Kamran Ağayev: "Ya 10 günə qayıdacam, ya da karyeramı bitirəcəm"

22:45 1 Dekabr 2016

Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin zədələnməsi ilə bağlı xəbər vermişdik.

Sportarena.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən təcrübəli əlcək sahibi zədəsindən danışıb. 

Ağayev ciddi problem olduğunu desə də, tezliklə meydana qayıtmaq istədiyini bildirib: “Məşqdə zədələndim. Özü də sağlam olan sağ ayağımdan xəsarət aldım. Bu qismətdir. Həmişə gəlib pik nöqtəyə çatanda zədə alıram. “Qəbələ”də, “İnter”də, “Kayserispor”da da belə oldu. Dəfələrlə əməliyyat olundum. Bu zədələrin əlindən bezmişəm. Ümid edirəm ki, tezliklə sağalacam. Düzdür, ayağımın durumu pis gündədir. Hazırda ayağımın dərisi qapqaradır. Həkimlər minumum 2 ay desə də, mən özümə güvənirəm. İnanıram ki, tez qayıdacam. Çünki futbol oynamaq istəyirəm. Mən burda xalqımı təmsil edirəm və onları ancaq sevindirəcəm. İstəmirəm ki, azarkeşlər mənə görə üzülsünlər”.

Zədələnməyinə əsəbiləşən millimizin qapıçısı ya 10 günə meydana dönəcəyini, ya da karyerasını bitirəcəyini sözlərinə əlavə edib: “Futbolda belə bir şey var ki, futbolçunun ilk həkimi özüdür. Mən ya 10 günə meydana qayıdacam, ya da karyeramı bitirəcəm. Xəstəxanada yatmaqdan bezmişəm. Nə qədər olar zədələr? Artıq həkimlər də məni tanıyırlar. Görəndə deyirlər ki, sən yenə gəlmisən? Futbolu buraxmaq istəmirəm. Daim komandamın yanında olmalıyam. Beş gün sonra MRT olacam. Ondan sonra 5 gün müalicə və test...

Dəqiq cavablar bilinəcək. Amma mən 10 gün sonra çıxıb oynayacam. Düzdür, qayıdıb zədələnsəm, daha ciddi problem olacaq. Lakin özümü qoruyacam. Məni sevənlərə də deyirəm ki, tezliklə meydanda gözləsinlər”.


Digər xəbərlər

Xəbər xətti