Sportarena.az
25 Aprel 2017

Aleksandr Çertoqanov: "Premyer Liqada oynamaq indi daha çətindir"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqillik qazandıqdan sonra keçirilən ilk milli çempionatlarımızda legionerlərə rast gəlmək demək olar ki, mümkün deyildi. Amma son 14-15 ildə legioner futbolçuların Azərbaycana axını adi hal alıb. Bu gün Premyer Liqa təmsilçilərini gəlmələrsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanda top qovan əcnəbi futbolçulardan az qismi indiyə kimi nəyləsə yadda qalıb. Bəziləri isə hətta yığma səviyyəsinə kimi yüksələ bilib. Başqa sözlə milliləşdirilib. Onlardan biri ukraynalı futbolçu Aleksandr Çertoqanovdur. Bir vaxtlar yığmamızın əvəzolunmazlarından hesab edilən Saşa 2004-cü ildə ölkəmizə, daha dəqiq “Bakı"ya dəvət alıb. Daha sonra “Neftçi", “Simurq", “İnter", “Qəbələ"nin formasını geyinən yarımmüdafiəçinin son klubu “Sumqayıt" idi. Dnepropetrovsk futbol məktəbinin yetirməsi olan 36 yaşlı Aleksandr Çertoqanov hazırda vətənindədir. Deyəsən, futbolla vidalaşıb.

 

- Aleksandr, sən Ukrayna çempionatının 2-ci divizionunda çıxış edərkən, birdən-birə karyeranda böyük sıçrayış oldu. Ölkəmizin aparıcı klublarının heyətində çıxış imkanı yaxaladın, hətta yığmamıza cəlb olundun... “Bakı"ya gəlişin necə oldu?

- Futbolda həmişə necə olur? Azərbaycana Roman Pokoranın dəvəti ilə getmişdim. 2004-cü ilin yay aylarında İvan Mariç adlı menecer mənə Azərbaycana baxışa yollanmağın lazım olduğunu bildirdi. Götür-qoy etdikdən sonra, getməyə qərar verdim. Hadisələrin sonrakı axarı seçimimdə yaılmadığımı göstərdi. Sizin qonaqpərvər ölkəniz ikinci vətənimə çevrildi. 

 

- Azərbaycanın həyat tərzinə alışmaq çətin olmadı ki?

- Çətinlik ailəmdən uzaq olmağımla bağlı idi. Klub tərəfindən mənə hər cür şərait yaradılmışdı, həyat tərzinə uyğunlaşmaqda da hansısa bir problemim olmadı. Orada yaxından tanış olduğum insanlar, dostlar mənə çox kömək etdilər. Əsas odur ki, yerli adət-ənənələrə hörmətlə yanaşasan. 

 

- Saşa, bunu soruşmadan keçə bilmərəm. Azərbaycan mətbəxi səndə necə təəssürat yaratdı?

- Mətbəxiniz barədə o qədər xoş sözlər söyləyə bilərəm ki. Ət yeməkləri və şirniyyatlar xüsusi ilə xoşuma gəlir. Meyvə-tərəvəzin dadı isə bir başqadı. 

 

- Azərbaycan dilində danışılanları anlayırsan?

- Təəssüf ki, azərbaycanca danışa bilmirəm. Ancaq öyrənmək istəyirəm. Çox şeyi başa düşürəm. Orada olan dostlarımın hamısı rus dilində əla danışır, ona görə ünsiyyət baxımından heç bir problem yaşamadım. 

 

- Necə düşünürsən, bizim çempionata gəlişin irəliyə atılan addım idi?

- Açığı, həmin ərəfədə belə düşünmürdüm. Zaman keçdikcə başa düşdüm ki, sizdə futbol yeni inkişaf mərhələsinə qədəm qoyur. Xüsusən idman infrastrukturu baxımından. Əvvəllər səfər matçları zamanı çox əziyyət çəkirdik. İndi artıq belə deyil. Demək olar ki, hər rayonda stadion, baza, otellər var. Azərbaycanlılar çox çalışqandılar. Futbola qoyulan sərmayə zaman keçdikcə öz bəhrəsini verməyə başladı. Məşhur mütəxəssislər və tanınmış futbolçular Azərbaycana gəldilər. Təbii ki, belə olan təqdirdə futbol inkişaf edir. Orada olduğum dönəmdə ancaq irəliyə doğru addım atdım. İstər yığmada, istərsə də klubların heyətində yüksək səviyyəli oyunların iştirakçısı oldum, dünya futbolunun ulduzlarına qarşı oynadım. 

 

- Yığmadan söz düşmüşkən, 2005-ci ildə gözlənilmədən Azərbaycan vətəndaşlığını qəbul etdin. 

- Azərbaycan yığmasında çıxış etmək təklifi aldım. Bu, mənim üçün böyük şərəf və məsuliyyət idi. Dünyanın bir çox güclü yığmasına qarşı forma geyinmək şansını əldən verə bilməzdim. Həmin ərəfədə Ukrayna yığmasına cəlb olunmaqla bağlı pespektiv olmadığı üçün məmnuniyyətlə razılıq verdim. Çünki Ukrayna yığmasında mənim mövqeyimdə Timoşuk, Levçenko, Rotan, Kravçenko, Qarmaş, Stepanenko kimi futbolçular var idi. 

 

- Azərbaycanda 6 komandanın formasını geyinmisən. Onlardan hansını özünə daha doğma sayırsan?

- Oynadığım hər komandanın heyətində gözəl günlər keçirmişəm. Heç vaxt problem yaşamamışam, həmişə yerli futbolçularla əla münasibətlərim olub. Demək olar ki, hər bir komandanın forması ilə istər ölkə çempionatında, istərsə də ölkə kuboku yarışlarında uğurlar qazanmışam. 

 

- Azərbaycan çempionatında çıxış edən ukraynalılarla əlaqə saxlayırsan?

- Vladimir Levinlə tez-tez danışırıq. Onunla birlikdə həm yığmada, həmdə “İnter"də birgə çıxış etmişik. Təəssüflər olsun ki, o karyerasını tez bitirməli oldu. Dizindəki zədə ona daha çox oynamağa imkan vermədi. Volodya ilə yanaşı, digər uşaqlarla da daim əlaqə saxlayıram. 

 

- Çempionatımızın səviyyəsi haqqında nə deyə bilərsən?

- 90-cı illərin sonuna nisbətən çempionatın səviyyəsi yüksəlib. Bunu hər kəs deyir. İndi Premyer Liqada oynamaq daha çətindir. 

 

- Yerli futbolçularda əsas hansı xüsusiyyəti önə çəkmək olar?

- Həmişə olduğu kimi texnikalı futbola üstünlük verirlər. Düşünürəm ki, gələcəkdə azərbaycanlı futbolçular fiziki cəhətdən də avropalılardan geri qalmayacaqlar. 

 

- Heç yığmada uğursuz çıxış etdiyin zaman azarkeşlər səni fitə basıb? 

- Etiraf edim ki, olub. Var gücünlə oynamayanda, onlar sanki hiss edirdilər. 

 

- Bu ilin yayında karyeranı bitirdin. Qəti qərarındır?

- Əlbəttə, daha bir neçə il oynamaq istərdim. Gücüm var, ancaq artıq meydandakı missiyamı bitmiş sayıram. 

 

- Ölkəmizdə 300 oyunda meydana çıxan nadir futbolçulardan biri ola bilərdin. 

- Heç vaxt statistika haqqında düşünməmişəm. Əsas odur ki, uzun müddət yüksək səviyyədə çıxış etdim. 

 

- Karyeranda qarşılaşdığın ən çətin rəqib hansı komanda olub?

- Almaniya çox güclüdür. Bundestim bütün planlarda mükəmməl təşkil olunmuş komandadır. Ayrıca futbolçulara gəldikdə isə belçikalı Eden Azarın, almaniyalı Mixael Ballakın, portuqaliyalı Ronaldonun adını çəkə bilərəm. 

 

- Hazırda nə işlə məşğulsan?

- Hələki bekarçılıqdır. Dnepropetrovskda yaşayıram. Ancaq Bakı mənim ikinci evim, Azərbaycan isə ikinci vətənim olaraq qalacaq. 

 

Söhbətləşdi: Araz ƏHMƏDOV
 “Het-trik news” qəzeti

Tarix
18.12.16 [13:18]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

25 Aprel
24 Aprel 

Facebook

Sorğu

Azərbaycan Premyer Liqasının qalibi hansı komanda olacaq?
 "Qarabağ"
 "Qəbələ"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio