Ronaldonun uğurlarından doğan "Vitorias"

22:19 7 Yanvar 2017

Dünyanın ən məşhur idman brendlərindən olan "Nike" şirkəti tərəfdaşlıq etdiyi Kriştiano Ronaldonun 2016-cı ildəki uğurları şərəfinə məhdud sayda "Mercurial Superfly CR7 Vitórias" adlı butslar istehsal edib.

 

"Nike" bir müddət əvvəl dördüncü "Ballon d’Or" mükafatını qazanan, habelə həm Portuqaliya millisi, həm də klubu "Real" ilə büyük uğurlar əldə edən portuqaliyalı ulduz üçün özəl olaraq idman ayaqqabısı hazırlayıb. Bu məhsuldan yalnız Ronaldo və onun hədiyyə etdiyi şəxslər istifadə edə biləcək. Futbolçular isə bu butsları futbol oyunları zamanı geyə bilməyəcəklər. İdman ayaqqabısı qeyd etdiyimiz kimi az sayda - 777 cüt istehsal edilib. Saxta butsların “qara bazar”da satılmasının qarşısının alınması yönündə də addımlar atılıb. Butsların hər biri üçün xüsusi seriya nömrələri və çıxarışlar hazırlanıb.

 

"Vitorias" kramponu xüsusi tərkibli parçadan hazırlanıb. "Nike" bu parçanı ilk dəfə istehsal edib. Dizayna gəlincə, üst və yan hissəsindəki xətlər ayaqqabının xarici görünüşünü daha da gözəlləşdirir. Butsun rənglərinin gözəlliyini isə sözlə ifadə etmək olduqca çətindir. "Nike"ın dizaynerləri idman ayaqqabısının alt hissəsinə qızılı rəngi boşuna seçməyiblər. Onlar Ronaldonun bu il ərzində qazandığı kuboklara, mükafatlara eyham vurublar. Kramponun topuq hissəsində isə portuqal dilində "Vitorias" yəni, "uğurlar" yazılıb. İdman ayaqqabısının xüsusiliyi seçilsin deyə ulduz futbolçunun şirkətinin loqosu (CR7) vurulub.

 

Ronaldo 2016-cı ildə "Real" ilə Çempionlar Liqasını, UEFA Superkubokunu, klublararası dünya kubokunu qazanıb. Portuqaliya millisi ilə gözlənilməz şəkildə Avropa çempionatının qalibi olub. Fərdi titullara gəlincə, La Liqanın 35 qolla bombardiri olmaqla yanaşı, turnirin ən yaxşı oyunçusu seçilib. Avropanın ali futbol qurumu UEFA-nın versiyasına görə isə "Köhnə qitə"də ilin futbolçusu seçilib, "Ballon d’Or", "Qızıl top", "Qızıl ayaq" mükafatlarına layiq görülüb. Eyni zamanda, Çempionlar Liqasında 16 top vurmaqla hamını qabaqlayıb. Son olaraq cari il üzrə Portuqaliya və dünyada ən yaxşı idmançı nominasiyasında qalib olub.

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti