Orxan Sadıqlı: "Xəzər Lənkəran"dan təklif gəlsə, fikirləşərəm" - LAYİHƏ

17:15 8 Yanvar 2017

 “Sportarena.az” saytı  “Cənub futbolu : resurslar,imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdirir. Bu dəfə “Xəzər-Lənkəran”ın qapıçısı olmuş Orxan Sadıqlı ilə müsahibə almaq qərarına gəldik.

 

 

- Orxan Sadıqlı özünü hansı formada təqdim edər?

- 19 mart 1993-cü ildə Cəlilabad rayonunda anadan olmuşam. Orta təhsilimi orada almışam. İndi isə Bədən Tərbiyəsi və İdman İnstitunun 2-ci kursunda oxuyuram.

 

- Futbola necə başladın?

- Futboldan öncə başqa idman növü ilə məşğul olmuşam. Daha dəqiq desək, güləşlə. Diqqətimi bu idman növünə yönəltmişdim. Futbola gəlməyimdə əmimin rolu oldu. O, Cəlilabadın komandasında qapıçı olub. Əmim Rusiyadan gələndə mənim hansı idman növü ilə məşğul olduğumla maraqlandı. Güləşə getdiyimi öyrəndikdən sonra buna razı olmadı. Bildirdi ki, məni mütləq futbola yazdırmaq lazımdı. Futbola belə başladım. İlk vaxtlarımda hücumcu kimi başlamışdım. Ronaldonun (red. - Ronaldo Nazario de Limanı nəzərdə tutur) 9 nömrəli formasını geyinirdim. Sonra yavaş-yavaş oldum qapıçı. Səhv etmirəmsə, 2005-ci ildə "Xəzər Lənkəran" ev oyununlarını Cəlilabadda keçirirdi. Mən həmin vaxt stadionda azarkeşlərə kolbasa çörək, kotlet satırdım. Həmin vaxt komandanın qapıçısı Martyoşkin idi. Ondan formasını istəmişdim, vermişdi. Yeddi il sonra isə mən həmin komandanın qapıçısı oldum.

2006-cı ilə kimi Cəlilabadda futbolla məşğul olmuşam. Sonra "Masallı"nın U-19 komandasında 1 il çıxış etmişəm. Daha sonra regional seçimlərdə iştirak edib milli komandaya cəlb olundum.Daha sonra "Bakı"nın düşərgəsində məşq etməyə başladım. Amma müqavilə tərəfində razılaşa bilmədik. Həmin vaxt "Xəzər Lənkəran"dan təklif oldu, razılaşdıq və ora keçdim.

 

- "Xəzər Lənkəran"a keçidin necə alındı?

- Bayaq qeyd etdiyim kimi 2008-ci ildə seçimlərlə milli komandaya cəlb olunmuşdum.Həmin vaxt "Bakı"nın məşqçisi Nazim Süleymanov idi. Bildiyiniz kimi, o da cənub zonasındandır. Nazim müəllim mənim barəmdə babam və əmimlə danışmışdı. Beləcə onun yanına getdim və bir ay "Bakı"da məşq etdim. Qeyd etdiyim kimi, sadəcə müqavilə şərtlərində razılıq əldə edə bilmədik. Həmin vaxt "Xəzər Lənkəran"dan təklif gəldi. Razılaşdıq və əvəzedici komandada çıxış etməyə başladım. "Xəzər Lənkəran"da həm əvəzedici, həm də 17 yaşlılardan ibarət komandasında oynadım. Daha sonra 2010-cu ildə baş məşqçi Ağasəlim Mircavadov məni əsas heyətə çağırdı. Həmin vaxtdan sonra əsas komandanın üzvü oldum.

 

- "Xəzər Lənkəran"da debüt etdiyin oyun yadındadır?

- Bəli. 2012-cu ilə "Rəvan"la oyun idi. Oyun 1:1 hesabı ilə başa çatmışdı.

 

- "Xəzər Lənkəran"da xeyli müddət çıxış etmisən. Uşaqlıqdan bu komandanın üzvü olmusan. İndi isə "Xəzər Lənkəran" yoxdu. Həmin günləri necə xatırlayırsan?

- Uşaqlığımdan bəri ümumlikdə doqquz il "Xəzər Lənkəran"da çıxış etdim. Komanda 2014-cü ilin dekabrından konkret olaraq iddiasını itirdi. Əsas heyətin bir sıra futbolçuları qaldı - Rahid Əmirquliyev, Rasim Ramaldanov və digər futbolçular. Güclü futbolçuların əksəriyyəti getdiyindən komandada əhval-ruhiyə tamam dəyişdi və 2016-cı ildə dağıldı. O vaxta qədər hər il "Xəzər Lənkəran" iddialı idi. Komanda avrokuboklara, çempionluğa oynayırdı.

 

- Komandanın bir üzvü idin, yəqin bəzi şeylərdən xəbərdarsan. Bütün bu problemlər nədən başladı. Hər kəsin bir fikri var. Sənin düşüncələrin maraqlı olar...

- Hər bir kəsə, futbolçuya doğma olan, yetişdiyi klub var. Mən "Xəzər Lənkəran"ın yetirməsi olduğumdan bu kluba bağlıyam. Klubdakı problemlərin səbəbi pulla bağlı idi. Bildiyiniz kimi, çox futbolçular gəldi, çoxlu transferlər oldu. Klub bəzilərinə borclu qaldı. Borclar ödənmədi, onlar da klubdan FİFA-ya şikayət etməyə başladı.

 

- Borclar olmasaydı komandanın başqa problemi olmayacaqdı?

- Bəli, bildiyiniz kimi indinin özündə böhran yaşanır. Çox az klub futbolçularına yaxşı pul verirlər - "Qarabağ"dı, "Qəbələ"di. Hər iki klub  futbolçulara yaxşı pul verirlər. Onların iddiaları da hər kəsə bəllidi. Hər il Avropa Liqasının qrupunda oynayırlar. Əgər borclar olmasaydı, "Xəzər Lənkəran" ilk üçlüyə oynayan komanda olacaqdı. Heç əvəzedici komanda da qalmadı. O cür bazası, stadionu olan klub fəaliyyətini dondurmalı oldu. Yaranan borclar klubu bu vəziyyətə saldı.

 

- Yaranan borclar kimin günahıdı, kimin səhvidi?

- Səhv futbolçu seçimində də ola bilər, klub rəhbərliyində də. Bunu demək çətindi. Elə futbolçu oldu ki, komandaya xeyri dəymədi. Belə nəsə demək çətindi. Görünən odur ki, yaranan borclar klubun fəaliyyət göstərməsinə imkan vermir. Borclar ödənməzsə, "Xəzər Lənkəran" fəaliyyətini davam etdirə bilməz. Bu, yalnız bütün borclar ödəndikdən sonra ola bilər. Bütün problemlər yavaş-yavaş, hiss olunmadan başladı, sonra büdcəyə, sonda isə ümumiyyətlə klubun fəaliyyətinə təsir göstərdi. O cür klubdan qalan bir stadion oldu.

 

 

- "Xəzər Lənkəran"ın fəaliyyətini bərpa etməsi barədə fikir bildirdin. Yəqin, mətbuatı izləyirsən və klubun fəaliyyətinin bərpa etmə ehtimalından xəbərdarsan. Bu baş versə, səni də komandaya çağırsalar, qayıdarsanmı?

- Bəli, həmin xəbərləri mən də oxumuşam. Hətta klubdan yaxın olan şəxslə bu barədə danışmışam. Həmin adam dedi ki, qışa qədər şans az idisə, indi şans 70-80 faizdir. Mənim "İnter"lə yaya qədər müqaviləm var. "Xəzər Lənkəran"dan təklif gəlsə, fikirləşərəm. Bu klub mənə çox doğmadı. Orada yetişmişəm, böyümüşəm. Amma "İnter"ə də hörmətsizlik etmərəm. Onlar klubsuz qaldığım dönəmdə təklif ediblər. Həm də transfer qadağaları var. "İnter"i pis vəziyyətdə qoymaq istəmərəm. Mən keçən il də bu kluba keçə bilərdim. Amma son anda keçidim alınmadı. Həmin Kamran Ağayevlə anlaşdılar. Yayda klubsuz qalanda isə başqa klublardan da təklif var idi. Üçüncü-dördüncü qapıçı olmaqdansa, "İnter"i seçdim. Yayda təkliflər gəlsə belə, öncə "İnter"in rəhbərliyi ilə danışacam.

 

- "Xəzər Lənkəran"ın unudulmazlarından biri də azarkeşləridir. Onlarla münasibətin necədi?

- Bayramda rayona getmişdim. Bəziləri ilə görüşdük, söhbətləşdik, keçmiş günləri yada saldıq. Onlar həmişə qəlbimizdədilər. Hətta bizi tənqid edən azarkeşləri belə yaxşı başa düşürük. Onlar bizim yaxşılığımızı istəyirdilər. Pis oynayırdıq, tənqid edirdilər. Yaxşı oynayırdıq, sevinirdilər. Lənkəranlı azarkeşlər kimisini isə görməmişəm. Onların yerini heç kim verə bilməz. Gəncədə də ötən mövsüm çoxlu azarkeş var idi. Bu mövsüm səfər edəndə saylarının 3-4 minə qədər azaldığını gördük. Ümumiyyətlə regionlarda nə qədər çox klub olsa, azarkeşlər də çox olar, futbolumuz da inkişaf edər. "Xəzər Lənkəran" da qayıdar, lənkəranlı azarkeşlər stadionlara geri dönər.

 

- "Xəzər Lənkəran"da bir çox məşqçinin rəhbərliyi altında oynamısan. Ən yaxşı baş məşqçi kim idi, ən pis baş məşqçi kim idi? Səmimi cavab gözləyirəm...

- Belə pis baş məşqçi olmayıb. Heç kimlə də münasibətim pis olmayıb, heç kimin də pisliyin görməmişəm. Şanssız məşqçilər olub. Amma işini görə bilməyən, komandayla işləyə bilməyən baş məşqçi olmayıb. Bir çoxunun şansı gətirməyib. Məsələn, Con Toşak şanssız məşqçilərdən idi. Biz Toşakın dövründə ardıcıl 6-7 oyunda əla oynamışıq, hər oyunda rəqiblərin qapısı qarşısında 8-9 qol vəziyyəti yaratmışıq, axırda da rəqib qol vurub. Ya uduzmuşuq, ya da heç-heçə olub. Cüneyt Biçər, Yunis Hüseynov və Stefan Bates kimi məşqçilərin də adlarını çəkə bilərəm.

 

- "Xəzər Lənkəran"sız cənub futbolu və Azərbaycan futbolu necə görsənir? Bir cənublu və ölkə futbolunun nümayəndəsi kimi fikrini öyrənmək maraqlı olardı.

- Çox çətindi. Bu heç də yaxşı deyil. Bir cənublu kimi bu xoş deyil. İndiki çempionat Bakı çempionatına bənzəyir. Amma regionlarda da klublar fəaliyyət göstərsə, maraqlı olar. Ötən ilə kimi Lənkəranın,  əvvəllər isə Yevlaxım, İmişlinin, Tovuzun yüksək dəstədə komandaları olub.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Xəbər xətti