Ramazanov: "Karyeram üçün "Qarabağ"ın təklifini dəyərləndirdim"

00:10 7 Yanvar 2017

"Qarabağ"ın yeni transferi Ağabala Ramazanov komandanın Antalyada davam edən təlim-məşq topıanışına qoşulub və ilk məşqinə çıxıb. 

Millimizin üzvü  “Qarabağ”a  keçidi və ilk məşqi haqda klubun rəsmi saytına açıqlama verib. 

"Bura gəlməmişdən öncə Qurban Qurbanovun mənimlə maraqlandığını bildim. Karyeram üçün bu təklifi dəyərləndirmək istədim. Bu gün həm Azərbaycanda, həm də Avropada tanınan bir kluba transfer olmuşam. "Qarabağ"da mənim üçün hər şey yaxşı olacaq. Komandada hər bir mövqe üçün kəskin rəqabət var. Bu da mənim üçün ən ideal variantdır. Daim öz üzərimdə məşq edib əsas heyətə düşmək üçün çalışacam. İndiki səviyyəyə çatmağımda "İnter"in rolu böyükdür, oradakı məşqçilər heyəti, komanda yoldaşlarım və klub rəhbərliyinə də öz təşəkkürümü bildirirəm. Bu gün "Qarabağ"la ilk məşqimə çıxdım. Futbolçuların çoxu  tanıdığım insanlardır. Yeni komandama uyğunlaşmağımda problem olmayacaq".
 
Ağabala Ramazanov mövsümün ikinci hissəsi haqda da danışıb: "Mövsümün II yarısı komandamız üçün daha çətin olacaq. Digər rəqiblərimiz də heyətlərini gücləndirib və bizdən xal almaq üçün mübarizə aparacaqlar. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək. Mən də öz oyunumla komandama xeyir vermek üçün əlimdən gələni edəcəm".
 
Gənc hücumçu  azarkeşlər haqda danışmağı da unutmayıb: "Qarabağ"ın çox böyük azarkeş ordusu var. Komanda yoldaşlarımdan onların daim klub və futbolçularının yanında olduqlarını eşitdim. Onların da etimadını doğrultmağa çalışacam".

 


Xəbər xətti