Ağasəlim Mircavadov: "Çempionatımız güclənməsə, avrokuboklarda irəli gedə bilməyəcəyik"

14:14 10 Dekabr 2016

“Qəbələ” ilə müqayisədə “Qarabağ”ın qrupdan çıxmaq şansı var idi. Ancaq səviyyə və təcrübə öz sözünü dedi”.
 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov “Qarabağ” və “Qəbələ”nin Avroliqada mübarizəni dayandırmasından danışarkən  deyib:

“Qəbələ” qrupdakı digər rəqiblərin hər üçündən zəif idi. Amma bəzi oyunlarda  rəqibindən üstün oldu. Əsas odur ki, komanda qollar vura bilirdi. Ancaq “Qəbələ”nin zəif cəhəti odur ki, asan top buraxırlar. Bu da təcrübəsizlikdən irəli gəlir.  “Qarabağ” isə əksər oyunlarda rəqiblərindən üstün idi. Ancaq komandaların hansı çempionatlarda oynamasında fikir vermək lazımdır. Azərbaycan çempionatında cəmi 3-4 dənə gərgin oyun ola bilər. Avropadakı çempionatlar isə hamıya bəllidir. Görürsünüz, “Qarabağ” Premyer Liqanın hər oyununda 4-5 qol epizodu yaratsa da, bunların birindən istifadə edir. Bütün bunlar da avrokuboklarda özünü mənfi tərəfdən göstərir. 
 

“Qarabağ”la “Qəbələ” avrokuboklara harda hazırlaşır? Təbii ki, Azərbaycan çempionatında. Çempionatımızdakı gərginlik də göz qabağındadır. Komandalarımız birdən-birə o cür gərgin oyunlara çıxanda istər-istəməz təzyiq altında olur.

 
Sizə açıq deyirəm, əgər avrokuboklarda daha da irəli getmək istəyiriksə, ölkə çempionatının gücləndirməliyik. Bu olmasa, ağır olacaq”. (Qol.az)


Xəbər xətti