"Neftçi"dən biabırçı bəyanat - FOTO

18:13 28 Noyabr 2016

"Neftçi" "Kəpəz"lə qarşılaşmada baş verən xoşagəlməz hadisə ilə bağlı bəyanat yayıb. 


Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində dünən baş tutan qarşılaşmada baş verənlərə münasibət bildirib.


Qeyd edək ki, "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadə tərəfindən yazılmış məktub "Kəpəz"in sabiq icraçı direktoru Mehman Allahverdiyevə ünvanlanıb. Mehman Allahverdiyev isə sentyabr ayında komandadan göndərilib. "Kəpəz"in hazırki icraçı direktoru Cabir İbrahimovdur. 


Həmin bəyanatı olduğu kimi təqdim edirik:
"Topaz Premyer Liqasının XIII turu çərçivəsində 27.11.2016-cı il tarixində Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Neftçi” matçında xoşagəlməz hal baş vermişdir. Oyunun ilk hissəsinin əvvəlində “Neftçi” PFK-nın rəsmiləri, eləcə də futbolçuları VİP lojadan kənarlaşdırılmışdır. Buna səbəb Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin “Neftçi” PFK nümayəndələrinin yerli komandanı alqışlaması barədə tələbi olub. Təbii olaraq “Neftçi” PFK nümayəndələri “Kəpəz” klubunu dəstəkləməkdən imtina ediblər. Belə olan halda, asayişi qorumalı olan polis əməkdaşlarına klubumuzun nümayəndələrini məcburi surətdə VİP-lojadan kənarlaşdırmaq göstərişi verilib. Bundan sonra “Neftçi” PFK nümayəndələri VİP-lojanı tərk edərək “Neftçi” PFK azarkeşləri üçün ayrılmış sektora yollanıblar. Müvafiq olaraq “Neftçi” PFK rəhbərliyi də məlum vəziyyətdə eyni addımı atıb.
Qeyd edək ki, 2016/17-ci il futbol mövsümündə Topaz Premyer Liqası və I Divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların əsasnaməsini (“Yarışların yeri” bəndi) rəhbər tutaraq bildiririk ki, meydan sahibi klub aşağıda sadalanan şərtləri təmin etməyə borcludur:

Komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı;

Komandaların rəhbərləri və oyunçular üçün yerlər;

Bununla yanaşı, “Neftçi” PFK 24.11.2016-cı il tarixdə “Kəpəz” PFK-ya məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəmişdir. “Kəpəz” PFK tərəfindən 25.11.2016-cı il tarixində klubumuza cavab məktubu ünvanlanmış və “Neftçi” PFK üçün SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirilmişdir (hər iki məktub bəyanata əlavə edilib).

Göründüyü kimi, Gəncədə yaşanmış olayda çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulub.


“Neftçi” PFK olaraq gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik."


Xəbər xətti