"Qəbələ"nin futbolçusu: "Azərbaycan haqqında yalnız xoş sözlər deyə bilərəm"

22:45 5 Yanvar 2017

"Qəbələ"nin futbolçusu Filip Ozobiç UEFA.com-a özü və karyerası haqqında müsahibə verib. 

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o,  “Qəbələ”yə keçidi, Avropa Liqasındakı çıxışı, bu qış Xorvatiya millisinə ilk dəfə çağırılması, məqsəd və arzuları, həmçinin digər maraqlı məqamlar barədə danışıb.

- İstirahətiniz necə gedir?

- Hər şey yaxşıdı. Bir neçə günlük futboldan ayrılmışam, bir az özümə vaxt sərf etmişəm, günlərimi yaxınlarımla, doğmalarımla keçirdim. Sonra fərdi məşqlərə başladım. Artıq yanvarın 7-də Çində keçirilən beynəlxalq turnirə qatılmaq üçün milli komanda ilə birgə yola düşəcəyəm. Bu turnir qurtaran kimi, “Qəbələ”nin Türkiyədəki qış təlim-məşq toplanışına qoşulacağam.

- “Qəbələ”yə gəlişiniz necə baş verdi?

- Yayda baş menecer Zaur Əzizov mənimlə əlaqə saxladı. Sonra klubun nümayəndələri mənim agentimlə danışdılar və razılığa gəldik. Azərbaycana gələnədək bu ölkə haqqında eşitmişdim, amma geniş məlumatım yox idi. Bilirdim ki, “Neftçi” 2011-ci ildə Zaqreb “Dinamo”su ilə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində görüşüb. Bundan əlavə, məlumatım var idi ki, “Qəbələ” və “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynayıblar. Hətta onların bəzi oyunlarına da baxmışam. Həmçinin, Azərbaycana səfər etməzdən əvvəl, ölkə və paytaxtı Bakı barədə internetdən geniş məlumat topladım. Hər şey mənə maraqlı və xoş gəldi.

- Qafqazda yaşamaq sizin üçün necədi?

- Azərbaycan xoşuma gəlir və onun haqqında yalnız xoş sözlər deyə bilərəm. Burada insanlar çox xeyirxahdılar və mənimlə yaxşı rəftar edirlər. Bu, mənə xoş gəlir. Bakı çox gözəl, müasir şəhərdir. Burada heç darıxmırsan, asudə vaxt üçün bütün yüksək səviyyəli imkanlar var. Sərbəst vaxt olanda dostlarla çıxıb şəhəri gəzirik, kafe və restoranlarda otururuq. Ümumiyyətlə, mehriban kollektivimiz formalaşıb və xüsusi ilə də Voislav Stankoviç, Petar Franyiç və David Pietrzkieviçlə yaxın münasibətimiz var.

- “Qəbələ”nin bu mövsümdə Avropa Liqasındakı çıxışını necə qiymətləndirirsiz? Komandanız qrupdan çıxa bilmədi. Komanda əsas mərhələyə çıxa bilsə də, bu dəfə  bir xal da toplaya bilmədi.

- Əlbəttə, qrup mərhələsində xal toplamadan Avropa Liqasından ayrılmağımız çox təəssüfverici hal oldu. Amma qəbul etmək lazımdır ki, çox güclü qrupda yer almışdıq. Buna baxmayaraq, əla şanslar qazandıq və qollar da vurduq. Lakin hər dəfə heç olmasa heç-heçə etməyə yaxın olsaq da, kobud səhvlərə yol verdik. Amma yenə də eybi yox, bu dəfə alınmasa da, gələn dəfə uğur qazanarıq.
Furbolçularda psixoloji problem yox idi və indi də yoxdur. Ölkə çempionatında və kubokundakı iştirakımız uğurla davam edir. Hazırda liqada lider olan “Qarabağ”dan cəmi bir xal geridəyik. Kubok yarışında isə yarımfinaldayıq və mübarizəmizi davam etdiririk. Ona görə də, bu gün bütün diqqətimizi ölkədaxili yarışlardakı oyunlarımıza yönəltmişik.

- Necə düşünürsüz, milli komandaya çağrılmağınız karyeranızın inkişafına müsbət təsir göstərəcəkmi? Sizcə, gələcəkdə daha güclü çempionatda oynamaq şansı qazana biləcəksinizmi?

- Düzünü deyim, bu barədə heç nə düşünmürəm. “Qəbələ”yə yenicə gəlmişəm və hazırda bütün məqsədlərim bu klubla əlaqəlidir.

- Komandanızın uğurlarının böyük qismi Roman Qriqorçukun adı ilə bağlıdır. Ukraynalı mütəxəssisi necə xarakterizə edərdiz?

- Roman İosifoviç özünü çox yaxşı məşqçi kimi sübut edib. “Qəbələ”ni 2 dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib. Onu güclü mütəxəssis hesab edirəm. Ümid edirəm ki, onun rəhbərliyi altında bu il Azərbaycan çempionatında birinci yerin sahibi olacağıq.

- Çempionlar Liqasının da qrup mərhələsinə düşəcəyinizə inanırsınızmı?

- Təsnifat mərhələsində iştirak edən hər komanda qrup mərhələsinədək irəliləyə bilər. Əgər ölkənin çempionu olsaq və Çempionlar Liqasına təsnifat mərhələsindən başlasaq, əlbəttə, o zaman arzuları həyata keçirmək üçün inamımız, ümidimiz və şansımız da olacaq. “Qəbələ”nin heyətindəki bütün oyunçular güclü və yaxşı futbolçulardılar. Çempionlar Liqasında oynamağa gücümüz çatar.

- Klub haqqında başqa nə deyə bilərsiniz?

- Kollektivimizdə gözəl atmosfer mövcuddur. Hamı bir-birinə dostdur və zənnimcə bu, meydanda da hiss olunur. Daim bir məqsədimiz var – qələbə qazanmaq. Kimliyindən asılı olmayaraq qarşılaşdığımız bütün komandalar üzərində qələbə qazanmaq istəyirik. Taktikaya gəlincə, biz həm qısa, həm də uzun ötürmələrə üstünlük veririk. Bu mənada hər şey görüşün gedişindən və vəziyyətdən asılıdır.

- “Qəbələ”nin infrastrukturu barədə nə deyə bilərsiniz?

- Çox gözəl bazamız var. Böyük Avropa klublarındakı kimi, bir neçə məşq və oyun meydanlarımız mövcuddur. Yəni, şərait çox əladır. Bircə yaxşı hazırlaşmaq, meydana çıxmaq və qələbə qazanmaq qalır. Qəbələ futbol klubu olan kiçik şəhərdir və klubun sayəsində şəhər daha çox tanınacaq.


Xəbər xətti