, 15 dəfə 3 xal qazanan “Qarabağ” 44 dəfə rəqib qapısına yol tapıb. 10 matçda isə hər komanda 1 xal əldə edib. Komandalar 20-ci dəfə “Qarabağ”ın qonağı olacaq “Qəbələ” səfərdə 4 qələbə əldə edib. “Qırmızı-qaralar” rəqib meydanında 7 heç-heçə edib və 8 dəfə uduzub. Meydan sahiblərinin 21 qoluna komandamız 17 dəfə cavab verib.


“Qəbələ”nin “Qarabağ”la matçlardakı ən məhsuldar futbolçusu Dododur. Braziliyalı rəqib qapısına 5 top vurub. Viktor Mendi isə ağdamlıları 4 dəfə məyus edib. 4 oyunçumuz - İqor Melnik, Kənan Kərimov, Samir Zərgərov və Sergey Zenyov isə bu duellərdə hərəyə 2 dəfə fərqləniblər. 18 futbolçu hərəyə 1 dəfə qol sevinci yaşayıbsa, bir dəfə də rəqib oyunçu – Namiq Ələsgərov avtoqol müəllifi olub (gabalafc.az) 


Digər xəbərlər

Xəbər xətti