"Neftçi" klubunun 2016-cı ildə qazandığı medalların sayı açıqlanıb

17:21 31 Dekabr 2016

“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov klub və federasiyanın 2016-cı il üçün fəaliyyətini dəyərləndirib.


Sportarena.az  xəbər verir ki, federasiyanın rəsmi saytına danışan S.Sadıqov bu ilin “Neftçi" üçün uğurlu olduğunu bildirib.


O deyib ki, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm addımlar atılıb. İl ərzində neftçilər arasında voleybol, mini-futbol, şahmat, müxtəlif idman-turizm yarışları, eləcə də XXIV Spartakiada keçirilmişdir ki, bu turnirlərdə də 1900-dən artıq neftçi iştirak edib.


S.Sadıqovun fikrincə, klubun digər fəaliyyət istiqaməti olan böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də çoxsaylı uğurlar əldə edilib: "İdmançılarımız Olimpiya oyunlarında, eləcə də müxtəlif səviyyəli beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edərək, ölkəmizə medallarla dönüblər. XXXI Yay Olimpiya Oyunlarında klubun yetirmələri böyük əzmkarlıq nümayiş etdirərək 3 gümüş, 2 bürünc medala sahib olublar. Ümumilikdə isə il ərzində idmançılarımız 1150 medal qazanmışlar ki, onlardan da 422-si qızıl, 329-u gümüş, 399-u isə bürüncdür. Əldə etdiyi yüksək nailiyyətlər sayəsində klubumuz Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı idman təşkilatı” adına layiq görülüb. Bütün bu göstəricilər “Neftçi İdman Klubu”nun ölkədə lider idman təşkilatı olmasını söyləməyə əsas verir".


ACF-nin il ərzindəki nailiyyətlərinin də göz qabağında olduğunu deyən qurum rəsmisi bildirib ki, Rövnəq Abdullayev federasiya prezidenti seçildikdən sonra bu idman növündə yeni inkişaf mərhələsi başlayıb: "Gərgin əmək sayəsində görülən işlərin nəticəsi olaraq, cüdoçularımız Olimpiya oyunlarında, Avropa çempionatında və beynəlxalq turnirlərdə uğurla çıxış edərək, ölkəmizə medallarla dönüblər. Atılmış mühüm addımlardan sonra yola saldığımız ilin nəticələrini təhlil etdikdə, rəsmi beynəlxalq yarışlarda rekord sayda medalların və tarixi nailiyyətlərin qazanıldığını görürük. Bu müddət ərzində böyüklər, gənclər və yeniyetmələrdən ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri beynəlxalq səviyyəli yarışda 140 medal qazanıblar. Bunlardan 52-si qızıl, 29-u gümüş, 59-u bürünc medaldır. Federasiyamız mütəmadi olaraq cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə təşkil edir, cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakını təmin edir və onlara öz diqqət və qayğısını əsirgəmir".


S.Sadıqov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarındakı nəticələrə də toxunub: "Azərbaycan cüdoçuları olimpiadada parlaq qələbələr qazanaraq, bizə iki final həyəcanı yaşadıblar. 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov və 100 kq çəkidəki Elmar Qasımov gümüş medala sahib olublar. Bu tarixi zəfərlərə imza atan hər iki cüdoçumuz və 2016-cı il Avropa çempionatının gümüş mükafatçısı Orxan Səfərov hazırda öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə başçılıq edir. Bu, cüdo tariximizdə bir ilkdir. 2016-cı ildə həm də Avropa çempionu olan Rüstəm Orucov 3010 reytinq xalı toplayaraq dünyanın bütün cüdoçularından öndədir. Paralimpiya Oyunları da Azərbaycan cüdoçuları üçün uğurlu olub. Paracüdoçumuz Ramil Qasımov (73kq) bütün rəqiblərinə qalib gələrək qızıl, Bayram Mustafayev (66kq) yalnız həlledici final görüşündə məğlub olaraq gümüş, Rövşən Səfərov isə bürünc medal qazanıb".


Vitse-prezidentin sözlərinə görə, ACF rəhbərliyi əsas milli ilə yanaşı, gənc və yeniyetmə cüdoçuların da inkişaf perspektivlərinə böyük önəm verir: "Onlar ötən bu müddət ərzində Avropa birinciliyi kimi mötəbər yarışda böyük uğur qazanıblar. Gənclərdən ibarət millimiz İspaniyanın Malaqa şəhərində keçirilmiş Avropa birinciliyinin fərdi yarışlarında 2 qızıl medal qazanmaqla yanaşı, Azərbaycan cüdo tarixində ilk dəfə komanda yarışlarında finala yüksələrək gümüş medala layiq görülüb. Yeniyetmə cüdoçularımız isə Finlandiyanın Vantaa şəhərində baş tutmuş Avropa birinciliyini 2 qızıl və 1 bürünc medalla başa vurublar. İsraildə keçirilən U-23 Avropa çempionatında isə cüdoçularımız 1 qızıl və 1 bürünc medala sahib olublar".


S.Sadıqov digər nailiyyətlərdən də danışıb: "Qabaqcıl məşqçilərimiz, hakimlərimiz və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Sevindirici haldır ki, 2016-cı ildə iki ədalət təmsilçimiz – Mətin Rəhimli və Arzu Acalova İtaliyada təşkil olunan imtahandan uğurla keçərək beynəlxalq dərəcəli hakim adına layiq görülüblər. Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda qalmayıb. 2016-cı ildə Xorvatiyada keçirilən Avropa çempionatına və ABŞ-ın Mayami şəhərində təşkil edilən dünya çempionatına veteran cüdoçularımız ezam olunub və onlar vətənə 7 qızıl, 3 gümüş və 5 bürünc medalla qayıdıblar. Ötən bu müddət ərzində respublika, regional və şəhər miqyaslı çempionat və birinciliklər də yüksək təşkilatçılıq səviyyəsi, iştirakçıların rekord sayı ilə yaddaqalan olub. 2016-cı ilin mayında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilmiş “Böyük Dəbilqə” turniri ən yüksək səviyyədə təşkil olunub. Bu fakt Beynəlxal Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda da öz əksini tapıb".


Vitse-prezident 2018-ci il dünya çempionatının Bakıda keçirilməsinə dair qərarını ACF-nin yüksək təşkilatçılığının və Azərbaycan idmançılarının son vaxtlar əldə etdikləri zəfərlərin göstəricisi adlandırıb. O, 2017-ci ildə cüdo yarışlarının mötəbərliyi ilə zəngin olduğunu söyləyib: "Paytaxt Bakıda yanvarda beynəlxalq hakimlər və məşqçilər seminarı, martda “Böyük Dəbilqə”, apreldə Polşanın paytaxtı Varşavada Avropa çempionatı, mayda 4-cü İslam Həmrəyliyi Oyunları, avqustda Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatı, gənclər və yeniyetmələr arasında Avropa və dünya birincilikləri, Avropa Yeniyetmələrinin Olimpiya Festivalı keçiriləcək. İnanırıq ki, 2017-ci ildə də cüdoçularımız bu yarışlarda qazandıqları parlaq qələbələrlə xalqımzı sevindirəcəklər".


Sonda S.Sadıqov idman ictimaiyyətini 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 


Xəbər xətti