"Özümü heç kimdən zəif və ya güclü hesab etmirəm" - "Kəpəz"in qapıçısı

19:10 10 Yanvar 2017

"İstirahət müddətində müalicəmlə məşğul olmuşam. Diz bağlarımda problem olduğuna görə günüm həkim yanında keçib. Tibb personalı ilə birlikdə zədəmin tez sağalması üçün əlimdən gələni etdim".
 
 
Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in qapıçısı Davud Kərimi klubun saytına açıqlamasında deyib.
 
 
Uzun müddət zədədən əziyyət çəkən təcrübəli qapıçı hazırda durumunun yaxşı olduğunu bildirib:
 
 
"Müalicə prosesi ilə yanaşı, zədə imkan verdiyi qədər fərdi şəkildə məşqlər də etmişəm. Hələ dostlarla öz aramızda keçirdiyimiz oyunlarda qapıda da durmuşam. Zədəm yaxşılığa doğru gedir. Az da olsa ağrılar var, amma bu, mənə qrup halında məşqlərə qoşulmağa mane olmayacaq”. 
 
 
Kərimi ötən mövsümün əvvəlində "Kəpəz”ə keçsə də, hələ komandada debüt edə bilməyib. O, Premyer Liqa və kubok oyunlarında ehtiyatda qalıb. Bununla belə, ruhdan düşməyən futbolçu öz vaxtını gözləyir:
 
 
"Komandaya kim xeyir verə bilirsə, məşqçilər həmin futbolçuları da oynadır və düz də edirlər. Əsas olan bir oyunçunun yox, "Kəpəz”in uğurudur. Mənim oynayıb-oynamamağım önəmli deyil, əsas olan komandanın məqsədinə çatması, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanmasıdır. İndi hamımız buna çalışırıq. İnanıram ki, çempionatın ikinci hissəsində məşqçilər korpusu mənə də güvənəcək. 
 
Həmişə oynamağa hazıram, təlim-məşq toplanışında özümü göstərməyə çalışacağam. Bunu baş məşqçimiz Şahin Diniyevə də demişəm. Seçim məşqçinindir və hələ ki, onun şans verdiyi qapıçı ümidləri doğruldur. Belə də mən seçimin düzgün olduğunu deyə bilərəm. Qismət olacaqsa, mən də heyətdə yer alacağam. Özümü heç kimdən zəif və ya güclü hesab etmirəm. Rəqabətdən də çəkinmirəm. Komandaya ehtiyatda oturmaqla yox, oynamaqla kömək etmək istəyirəm”.   


Digər xəbərlər

Xəbər xətti