Toğrul Əsgərov 52, Mariya Stadnik isə 69 min dollara Hindistan klubuna keçdilər

23:10 19 Dekabr 2016

Hindistanda 6 yerli komandanın mübarizə aparacağı Peşəkar Güləş Liqası yarışı ikinci mövsümün startı ərəfəsindədir. Turnir Azərbaycan pəhləvanları üçün də əlamətdardır. Ötən mövsüm yalnız Yuliya Ratkeviçin iştirak etdiyi yarışda bu dəfə daha 3 idmançımız qoşulacaq.

Reqlamentə uyğun olaraq komandaların heyətinə 5 yerli, 4 legioner güləşçi daxil edilməlidir. Turniröncəsi Dehlidə təşkil olunan hərracda təmsilçilərimiz bahalı transferlər sırasında qərarlaşıblar. 48 kq çəki dərəcəsində son 3 Yay Olimpiya Oyunlarının mükafatçısı, dünya və Avropa çempionu Mariya Stadnik auksionda 69 min ABŞ dollarına “Manqalayatan Universitet Dilli Vir” komandasının heyətində çıxış edəcək. 

Yeri gəlmişkən, bu, ən bahalı ikinci transferdir. London olimpiadasının qalibi, Rio-2016-nın gümüş mükafatçısı, 57 kq-da yarışan Toğrul Əsgərov isə 52 min dollar qarşılığında “Pəncab Royals” komandasının şərəfini qoruyacaq. 74 kq çəkidə Rio olimpiadasının 3-cüsü Cəbrayıl Həsənov 63 min dolların müqabilində “Mumbai” komandası ilə anlaşıb.

Beləliklə, güləçilərimiz ümumilikdə 184 min ABŞ dolları qazanıblar. 

Sonda qeyd etmək yerinə düşər ki, Hindistanda təşkil olunacaq Peşəkar Güləş Liqası gələn il yanvarın 2-də başlanacaq və qaliblər 17 günlük mübarizənin yekununda müəyyənləşəcək.


Digər xəbərlər

Xəbər xətti