"Qarabağ" rekordun bir addımlığında dayandı

11:55 19 Dekabr 2016

“Qarabağ” mövsümdə ilk dəfə ev oyununda xal itirib.
 
Sportarena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XIV turunda baş verib. “İnter”lə qarşılaşan Ağdam təmsilçisi meydanı 1 xalla tərk edib – 0:0.
 
Əyalət klubu bunadək cari çempionatın bütün ev oyunlarında qələbə qazanmışdı. “Neftçi” (3:0), AZAL (6:0), “Zirə” (2:0), “Sumqayıt” (3:0), “Kəpəz” (1:0) və “Qəbələ” (2:1) üzərindəki qələbələr ötən mövsümdən başlayan seriyanın davamı olub.
 
Belə ki, “Qarabağ” 2015/16 mövsümünün ikinci yarısında da öz meydanında xal itirməmişdi. “Xəzər Lənkəran”ı 3:0, “Neftçi” və “Zirə”nin hər ikisini 2:0, “Rəvan”ı 5:1, “Kəpəz”i 4:0, “İnter”i 2:0, “Sumqayıt”ı 1:0, “Qəbələ”ni 2:0 və AZAL-ı 3:0 yenən Qurban Qurbanovun komandası yeni mövsümə 9 matçlıq qələbə seriyası ilə başlamışdı. 
 
“Qarabağ”ın “İnter”ə qədərki son ev itkisi 2015-ci ilə təsadüf edib. Dekabrın 19-da “Qəbələ” ilə qollu heç-heçə (1:1) edən ağdamlılar 364 gündən sonra öz meydanında qalib gələ bilməyib. 2016-cı ildəki ilk və yeganə xal itkisinə qədər ardıcıl 15 qələbə qazanan komanda klubun tarixində 2-ci nəticədir. Əyalət təmsilçisi 1992-93-cü illərdəki 16 oyunluq qələbə seriyasının 1 addımlığında dayanıb. “Qarabağ”ın indiki nailiyyəti isə Azərbaycan çempionatlarının tarixində 7-ci nəticədir.

 


Digər xəbərlər

Xəbər xətti