Ruslan Abışov: "İnter"də xoşbəxtəm"

16:59 30 Dekabr 2016

"İnter"in və milli komandamızın futbolçusu Ruslan Abışov komanda.az saytına müsahibə verib.

 
Sportarena.az həmin müsahibəni təqdim edir:
 

- Son vaxtlar mətbuatda “Neftçi”yə keçəcəyinlə bağlı xəbərlər dolaşır. Bu barədə nə deyə bilərsən?
- “Neftçi”dən həqiqətən təklif var. Ancaq mənim “İnter”lə müqaviləm olduğundan, bu barədə heç nə deyə bilməyəcəm. Yəqin ki, bir-iki gün ərzində hər şey dəqiqləşəcək. Hazırda “İnter”lə müqaviləm var və bu komandanın futbolçusuyam. Buna görə, indidən bu barədə danışmağın mənası yoxdu.
 

- Demək olar ki, mövümün sonuna kimi “İnter”də qalacaqsan?
- Onu bilmirəm. Klublar arasında danışıqlar gedir. Nə dərəcədə həll olunacaq, deyə bilmərəm. Mənim işim odu ki, hansı kluba məxsusamsa, o komandaya əlimdən gələn kimi kömək edim.
 

- Klublar arasında danışıqlar müsbət yekunlaşsa, “Neftçi”yə keçidin əleyhinə deyilsən?
- Bu barədə bir şey deyə bilmərəm. Hazırda “İnter”də xoşbəxtəm. Özümü burda çox yaxşı hiss edirəm. Yaxşı komandamız var. Ancaq “Neftçi”yə keçidim rəhbərlik səviyyəsində həll olunan məsələdi. Yəni burda mənlik heç nə yoxdu.
 

- “Neftçi” artıq güclənir. “İnter”ə yeni güclü rəqib gəlir. Bu barədə nə deyə bilərsən?
- “Neftçi” həmişə Azərbaycanın adlı-sanlı klublarından olub. Biz də istəyərik ki, “Neftçi” hər zaman iddialılar arasında olsun. Bu komandanın güclənməsinin Azərbaycan futboluna xeyiri olacaq. Biz də istəyirik ki, çempionatda ən azı 4-5 komanda iddialı olsun. Məncə, “Neftçi”nin ikinci dövrədə güclənməsi ancaq Azərbaycan futbolunun xeyrinə olacaq.
 

- 2016-cı il sənin üçün necə keçdi?
- İlin əvvəli elə də yaxşı olmadı, zədələndim. Amma zədəmi sağaltmaqla məşğul oldum. Bundan sonra forma yığmaq bir qədər çətin oldu. Ancaq yaydan sonra yaxşı hazırlıq keçdim və bundan sonra yaxşı çıxış etməyə başladım. Az oynamağıma baxmayaraq, yenidən milliyə düşmək üçün mübarizə aparıram. Yığmaya qayıtmaq istəyirəm. Ümid edirəm ki, 2017-ci il həm mənim, həm də digər futbolçularımız üçün uğurlu olacaq. Ən əsası isə həm futbolçularımıza, həm də özümə zədədən uzaq olmağı arzulayıram.
 

- “İnter” ilk iki dövrəni 3-cü pillədə başa vurdu. Komandadan çempionatın üçüncü dövrəsində nə gözləmək olar?
- Qarşıda üçüncü dövrə var. Sonadək mübarizə aparacağıq. Hazırda çempionluğa əsas iddialı komandalar “Qarabağ” və “Qəbələ”di. Düzdü, büdcəmiz onlardan aşağı olsa da, “İnter”i də bu siyahıya aid etmək olar. Büdcəmiz, futbolçuların ustalıq səviyyəsi “Qarabağ” və “Qəbələ”dən aşağı olsa da, əsas olan istəkdi. Çempionluq üçün mübarizə aparacağıq. Kubokda da finalda oynamaq istəyirik.
 

- Bu gün “Sabahın ulduzları” turnirinin mükafatlandırma mərasiminə qonaq kimi gəlmisən. Sən özün də vaxtilə bu tunirdə çıxış etmisən. Nə hisslər keçirirsən?
- Belə yarışların keçirilməsi çox yaxşı haldı. Təşkilatçılara uşaqlara belə şərait yaratdıqlarına görə təşəkkür edirəm. Bu yarış uşaqlara gələcəkdə daha yaxşı futbolçu olmaq üçün böyük stimuldu. Bu turniri dəstəkləyirəm. Mənim qardaşım uşaqları da bu turnirdə iştirak etdilər. Bu mükafatlandırmada iştirak etmək mənim üçün fəxrdi. Məncə, belə turnirlərin tez-tez keçirilməsi futbolumuzun inkişafı üçün əlavə stimul olacaq.


Xəbər xətti