Ağır atletika üzrə beynəlxalq turnir başa çatdı - VİDEO

14:55 26 Dekabr 2016

Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında “Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş” ağır atletika üzrə beynəlxalq turnir keçirilib. Sayca 16-cı olan bu turnir ikinci dəfə beynəlxalq status daşıyıb.Əvvəlcə turnirin açılış mərasimi baş tutub.Mərasimi giriş sözü ilə “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti, Azərbaycan ağır atletika yığmasının baş məşqçisi Tofiq Heydərov açıb. O, hər kəsi salamlayandan sonra Milli qəhrəman, sabiq ağır atlet Fəxrəddin Şahbazovun xatirəsinin həmişə uca tutulmasının vacibliyini, belə turnirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.Daha sonra söz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova verilib. O, şəhidlərin ruhuna nümayiş etdirilən hörmətin belə yüksək olmasını təqdir etdiyini bildirib. Mərasimdə “Azərbaycan Televiziyası və Radiosu” QSC-nin Həmkarlar İttifaqının sədr mavini Mübariz Süleymanlı da çıxış edib. Sonda bir neçə xatirə plaketləri və hədiyyələri təqdim olunub. Onlardan ən yaddaqalanı Fəxrəddin Şahbazovun nəvəsi, babasının xatirəsinə adı verilmiş balaca Fəxrəddinlə bağlı olub. Belə ki, Azərbaycan ağır atletika yığmasının baş məşqçisi Tofiq Heydərov ona ağır atletika milli komandasının forması və bu yarışın ilk qızıl medalını təqdim edib. Mütəxəssis Fəxrəddinə babasının yolunu davam etdirməsini arzulayaraq, ömrünün sonuna qədər ağır atletika ailəsinin üzvü olacağını bildirib.Sonra Azərbaycan Respublikasının dövlət himni çalınaraq yarışlar açıq elan edilib. Turnirin birinci günündə 17 yaşadək qızların yarışı baş tutub. Həmin gün idmançımız Səbinə Əzimova qızıl medala layiq görülüb.Yarışın ikinci günündə əvvəlcə 17 yaşadək oğlanlar mübarizəyə qoşulublar. Turnirdə inamlı təsir bağışlayan idmançımız İsa Rüstəmov qızıl medala layiq görülüb. Daha bir idmançımız Hüseyn İsmayılov gümüş, moldovalı Udor Çobanu isə bürünc medallara sahib olublar.İyirmi yaşadək kişilərin yarışında Avropa və dünya çempionatlarının mükafatçıları mübarizə aparıblar. Sonda qızıl medala ukraynalı atlet Volodimir Hoza layiq görülüb. Gürcüstanlı atlet Georgi Çxeidze ikinci, Azərbaycan təmsilçisi Kənan Əliquliyev üçüncü yeri tutub.On yeddi yaşdan yuxarı qadınlar arasında mübarizədə altı ölkənin təmsilçiləri güclərini sınayıblar. Hamıdan üstün olan Gürcüstan təmsilçisi Anastasiya Qotfrid fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı Natalya Prişepa, bürünc medalı isə Azərbaycan atleti Anastasiya İbrahimli qazanıb.Güclü ağırlıqqaldıranların yarışı da gərgin idman mübarizəsi şəraitində keçib. Mübarizənin sonunda qızıl medalı ümumilikdə 380 kiloqram çəkini qaldıraraq 429,34 xal toplayan ukraynalı atlet Dmitro Çumak əldə edib. Gümüş medal gürcüstanlı atlet Revaz Davitadzeyə (333 kq və 402,75 xal), bürünc medal isə moldovalı Sergey Çekirə (301 kq və 402,69 xal) nəsib olub. Körpücüyə son olaraq veteran atletlər çxıblar. Ustaların yarışında qızıl medalı Salih Süvar əldə edib. Gümüş medalı Azərbaycan təmsilçisi Vladimir Jilyayev qazanıb. Bürünc medal isə israilli Tolik Muşikə qismət olub. Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olan soydaşlarımızın xatirəsinin əziz tutulması, Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliğ və inkişaf etdirməsi, ən güclü idmançıların aşkar olunması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışın hazırlanması, təşkili və keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilib.Yarışda Azərbaycanla yanaşı, daha 12 ölkədən ağırlıqqaldıranların çıxışı olub. Yarışın ardınca bağlanış mərasimi reallaşıb. İl ərzində fərqlənən idmançılar mükafatlara layiq görülüblər. Mərasim tannınmış müğənnilərin ifaları ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti