"Qəbələ"nin baş məşqçisi: "Çox şey öyrəndik, təcrübə topladıq"

00:08 8 Dekabr 2016

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun sabah baş tutacaq “Maynts” (Almaniya) – “Qəbələ” oyunu öncəsi “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk və hücumçusu Ruslan Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Builki çıxışımızdan razıyıq. Ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının qrupuna düşdük. Bu, bizim üçün böyük hadisə, böyük nailiyyətdir. Bütün bunlara sevinirik. Sabah top-çempionatda iştirak edən komanda ilə görüşəcəyik. Bizim üçün bu da bir hadisə, nə isə öyrənmək üçün şansdır. Yüksək səviyyəli bir rəqiblə qarşılaşmaq imkanı əldə etmişik. Bunda yalnız müsbət məqamlar görürük. Belə imkandan tam yararlanmağa çalışacağıq. Qrupda 5 oyun keçirib, qalib gəlməmişik və aydın məsələdir ki, mərhələni adlaya bilmədik. Lakin buna üzülməyə dəyməz. Çünki hər şeyə real yanaşırıq. Komandada hələ çox şey çatmır. Biz nəyin kifayət etmədiyini başa düşürük. Qrupda qarşılaşdığımız rəqiblərin səviyyəsinə yaxınlaşmaq üçün hələ çox çalışmalıyıq. “Maynts”, “Anderlext” və “Sent-Etyen” güclü çempionatlarda çıxış edir. Biz bu komandalarla fərqli qütblərdəyik. Lakin bu haqda düşünüb, təslim olmuruq. Cari mövsümkü çıxışımız zamanı inkişaf diqqət çəkirdi. Onlarla ilk qarşılaşmalarda bütüm komponentlərdə fərq çox böyük və aşkar idisə, ikinci matçlarda daha yaxşı təsir bağışladıq. Həmin matçlarda bərabər mübarizə apardıq və hadisələrin uğurlu axarında xal qazanıb, qələbə də əldə edə bilərdik. Onda hesabımızda da çox xal olardı. Nəticələrimizlə bağlı mənfi hisslərimiz yoxdur. Yüksək səviyyədə oynamaq imkanından özümüz üçün mümkün qədər yararlandıq. Çox şey öyrəndik, təcrübə topladıq. Bir az təəssüf hissi var ki, son iki oyunda - “Sent-Etyen” və “Anderlext”lə görüşlərdə xal qazana bilmədik. Futbolda inkişafdan danışmaqla yanaşı, bunu qazanılan xalla da təsdiqləmək vacibdir”.
 


Digər xəbərlər

Xəbər xətti