"Qarabağ"ın futbolçusu ilin ən yaxşı legioneri seçildi

15:07 20 Dekabr 2016

İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin qalibləri-2016" layihəsi çərçivəsində "İlin əcnəbi idmançısı" nominasiyası üzrə qalib müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, bu, "Qarabağ" klubunun və Albaniya millisinin futbolçusu Ansi Aqollidir. 


34 yaşlı müdafiəçi klubunun Premyer Liqanın qızıl medallarını və Azərbaycan Kubokunu qazanmasında, Avropa Liqasının qrup mərhələsinə yüksəlməsində roluna və Azərbaycan klubunu 2016-cı il Avropa çempionatında təmsil edən yeganə legioner olduğuna görə təltif olunub. Sorğuda iştirak edən 57 idman jurnalistindən 19-u (33 %) ona səs verib. "Qəbələ"nin xorvatiyalı legioneri Filip Ozobiç 16 səslə ikinci yeri tutub. "Qarabağ"ın braziliyalı və ispaniyalı legionerlərindən Riçard Almeyda 8, Dani Kintana 7, "Qəbələ"nin fransalı hücumçusu Baqali Dabo 3 səs yığıb. "Azəryol"dan "Azərreyl"lə keçən tailandlı qadın voleybolçu Malika Kanzonq 2, "Synergy Baku" velosiped komandasının sloveniyalı üzvü Matey Müqerli və "Qarabağ"ın bosniya və herseqovinalı qapıçısı İbrahim Şehiç hərəyə 1 səs toplayıb. 


Aqolli Bakıda olmadığından, mükafat klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova təqdim olunub. Bunu Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov həyata keçirib. (sportnet.az)


Digər xəbərlər

Xəbər xətti