Gənc futbolçu : "Xəzər-Lənkəran" klubu mənim üçün böyük məktəb oldu" - FOTOLAR + VİDEO

00:08 18 Dekabr 2016

“Sportarena.az” saytı “Cənub futbolu : resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir.

Bir neçə aydır davam edən layihə çərçivəsində Cənub bölgəsinə daxil olan əksər rayonlara səfərlər etmiş, buradakı futbolun durumunun ümumi mənzərəsini diqqətə çatdırmış və nöqsanları, problemləri xatırlatmışdıq.

Bu dəfəki yazıda isə o bölgədə futbolun sirlərini öyrənmiş və “Xəzər-Lənkəran” kimi komandada top qovmuş gənc futbolçuların fikirlərinə yer verəcəyik. Futbolçular müsahibə zamanı cənub bölgəsində yeganə Premyer Liqa təmsilçisi olan “Xəzər-Lənkəran”ın dağılmasından sonra adıçəkilən bölgədə  futbolun uçuruma doğru getməsindən, çoxlu gənc futbolçuların kənarda qalmasından və digər maraqlı məqamlardan söhbət açdılar.

İlk müsahibimiz hazırda “İnter”in əvəzedici komandasında oynayan  İbrahim Qədirzadə oldu.

“Mən 1999-cu il martın 21-də Lənkəran şəhərində anadan olmuşam. Futbola məktəbdə oxuduğum vaxtlarda gəlmişəm. 7-ci sinifdə oxuyanda bölgədə məşqçi kimi çalışan Röyal və Xəyal qardaşları məni “Zirvə” klubuna apardılar. Ordan da “Xəzər-Lənkəran” klubuna keçdim və 4 il də orada oynadım”.

“Futbola cənub bölgəsində başlamısan, bir gənc olaraq həmin bölgədə futbolun və futbolçunun inkişafı üçün nə kimi imkanlar var ?   

-O bölgədə yaxşı futbolçular yetişib və həmin futbolçuların əksəriyyəti də əsas komandada olmasa da, “Xəzər-Lənkəran”ın əvəzedici komandasında uzun müddət oynayıblar. Elə futbolçular olub ki, seçim üçün kluba gəliblər, potensiallarına baxılıb, bəyənilən futbolçular komandada qalıb karyerasını davam etdirib, seçilməyənlər isə ya başqa kluba gediblər, ya da ki futbolu tərk ediblər. Mən “Xəzər-Lənkəran” klubunda oynamışam və burada hər bir şərait var idi. Hətta Masallıdan, Cəlilabaddan belə futbolçular Lənkəran klubunda oynamaq üçün gəlirdi və hər bir futbolçu üçün yaxşı şərait yaradılırdı. Amma onu da deyim ki, yaxşı şəraitdən əlavə nöqsanlar da olurdu. Bu da ki, hər bir işdə olur.

Dedin ki,“Xəzər-Lənkəran”da 4 il oynamısan. O komandanın heyətinə düşmək çətin idimi?

-Çox çətin idi. Seçimlərdə bəyəniləndən sonra həmin mövsüm kapitan oldum. Onu da deyim ki, mən o klubda fəaliyyətimə U-15 komandasından başladım və son olaraq əvəzedici komandada futbol oynadım. “Xəzər-Lənkəran” klubu mənim üçün böyük məktəb oldu.

Bir futbolçu olaraq “Xəzər-Lənkəran” klubuna gələndə hansı arzuların və hədəflərin var idi ?

-Aşağı yaş komandalarında oynayanda da hədəfim o idi ki, “Xəzər-Lənkəran”ın əsas komandasında oynayım. Bunun üçün çox çalışırdım, komandanın yaxşı vaxtında olmasa da, son dönəmlərdə buna nail ola bildim. Həmin vaxtı orada çox yaxşı çıxış edirdik. Hansısa oyunda 1-0 hesabı ilə uduzsaq da, yaxşı oyun göstərə bilirdik. Mən heç inanmırdım ki, “Xəzər-Lənkəran” klubu dağıla və gəlib “İnter” klubunda oynayaram. Əgər klubun  U-19 komandası qalsa idi, mən orada qalıb çıxışımı davam etdirəcəkdim. Çünki yenə deyirəm ki, o klubun mənim futbolçu kimi formalaşmağımda böyük rolu olub.

Sizcə, “Xəzər-Lənkəran” klubu dağılandan sonra o bölgənin futboluna necə təsir etdi ?

-Çox pis təsir göstərdi. Tanıdığm futbolçular var idi, onlardan əksəriyyəti futboldan uzaqlaşdılar. Az halda futbolçu başqa kluba transfer olundu. Hətta elələri var idi ki, digər komandalara getmək istəmirdilər.“Xəzər-Lənkəran” klubunun dağılması Azərbaycan futboluna mənfi təsir etdi. Bilirsiniz ki, o klubun azarkeşləri çox möhtəşəm idi, klubun dağılması azarkeşləri də məyus etdi.

“Xəzər-Lənkəran”ın ən yaxşı dövrləri hansı illəri əhatə edib ?

-Mənim fikrimcə, “Xəzər-Lənkəran” Mirça Rednikin baş məşqçisi olduğu vaxtda daha yaxşı çıxış edib. O, çox əzmkar bir komanda qurmuşdu.

Hazırda “İnter”in əvəzedici komandasında oynayırsan. Bu komanda ilə neçə illik müqavilə var ?

-2 illik müqavilə imzalamışam. İndi Fizuli Məmmədovun başçılığı altında əvəzedici komandada oynayıram. Futbolçu olaraq istəyirəm ki, çox çalışım və böyük klublarda oynayım. 

 

Növbəti müsahibimiz də hazırda “İnter”in əvəzedici komandasında oynayır. Həmin futbolçu isə Yusif  Həsənovdur.

“ Mən 1999-cu ildə Masallıda rayonunda anadan olmuşam və futbola da burada başlamışam. Ardıyca Bakıda futbol turnirlərində iştirak etdim, 2013-cü ildə isə “Xəzər-Lənkəran”a dəvət olundum. Bu klubda ilk öncə U-16 komandasında oynamışam. Sonra əvəzedici və əsas komandada çıxış etmişəm”.

 

“Xəzər-Lənkəran” kimi komandada oynamısan. O klubun yenidən geri qayıtmasına fikrin necədir?

-Çox istərdim ki, o komanda yenidən bərpa olunsun. Əgər belə bir şey reallaşsa, istəyərəm ki, yenidən “Xəzər-Lənkəran”a geri dönüm.

Masallıda futbola başlamısan və sonradan Lənkərana gəlmisən. Masallı rayonunda futbolçunun yetişməsi üçün şərait varmı ?

-Masallıda yaxşı futbolçular var,amma şərait olmadığına görə futbol oynamırlar.

Sizin “İnter”lə müqaviləniz neçə ildir?

-3 illik müqavilə bağlamışam.

Rüfət Nadirli

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir. 

                                            

 


Xəbər xətti