"Qəbələ"nin debütantı: "Bu, mənim özümdən asılıdır"

00:32 23 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la Bakıda keçirilən cavab oyunu iki futbolçunun “Qəbələ”nin əsas komandasında debütü ilə əlamətdar olub. İkinci hissənin sonlarında meydana çıxan Ramil Hasanovla Fərid Nəbiyev “qırmızı-qaralar”ın heyətində ilk rəsmi matçlarında iştirak ediblər. Bu görüşədək ümumilikdə 209 futbolçuya güvənən "Qəbələ"nin tarixinə Hasanov 210-cu, Nəbiyev 211-ci kimi daxil olub.
 

Sportarena.az xəbər verir ki, 17 yaşlı sonuncu debütü haqda fikirlərini klubun saytına açıqlayıb:
 
“Əsas komandada debüt etdiyim üçün sevincliyəm. Göstərdikləri etimada görə bütün məşqçilər korpusuna təşəkkür edirəm. İlk dəfə bu komandada oynamağıma çox şadam. Etiraf edim ki, meydana daxil olanda bir az həyəcan var idi. Bu da ilk oyunum olması ilə bağlıdı. Amma həyəcanlı olsam da, tam hazır idim. Şans qazanmağım mənim üçün gözlənilməz deyildi. Çünki “18-liy”ə düşən hər bir futbolçu istənilən an meydana çıxmağa hazır olmalıdı. Əlbəttə, meydana daha tez çıxıb, çox oynamaq istəyərdim. Hər oyunçu da istəyir ki, meydanda çox şans qazansın”.  
 
Gənc hücumçu AZAL-la matç haqda da fikirlərini bildirib:
 
“Meydançanın ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bu üzdən oynamaq çətin idi. Həm də yaratdığımız qol imkanlarından istifadə edə bilmirdik. Buna görə də çətin qələbə qazandıq”.
 
Hazırda U-19 milli komandasının heyətində təlim-məşq toplanışında olan Nəbiyev qış fasiləsindən sonra əsas komandada möhkəmlənməyə çalışacağını qeyd edib:
 
“Yanvarın 22-dək yığmanın düşərgəsində olacam. Bu üzdən klubla qış təlim-məşq toplanışına qatıla bilməyəcəm. Amma Qəbələyə qayıdandan sonra çalışıb, üzərimdə işləyəcəm ki, əsas komandada möhkəmlənim. Bu, mənim özümdən asılıdı. Öz üzərimdə daha çox çalışmaqla buna nail ola bilərəm”.


Digər xəbərlər

Xəbər xətti