"Kəpəz"in futbolçuları 2017-ci ildən nə gözləyir?

16:31 31 Dekabr 2016

2017-ci il şərq təqviminə görə “Xoruz ili”di. “Kəpəz”in əsas komandasında bu ildə doğulan dörd futbolçu var.

 

Söhbət Tural Rzayev, Vüqar Bəybalayev, Tural Qürbətov və Kərim Diniyevdən gedir. Onların hamısının təvəllüdü 1993-cü ildi.

 

Sportarena.az xəbər verir ki, klubun saytı adları çəkilənlərdən 2017-ci illə bağlı arzularını öyrənib: 

 

Tural Rzayev: “Əvvəlcə hamını bayramlar münasibəti ilə təbrik edirəm, qarşıdan gələn 2017-ci ilin uğurlu, düşərli illərdən olacağını gözləyirəm. Qoy “Xoruz ili” tək mənim yox, həm də “Kəpəz”imiz üçün ən yadda qalan illərdən olsun. Çox ümid edirəm ki, belə də olacaq. Özümə ilk növbədə cansağlığı arzulayıram. Əsas olan budu. Karyeramın uğurlu alınmasını, böyük nailiyyətlər qazanmağı istəyirəm. Yeni ili Gəncədə, evimizdə qeyd edəcəm. Çempionatla bağlı uzun müddət idi ki, evdə ola bilmirdim. İndi bunun əvəzini çıxmağın vaxtıdı”.

 

Vüqar Bəybalayev: “2017-ci il hamınız üçün yaxşı illərdən biri olsun, özü ilə bol ruzi-bərəkət, xoşbəxtlik gətirsin. İnşallah, “Kəpəz” üçün də uğurlu illərdən biri olar. Yenidən Avroliqaya vəsiqə qazanmağımızı istəyirəm. Bunun üçün də yaxşı nəticələr göstərməliyik, qələbələr qazanmalıyıq. Çempionatın ilk yarısından fərqli olaraq ikinci hissəsində komandamızın adına daha layiqli şəkildə mübarizə aparmalıyıq. Belə də olacağına inanıram. Kollektivimizin buna catacaq gücü var. Mütləq ötən mövsümdəki uğurlu çıxışın ardını gətirməliyik. Sözün düzü, mən arzu ilə deyil, məqsədlə yaşayan adamam. Qarşıma məqsəd qoymuşam və ona doğru addımlayıram”.

 

Tural Qürbətov: “Arzular çoxdu, insan həmişə arzularla yaşayır. Bu da yaxşıdı. Yeni ildə komandanın əsas heyətinə düşməyə çalışacağam. Bunun üçün də daha ciddi hazırlaşmalı, baş məşqçimiz Şahin Diniyevin gözləntilərini həyata keçirməliyəm. Şahin müəllimin ümidlərini doğrultmaq əsas arzumdu. “Kəpəz”ə elə-belə gəlmədiyimi göstərmək istəyirəm. Düzü, yola saldığımız il mənim üçün düşərli olmadı. Cari futbol mövsümünün ilk yarısında cəmi bir dəfə fərqlənə bildim, onda da kubok matçında qol vurdum. 2017-ci ildə daha çox fərqlənməyi, oynamağı arzulayıram”. 

 

Kərim Diniyev: “Mövsümün yekunlarına əsasən, qarşıdakı ildə komandamızın uğurlu nəticəyə imza atacağını gözləyirəm. 2017-ci il öz ilim olduğu üçün karyeramın daha yaxşı alınacağına ümid edirəm. Hər şeyin ürəyimcə olmasını diləyirəm. Əslində “Xoruz ili” mənim ilim olsa da, belə şeylərə inanmıram. Hər şey Allahın qismətidi. Amma hər halda bu əlavə bir motivasiyadı. Məqsədlərimə nail olmaq üçün daha çox çalışmalıyam. 2016-cı il mənə görə uğurlu alındı. “Kəpəz” Avroliqaya vəsiqə qazandı və klub tarixində ilk dəfə mərhələ adladı, özü də komandamız səfərdə qazandığı nəticə ilə buna nail oldu. Bundan başqa oğlum dünyaya gəldi, böyük sevinc yaşadım. Şaxta babadan heç nə istəmirəm, uşaqlıqda bir arzumu yerinə yetirmədi deyə incidim (gülür). Allahdan xalqımız üçün xoş günlər arzulayıram”.


Digər xəbərlər

Xəbər xətti