"İnter"in yeni himayədarı müəyyənləşdi

19:05 25 Dekabr 2016

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2004-cü ildən himayəsinə götürdüyü "İnter"lə ilişkilərini tamamilə kəsib. Məlumata görə, ABB klubu maliyyələşdirməkdən imtina edib.

 
Bu, Elmar Məmmədovun Azərbaycanın ən böyük bankının İdarə Heyətinin sədri postundan uzaqlaşdırılmasından sonra baş verən yeniliklərin davamıdı. Amma bu, o demək deyil ki, "İnter" fəaliyyətini dayandıracaq. "Bankirlər" başqa sponsorun tabeçiliyinə verilib. 


Sportarena.az xəbər verir ki, artıq yeni himayədarın adı müəyyənləşib. Bu, SOCAR-dı. Premyer Liqada "Neftçi", "Kəpəz" və "Sumqayıt"ı, I Divizionda isə 6-7 klubu maliyyələşdirən neft şirkəti "İnter"i, belə adlandırmaq olarsa, heç nəsiz əldə edib. Azərbaycan Beynəlxalq Bankının hələ Cahangir Hacıyevin vaxtından, 8-9 il olar ki, SOCAR-a borcu yaranıb və indi də bunu ödəmək iqtidarında deyillər. ABB klubu həmin borcun əvəzinə sözügedən şirkətə verib.


Artıq "İnter"in həm idarəetməsi, həm də maliyyələşməsi SOCAR-dandı. Prezident postunda Rəşad Qasımovu əvəzləyən Azər Əliyevin də neft şirkətinin rəhbərliyinə yaxın olduğu bildirilir. Hərçənd rəsmi açıqlamada onun “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin qərarına əsasən, bu vəzifəyə gətirildiyi qeyd edilir. Ki, bu da həqiqətdən uzaqdı.  

 
1977-ci il təvəllüdlü Azər Əliyevin son iş yeri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu” İdarəsi rəisinin müavini vəzifəsi olub. O, ictimai fəaliyyət kimi 2010-cu ildə Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti vəzifəsində də çalışıb, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyası ilə əməkdaşlıq edir.
 

"Atəşgah" sığorta şirkətindən SOCAR başbilənlərinə yaxınlaşan A.Əliyevin adı həmçinin Sadıq Sadıqovla - "Neftçi"PFK-nın keçmiş, "Neftçi" İdman Klubunun yeni prezidenti ilə yanaşı çəkilir. Bildrilir ki, bu iki şəxsin yaxın münasibətləri var və Əliyev məhz Sadıqovun vasitəsilə Rövnəq Abdullayevin çevrəsinə yol tapıb. (Sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti