"Xəzər-Lənkəran"ın olmaması o bölgənin hər hansı bir istedadlı futbolçusunun kənarda qalması deməkdir" - LAYİHƏ

00:10 28 Dekabr 2016

“Sportarena.az” saytı “Cənub futbolu : resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. Artıq 6 aydan çoxdur ki, bu bölgə üzrə yazılar və müsahibələri davam etdirir, cənub bölgəsinin rayonlarına mütəmadi səfərlər təşkil edirik. Ötən dəfəki yazımızda o bölgədə futbola başlamış gənc futbolçularla həmsöhbət olmuşduqsa, bu dəfə isə vaxtilə cənubda futbol oynamış və hazırda məşqçi kimi çalışan iki qardas – Fizuli və Xaqani Məmmədovla görüşdük.

İlk öncə söhbətə Fizuli Məmmədovla başladıq. Gənc mütəxəssis “Xəzər-Lənkəran”ın fəaliyyətinin dayandırılmasına təəssüfləndiyini dilə gətirərək o bölgədə çoxlu potensiallı futbolçuların olduğunu da qeyd edib :

“Biz “Xəzər-Lənkəran”da oynayanda o klubun stadionunun heç tikintisi belə getmirdi, o klubun bütün problemlərini görmüşük. Amma sonradan klubda böyük işlər görüldü – stadion tikildi,futbolçular üçün hər bir şərait yaradıldı. Hal –hazırda “Xəzər-Lənkəran” Azərbaycan Premyer Liqasında fəaliyyətini dayandırıb.Bu da bizim üçün çox üzücü haldır. Əlbəttə, “Xəzər-Lənkəran”da çoxlu futbol məktəblərinin açılması önəmli idi ki, cənub futbolu inkişaf etsin. Cənub bölgəsində çox istedadlı futbolçular var. Son illərdə o klubda uşaq futboluna diqqət ediləndən sonra nə qədər gənc futbolçu üzə çıxdı, aşağı yaş qruplarının milli komandalarına baxdıqda görürük ki, hər bir yaş qrupunda “Xəzər-Lənkəran” Akademiyasından çıxmış futbolçular oynayır. Həmin gənc oyunçular çox istəkli uşaqlardır, onların xarakterləri elədir ki, məğlub olmağı sevmirlər. Məşqçilər həmişə belə futbolçulara çox üstünlük verirlər. Bilirsiniz ki, hazırda mən “İnter”in əvəzedici komandasının baş məşqçisiyəm və bu klubda da “Xəzər-Lənkəran”da oynamış iki futbolçu – İbrahim Qədirzadə və Yusif Həsənov oynayır. İbrahim Qədirzadə həm də Azərbaycan Premyer Liqasında 20 –dən çox oyun da keçirib. O elə bir futbolçudur ki, meydanda məğlub olmağı sevmir, böyük futbolçu olmaq istəyi həddindən artıq çoxdur. Bu dəqiqə Azərbaycan futbolunda belə istedadlı gənclərə böyük ehtiyac var. Bir də onu deyim ki, “Xəzər-Lənkəran”da son zamanlar az da olsa uşaq futboluna diqqət var idi və bu amili daha da artırsalar,Lənkərandan çox gözəl futbolçular çıxar. Bunun üçün də meydançalar olmalıdır, həmin futbolçular üçün yaxşı şərait yaradılmalıdır. “Xəzər-Lənkəran” ən yaxşı vaxtlarında cənub bölgəsinin bir çox rayonlarında akademiyalar açmalı idi, necə ki bunu “Qəbələ” klubu edir. O klubun uşaq akademiyasında şərait çox yaxşıdır, onların bölgələr üzrə skaut məşqçiləri var ki, istedadlı futbolçuları seçib akademiyaya cəlb edirlər. Hamımız bilirik ki, cənub bölgəsində bir neçə rayon və şəhər var. Hər bir rayonda, yaxud da şəhərdə uşaq akademiyası üçün bir və ya iki sadə meydança olsa idi, potensialı olan uşaqları seçib “Xəzər-Lənkəran” akademiyasına gətirmək olardı. Bu da gələcək “Xəzər-Lənkəran”ın sanki bir təməli olardı. O bölgədə valideynlərin arzusudur ki, uşaqları futbolçu olsun və “Xəzər-Lənkəran”da oynasın, çünki onlar futbolla nəfəs alırlar. Mən onların istəklərini oyunlar zamanı görmüşəm, onlar “Xəzər-Lənkəran”ın oyunlarına necə həvəslə gəlirdilər”.

Bu zaman söhbətə digər gənc mütəxəssis Xaqani Məmmədov da qoşulur :


“Çox təəssüf ki, “Xəzər-Lənkəran” Azərbaycan Premyer Liqasında iştirak etmir. Halbuki ilk olaraq Azərbaycan çempionatına rəng qatan “Xəzər-Lənkəran” olmuşdur. Biz “Xəzər-Lənkəran”da oynadığımız dövrdə o bölgənin insanları ilə çox ünsiyyətdə olmuşuq, indi də xeyli dostlarımız var. “Xəzər-Lənkəran”ın hər ev oyununda stadion tamamilə azarkeşlərlə dolu olardı.Bu gün belə azarkeşləri olan bir klubun olmaması Azərbaycan futbolu üçün mənfi haldır. “Xəzər-Lənkəran” klubunda çoxlu istedadlı futbolçular var idi. Klub Azərbaycan Premyer Liqasında iştirakını dayandırandan sonra futbolçuların bir çoxu başqa klublara üz tutdular, məyus oluram ki, həmin futbolçular öz doğma klublarında oynamırlar”. 
Bu zaman Fizuli Məmməədov maraqlı bir mövzuya toxunaraq söhbətə başlayır. O hazırda klubun aşağı yaş qruplarında oynayan futbolçuların gələcək üçün heç bir hədəflərinin olmadığını vurğulayır, çünki klubun nə əvəzedici komandası var, nə də ki əsas komandası. Keçmiş futbolçu bunu yaxşı hal hesab etmir :
“Xəzər-Lənkəran”ın olmaması o bölgənin hər hansı bir istedadlı futbolçusunun kənarda qalması deməkdir. Mən istərdim ki, klubun aşağı yaş qruplarına diqqət daha da çox olsun, oraya bilikli mütəxəssislər cəlb olunsun. Elə o bölgənin özündə də xeyli peşəkar mütəxəssislər var. Aşağı yaş qruplarında yetişən futbolçular istəyər ki, gələcəkdə də “Xəzər-Lənkəran” klubu üçün oynasınlar. Klubun əsas komandası olmayanda o futbolçular məcburdular ki, başqa klublara üz tutsunlar. Çox istərdim ki, “Xəzər-Lənkəran”ın əsas komandası bərpa olunsun. Həm də klub Akademiyaya daha çox nəzarət etməlidir, qoy oradan yaxşı futbolçular yetişsin və onlar gələcəkdə milli komandamızda oynaya bilərlər. Misal üçün, Elnur Cəfərov adlı futbolçu var ki, milli komandanın yaş qruplarında oynadı, əsas milli komandaya da namizəd bir futbolçudur və bilirik ki, xarici klubda da oynayır. Son 1-2 ildə Akademiyaya diqqətin artırılması ilə nə qədər istedadlı futbolçular üzə çıxdı, təkcə Elnur Cəfərov olmadı, İbrahim Qədirzadəni də, Yusif Həsənovu da, digərlərini də göstərmək olar, ola bilsin indi bəzilərinin adlarını xatırlaya bilmirəm. “Xəzər-Lənkəran”ın əsas komandası yenidən bərpa olunsun, mən deyərdim ki, heyətini lənkəranlı futbolçularla tamamlaya bilər.“Xəzər-Lənkəran”ın əsas komandasının son heyətinə baxsaq, demək olar ki, 70-80% heyət yerli futbolçulardan təşkil olunmuşdu. Həmin komanda dağılandan sonra həmin futbolçuların 20%-i başqa klublara getdilər, digərləri isə qaldı futbolsuz. Bunun üçün “Xəzər-Lənkəran”ın əsas komandası tez bir zamanda geri qayıtmalıdır və o bölgədə futbolu yaşatmaq lazımdır. Çünki cənubda çoxlu potensiallı futbolçular var”.
Söhbətin davamında Xaqani Məmmədov daha bir neçə maraqlı məqama toxundu :
“Əvvəllər o bölgədə Cəlilabadın da komandası olub, Masallının da, Lənkəranın da. Həmin vaxtı o komandaların olması bölgədə xeyli futbolçuların yetişməsinə gətirib çıxardı. O bölgə üzrə 2-3 rayonda klub yaratmaq və onların akademiyalarını qurmaq lazımdır. Misal üçün, Cəlilabaddan olan futbolçu elə öz rayonunda oynayar, məşq edər, Masallıdan olan futbolçu da öz rayonunda. Biz futbolun inkişafından danışırıqsa, hər bölgədə futbol olmalıdır, hər bölgədə klub və akademiya olmalıdır."
Söhbətin sonunda hər iki futbolçu o klubla olan xatirələrindən danışdılar : 
Fizuli Məmmədov : “O klubla çox xoş xatirələrim olub. Mənim üçün ən yaddaqalan il isə “Xəzər-Lənkəran”ın çempion olan ilidir. Həmin ili klub həm də ölkə kubokunu qazandı. Həmçinin “Xəzər-Lənkəran” yanvar ayında da “Birlik Kuboku”nu əldə etdi. Biz o vaxtı çempion olanda azarkeşlər o qədər sevinirdilər ki, gözlərindən yaş gəlirdi,hətta mən də sevincdən ağlamışdım. Xatırlayıram ki, hakim fiti verən kimi bütün Lənkəran azarkeşləri meydana axışdı, futbolçuları bir-bir qaldırdılar çiyinlərinə.Məni qaldırdılar göyə və bu zaman biri şortikimi çıxardı, biri də futbolçu maykamı, yəni göydə çıxartdılar və ondan sonra məni gətirdilər soyunub-geyinmə otağına. O azarkeşlər həmin anda dəhşət sevinirdilər. Ən yaddaqalan məqamlardan biri də “Birlik kuboku”nda final oyunu idi. Orada möhtəşəm atmosfer var idi, tribunalar hamısı ağ-yaşıl rəngə bürünmüşdü. Hakim final fitini verdiyi zaman, azarkeşlərdən dəhşət sevinc səsi gəldi. Yadıma gəlir, həmin oyunu izləməyə klubun fəxri prezidenti Mübariz Mənsimov da gəlmişdi, səfirimiz olan Polad Bülbüloğlu da oyunu izləyirdi. AFFA prezidenti Rövnəq Abdullayev də həmin oyunda idi. Bizi təbrik etdi və komandamızın qələbəsinə mükafat da vermişdi. Və Bakıya qayıdanda hava limanında çoxlu lənkəranlı azarkeşlər bizi coşqu ilə qarşıladılar”.
Xaqani Məmmədov : “Mənim də xoş xatirələrim olub. Biz qələbə qazanda azarkeşlərin sevinclərini görürdüm, bu çox ürəkaçan mənzərə idi. Bunu yaşamaq lazım idi və biz də bunu yaşamışıq. Arzu edirəm ki, “Xəzər-Lənkəran”bərpa olsun və Azərbaycan futboluna töhvə versin”.

 

Rüfət Nadirli

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.   

                                               


Xəbər xətti