Tərlan Əhmədov: "Biz öz büdcəmizə görə "xalq komandası"na qalib gəlmişiksə..."

18:20 17 Dekabr 2016

“Son pillələrdə qərarlaşan 2 komandanın görüşü idi. Bizim üçün derbi sayılırdı. Bu gün 3 xal bizə çox lazım idi”.


Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
 

Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi”nin qonağı olan “təyyarəçilər” 1:0 hesablı qələbə qazanıblar, cari mövsümdə ilk qalibiyyətlərini rəsmiləşdiriblər.
 

Matçdan sonra keçirilən mətbuat konfransında Əhmədov qələbəni şərh edib: “Komandamın son oyunlardakı mübarizəsindən razıyam. Sadəcə, qalibiyyət çatışmırdı. Bütün futbolçulara təşəkkür edirəm. “Qəbələ” ilə oyunda zədəlilərimiz var idi. Bu matçda isə onlar artıq meydanda idilər, 1-2 futbolçu istisna olmaqla. Futbolçulara demişdim ki, heç olmasa qış fasiləsinə yüksək əhval-ruhiyyədə gedək. Düzdü, hələ də çatışmayan cəhətlərimiz var. Amma qələbə qələbədi. İli qalibiyyətlə başa vurduğumuz üçün şadam”.

 
- Qış fasiləsində heyətdə dəyişiklik edəcəksizmi?
- Komanda noyabrın ortasından əzmkar oyun göstərməyə başladı. Bəli, dəyişikliklər olacaq. Amma çox böyük dəyişikliklər etmək fikrində deyilik. Çalışacağıq ki, büdcəmizə uyğun, amma səviyyə və təcrübə baxımından bizə kömək edə biləcək oyunçular gətirək.

 
- Qış toplanışı ilə bağlı planınız necədi?
- Əgər büdcə 150 mindisə, biz heç hara gedəsi deyilik. Son 2 ildə olduğu kimi, Şüvəlanda hazırlaşacağıq. Yanvarın 5-dən hazırlığa start verəcəyik.
 

- Tərlan Əhmədov jurnalist kimi bugünkü qələbəni necə şərh edərdi?
- Kənardan oyunu təhlil etmək asandı. Pelenin bir müsahibəsi var ki, ona futbolla dama arasındakı fərqi soruşurlar. Deyir ki, futbolu hamı dərk edir, amma çoxu oynaya bilmir. Damanı isə hamı oynayır, amma hər kəs dərk etmir. Mən jurnalist olsaydım, bəlkə də, baş məşqçiləri daha çox tənqid edərdim. Keçən il Avroliqaya şansımız son anda əldən çıxdı. Bu il də istəməzdim ki, nə “Neftçi”, nə də AZAL bu büdcə ilə bu şəraitdə futbol oynasınlar. Oyun baxımından AZAL heç kimdən geri qalmır. Hər bir “Neftçi”yə qalib gəlmək istəyər. Biz öz büdcəmizə görə “xalq komandası”na qalib gəlmişiksə, deməli, bizi qarşıda daha yaxşı oyunlar gözləyir.(Apasport.az)


Xəbər xətti