CRFF-nın prezidenti: "Azərbaycan futbolu bölgələrsiz qanadsız quşa bənzəyir" - Layihə

11:48 30 Noyabr 2016

 Sportarena.az saytı “Cənub futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. 
Layihənin icrası müddətində bir çox cənub rayonlarına səfər etmiş, futbolla bağlı problemli mövzulara toxunmuş, çatışmazlıqları göstərməyə çalışmışıq. Cənubda böyük futbolun biabırçı vəziyyətdə olması uşaq futboluna da təsirsiz ötüşmür. “Xəzər Lənkəran” fəaliyyət göstərdiyi dönəmdə cənub rayonlarında yetişən bütün futbolçuların arzusu və istəyi o klubda top qovmaq idi. Amma bu gün klub "Xəzər Lənkəran"ın yoxluğu uşaq futbolunu da tənəzzülə aparır. Problem təkcə bununla bitmir, cənub bölgəsində futbol infrastrukturu da ürəkaçan deyil. Yazılarımızda (bu linkdə - http://sportarena.az/category/69/lahieyeler ) bu haqda ətraflı məlumat vermişik. Bəs, bu problemlərin həlli üçün hansısa işlər görülür? Futbolun inkişafı üçün hansı layihələr həyata keçirilir?  Cənub Regional  Futbol Federasiyası (CRFF) öz işini hansı səviyydə görür? Bu və bu kimi suallara cavab tapmaq üçün CRFF-nın prezidenti Sakin Məmmədzadə ilə görüşdük. Öncə layihəmizi və gördüyümüz işləri dəyərləndirən Sakin bəy, infrastrukturun yoxluğundan, lazımı qurumların olmamasından söz açdı. Problemlərin mövcudluğunda maliyyə durumunun çətin olduğunu səbəb göstərən S.Məmmədzadə, AFFA-nın laqeydliyindən də şikayətləndi:


- Layihə ilə bağlı yazılan bütün yazıları oxumuşam. Problemləri yaxşı qabatmısınız. AFFA və CRFF olaraq biz bu problemləri aradan qaldırmalıyıq. İnfrastruktur məsələsindən başlayım, Hazırda normal futbol infrastrukturu Bakı istisna olmaqla demək olar ki, heç bir bölgədə  yoxdur. Əvvəllər AFFA təkcə Azərbaycan çempionatını keçirməklə məşğul idi və milli komanda ilə məşğul olan qurum var idi. Amma indi aidiyyatı qurumlar çoxdur. Uşaq futbolu üçün, Premyer Liqa üçün, hakimlər üçün... Demək olar ki, bütün sahələrə aidiyyatı qurumlar yaradılıb. Amma bu, yalnız Bakıda var. Regionlarda da bu qurumların nümayəndələri olmalıdır. Yaxşı futbolçular yetişdirmək üçün məşqçi lazımdır. Biz öncə yaxşı məşqçilər yetişdirməliyik. Biz bu gün problemlərdən xəbərdar ola bilərik, amma onların həlli mümkün deyil. Bunun üçün hər şey qabaqcadan planlaşdırılmalıdır. 5 top verməklə, hər yerə məşqçi ayırmaqla iş bitmir. Birinci növbədə infrastruktur qurulmalıdır. Özü də bütün bölgələrdə, yüksək səviyyədə. Sizin bu yazılardan sonra AFFA mənə deməlidir ki, “Sakin müəllim jurnalistlər problemləri ortaya çıxarıb, onları həll et”. Amma deyilmir. Axı, maddi imkanım olmaya-olmaya onları necə həll edə bilərəm?


-    Problemlərin həlli üçün AFFA-ya hansısa təkliflər vermisiniz?
-    Bəli, bəlkə də təkliflrimlə çoxunun zəhləsini tökmüşəm.
-    Təkliflərinizi bizə açıqlaya bilərsiniz?
-    Əsas təkliflərimdən biri hakimliklə bağlıdır. Rayonda futbol yarışları təşkil edəndə hakim çatışmazlığı olur. Hakimlərin yetişdirilməsi ilə bağlı təklif verdim. Belə akademiyalar təkcə Bakıda olmalı deyil. Rayonlarda da bu şərait qurulmalıdır.  Lənkəran Dövlət Universitetində müxtəlif rayonlardan tələbələr oxuyur. Biz universitetdə hakimlik kursları aça bilərik. Tələbələr orda xarici dillər öyrənir, kurslara da qatılıb hakimlik öyrənsələr, bu onların gələcəkdəki karyeraları üçün gözəl irəliləyiş olar. Milli komandamız dünya çempionatında oynamamış hakimlərimiz orada oyunlar idarə edər.  Azərbaycan xalqı da onlarla fəxr edər. Qardaş ölkələrdən hakimlər Çempionlar Liqasında, Avropa Çempionatında final oyunları idarə edir. Niyə bizim hakimlər orada olmasın?! Həmçinin, ölkə çempionatımızda oyunları idarə edən hakimlər çox olar.  Başqa bir təklifim uşaq çempionatı ilə bağlıdır. Bu gün AFFA bayrağı altında uşaqlar üçün çempionat təşkil olunur. Belə çempionat bizim bölgədə də keçirilir. Amma iki həftədir ki, çempionatın oyunları təxirə salınır. Bura Lənkərandır, cənub zonasıdır, yağış, rütubət çoxdur. Bu da çempionatın tez –tez dayanmasına səbəb olur. Təklif etdim ki, bu çempionat yayda təşkil olunsun. Dərs yox, yağış yox, rütubət yox - çempionat da gözəl keçər.  Hazırkı vəziyyətdə uşaqlar tez-tez xəstələnir. Bu durum valideynlərə də xoş deyil. Ona görə problemlər çox olur. Mən də bu problemlərin olmaması üçün belə bir təklif verdim.
-    AFFA-dan cavab gəlib?
-    Təkliflərimə rədd cavabı verilməyib. Müzakirə olunub, gələcəkdə həyata keçiriləcəyi deyilib. 
-    Bu təkliflərin arasında cənubda futbol klubunun yaradılması ilə bağlı təklif varmı?
-    Xeyir,  amma inanıram ki, bu problemin həlli üçün işlər görüləcək. Çünki cənubda işsiz qalan məşqçilər, futbolçular çoxdur. Mütləq yeni klub yaradılmalıdır ki, bu insanlar özlərini göstərə bilsinlər. Azərbaycan futbolu bölgələrsiz qanadsız quşa bənzəyir. Bütün bölgələrdə böyük futbol olmalıdır. Düşünün, hər bölgədə bir futbolçu yetişsə, bu bizim millimizə nə qədər xeyir verəcək. Uğur qazanmaq üçün yaxşı struktur qurulmalıdır. 


-    Cənub rayonlarından hansında futbol üçün daha yaxşı şərait var?
-    Bünüt rayonlarda şərait qurmaq olar. Lerikdə, Yardımlıda stadion tikilməsi üçün əla şərait var. Həm mənzərəsi, həm torpağı orada yaxşı infrastruktur qurmağa imkan verir. İnanın ki, bu gün orada stadion tikilsə, onun görüntüsü, mənzərəsi bütün dünyanı heyran edər. 
-    Bütün regionlarda futbol federasiyaları var. Amma onların gördüyü işlər nəzərə çarpmır. Bunu sizin quruma da aid etmək olar. Bu, nədən irəli gəlir? Problemin çoxluğundan, yoxsa maliyyə çatışmazlığından?
-    Problem olmalıdır ki, biz də onu həll edək. İşimiz budur. Amma əsas məsələ maliyyədir. Mənim imkanım olsa, dediyiniz bütün problemləri həll edərik. Mən AFFA-nın təmsilçisiyəm.Onlar mənə maliyyə ayırıb, problemin həll olunmasını tələb etməlidirlər.
-    Belə görünür ki, AFFA sizə nə maliyyə ayırır, nə də nəsə tələb edir...
-    Bəli. Sırf problemlərlə bağlı bizə nə maliyyə ayırılır, nə də həlli tələb olunur. Yenə təkrar edirəm, bizdə struktur düzgün qurulmayıb, bütün problemlər də ondan irəli gəlir. Futboldan danışan çoxdur, amma futbol üçün iş görən yoxdur. Baxıram, televiziyalarda nə qədər futbol verilişi var. Hamı Premyer Liqanı müzakirə edir. Amma uşaq futbolundan danışan yoxdur. Bax, bundan danışmaq lazımdır. 


Sakin bəylə söhbətimizdən sonra bir daha əmin olduq ki, cənub bölgəsində futbol uçuruma doğru gedir. Əgər bu gün bu problemlərin həlli yolunda işlər görülməsə, yaxın 1-2 il ərzində cənubda futbol tarixə qovuşacaq. Bu istiqamətdə təkcə AFFA yox, həmçinin, rayon icra orqanları, imkanlı şəxslər də işlər görməlidir. Biz, media nümayəndələri də o cümlədən.

Vüsal Yalçınoğlu


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

                                           

 


Xəbər xətti