İspan məşqçi Qarabağın işğalından danışdı

10:31 25 Dekabr 2016

"Qarabağ"ın ispaniyalı məşqçisi Ruben Selles ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az "Deportes" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı mütəxəssis "Qarabağ" klubundan danışıb:

 

“Qarabağ” yeganə komandadır ki, 20 ildən çoxdur ev oyunlarını doğma şəhərində keçirmir. Son üç ildə ölkə çempionu olan klub Çempionlar Liqasın və Avropa Liqasınının oyunlarını paytaxtda keçirir. Artıq 20 ildən çoxdur ki, bu, belədir. 1993-cü ildə müharibə zamanı Ağdam şəhəri işğal olunub və qaçqın statusu alıb.

 

1993-cü ildə işğal olunan şəhərdə 150 min dinc sakin öz dədə-baba yurdundan qovulub. Şəhər məhv edilib və xarabalığa çevrilib. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faizi Ermənistan tərəfindən işğal edilib. 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. 

 

“Qarabağ”ın stadionu müharibə zamanı ermənilər tərəfindən dağıdılmışdı. Klub işğaldan sonra 1993-cü ildə ölkə çempionu oldu. Komanadnın məşqçisi olan Allahverdi Bağırov Dağlıq Qarabağ müharibəsində baş komandan olub. O, Ağdam şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Bağırov klubdan ayrılaraq müharibəyə yollanmışdı. Hər il klub milli qəhrəmanın xatirəsini yad edir, stadionlarda banner asılır.

 

Klubumuzun prezidenti Tahir Gözəl və onun atası “Azersun” şirkətinin yaradıcılarıdır. 2001-ci ildən komandaya nəzarət edirlər. Onlar bütün Avropaya, eləcə də dünyaya Qarabağ həqiqətlərini göstərməyə, bu torpaqların Azərbaycana məxsus olduğunu nümayiş etdirmək üçün çalışırlar.

 

“Qarabağ”ın ləqəbi “atlılar”dır. Məcburi olaraq ev oyunlarımızı Bakıda keçiririk. Avrokuboklar oyununu Tofiq Bəhramov adına Respublika stadionunda, daxili çempionat matçlarını isə yeni istifadəyə verilən “Azersun Arena”da keçiririk. Son 3 mövsüm klubumuz üçün çox uğurlu alınıb. Baş məşqçi Qurban Qurbanov ölkə futbolunda inqilab edib. Onun rəhbərliyi altında “Qarabağ” uzun illərdir ki, sabit oyun nümayiş etdirir. Qələbələrin memarı məhz odur. Təbii ki, klubların inkişafı millinin də uğurlarına təsir edir. Azərbaycan yığması Robert Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhələsində 4 oyundan sonra 7 xal toplayıb. Bu, Azərbaycan üçün əla nəticədir.

 

Komandamızda iki ispaniyalı futbolçu var. “Sportinq” Xixon və “Xetafe”nin sabiq futbolçusu Migel Markos Madera və İspaniyanın bəzi klublarında çıxış edən Dani Kintana “Qarabağ”ın uğurları üçün çalışırlar. Kintana bu il Avropa Liqasında qrup mərhələsinin 3-cü turunda həftənin ən yaxşı futbolçusu seçilmişdi. Bundan əlavə, o, ötən il ölkə çempionatında bombardir olub.

 

“Qarabağ”da qaçqın ailələrinin uşaqları oynayır. Kapitan Rəşad Sadıqov və digərləri. Komandada müharibə zamanı həlak olanların övladları da çıxış edir.

 

1994-cü ildə rəsmi atəşkəs imzalanıb. Amma buna baxmayaraq cəbhə bölgəsində atışmalar olur və hər iki tərəf itkilər verir. Döyüşlər Bakı şəhərindən uzaqdadır. Ancaq bu gərginlik insanların həyatında büruzə verir.

 

Bildiyiniz kimi, Almaniyanın “Borussiya” klubu “Qəbələ” ilə Avropa Liqasında keçirdiyi oyun üçün erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməmişdi. Dortmund təmsilçisi bunu təhlükəsizlik üçün etdiyini söyləmişdi.

 

Azərbaycan ərazilərinin sülhlə qaytarılmasının tərəfdarıdır. Klubun da bu mövqeyi ortaya qoymasını qeyd etməliyəm. Azərbaycan işğal olunmuş torpaqlarının geri qaytarılması üçün danışıqların aparılmasına üstünlük verir.

 

Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi olan Ruben Selles 1,5 ildir "Qarabağ"da çalışır.


Digər xəbərlər

Xəbər xətti