Salyanda uşaq futbolunun vəziyyəti necədir? - LAYİHƏ - FOTOLAR+REPORTAJ

20:47 17 Yanvar 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda yeni layihəyə start verir.

 

Layihə ilə bağlı ilk mövzumuzu hazırlamaq üçün Salyan rayonuna yollandıq. Cənub bölgəsinin digər rayonları kimi Salyanda da futbol ənənələri olub. Həm SSRİ, həm də müstəqillik dönəmində rayonun klubları ölkədaxili turnirlərin iştirakçısı olub. Yaxın keçmişdə Premyer Liqa və Birinci divizionda Salyanı təmsil edən "Muğan" adlı klub da olub.

 

Mövzudan çox uzaqlaşmadan, qayıdırıq əsas məsələyə. Salyana çatar-çatmaz rayon əhalisindən burada fəaliyyət göstərən uşaq futbol klubları, məktəbləri haqqında məlumat almağa çalışdıq. Düzdü, səfərdən öncə imkanlarımız daxilində araşdırma aparmış və səfərimizi proqramlaşdırmışdıq. Amma yenə də əlavə məlumatın bizə ziyanı olmazdı. "Muğan" klub kimi fəaliyyətini dayandırsa da, aşağı yaş qrupları üzrə komandaları elə bu adla fəaliyyətini davam etdirir. Bu məqamı nəzərə alıb klubun məşqini izləməyə yollandıq.

 

Beş yaş qrupundan ibarət komandası olan "Muğan" məşqlərini Salyan Olimpiya Kompleksinin futbol meydançasında keçir. "Muğan"ın aşağı yaş qrupları üzrə komandaları hər gün məhz burada toplaşır. Oyunlarını da burada keçirlər. Komandanın məşqini izləyərkən hiss olunur ki, uşaqlarda futbola hədsiz maraq var. Uşaqların hər biri məşqçilərin tapşırıqlarına diqqətlə qulaq asır, əməl etməyə çalışırlar. Hətta özlərini yaxşı tərəfdən göstərmək üçün əllərindən gələni edirlər. 

 

 

Fürsət yaranan kimi məşqçilərdən Heydər Ağayevlə söhbətləşdik. Ağayev klubun fəaliyyətindən, komandanın hazırlıqlarından və AFFA bayrağı altında keçirilən yarışların nəticələrindən danışdı:

 

"Bildiyiniz kimi, Salyan futbola bağlı rayonlardandı. Burada SSRİ dönəmindən bəri hər müddətdə klublar fəaliyyət göstərib. Salyanda futbol ənənələri olub, gördüyünüz kimi bu gün də davam edir. Beş yaş qrupu üzrə komanlarımız fəaliyyət göstərir. U-10, U-11, U-12, U-13, U-14 komandalarımız var. Həm regional, həm də AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edirik. Federasiyanın turnirlərində U-11 komandamız 1-ci sırada qərarlaşıb, U-10 ikinci yerdədi. Digər komandalarımız isə üçüncü sıradadılar. Nəticələrdən razıyıq".

 

Heydər müəllimlə söhbətimiz əsnasında məlum oldu ki, futbolçular 14 yaşına çatdıqdan sonra onlara karyeralarına davam etmələri üçün imkanları daxilində kömək edirlər. Eyni zamanda, onların bir sıra yetirmələri ölkələrin müxtəlif klublarında şərəfini qoruyur:

 

"Uşaqların yaşı artdıqdan sonra onların və ya valideynlərinin istəyinə uyğun olaraq əlaqələrimizdən istifadə edərək mümkün qədər onlara klublar tapırıq. "Qəbələ"də iki futbolçumuz baxışdadı. "Qəbələ"də Azərbaycan çempionu olmuş futbolçumuz da var. Adı Cavidan Rəhimlidi. "Rəvan"da da çıxış edib. "Rəvan"da başqa yetirmələrimiz də var. "Neftçi İSM"də də üç futbolçumuz çıxış edir.  Belə futbolçularmız başqa klublarda da var, onların sayı az deyil".

 

 


O, söhbət əsnasında rayonda valideynlərin, uşaqların futbola marağının olduqca yüksək olmasından da danışdı. Bildirdi ki, valideynlər övladlarının gələcəyinə olduqca həssas yanaşırlar:

 

"Bəli, maraq olduqca yüksəkdir. Valideynlər məşqlərə, oyunlara gəlirlər, baxırlar, maraqlanırlar. Onlarla tez-tez söhbət edirik. Valideyn olur ki, uşağını başqa kluba aparmaq istəyir, biz onlara mane olmuruq. Bu, onların qərarıdı. Valideyn övladı üçün yaxşı olacağını düşünürsə, bizim üçün problem yoxdur".

 

Daha sonra isə digər məşqçi Vasif Əliyev söhbətimizə qoşulur. Əliyevlə isə komandanın şəraiti barədə danışırıq. O, AFFA-nın kluba hər cür dəstək olduğunu da söyləyir:

 

"Gördüyünüz kimi məşqlərimizi Salyan Olimpiya Kompleksinin meydançasında keçirik. Meydanın vəziyyəti yaxşıdı. Buradakı şərait bizim üçün uyğundur, problemimiz olmur. Geyimlərimiz, ləvazimatlarımız AFFA-dan gəlir. Federasiya mümkün olduğu qədər bizə dəstək olur. Klub da bu yöndə bacardığı qədər iş görür. Bildiyiniz kimi, əvvəl "Muğan" var idi. Sonra bu klub fəaliyyətini dayandırdı. Biz uşaq futbolunun itməməsi yönündə çalışdıq. "Muğan" olaraq da davam edirik. Salyanda həmişə futbol olub, olacaq da. Rayonumuzda futbolun məhv olmasına imkan verməyəcəyik".

 

 


Onu da öyrənirik ki, Əliyev həmçinin, AFFA-nın elit layihəsi üzrə məşqçidi:

"Həftənin bütün günlərində uşaqlara məşqlər keçirik, hər həftənin çərşənbə günü isə məşqlər AFFA-nın elit lahiyəsi çərçivəsində keçirilir. Həmin məşqləri mən keçirəm və bu məşqlərin uşaqların inkişaf etməsi baxımından rolu böyükdür. Ümumiyyətlə federasiya bizə hər cür köməklik edir".

Daha sonra Heydər Ağayevlə söhbətimiz başqa yönə doğru istiqamətlənir. Öyrənirik ki, o, həmçinin Salyan rayon Uşaq Gənclər İdman Məktəbində də çalışır. Orada da futbolla məşğul olmaq üçün hər cür şərait var:

"Mən rayonumuzun Uşaq Gənclər İdman məktəbində də məşqçi kimi çalışıram. UGİM-də futbolla bağlı məşğul olmaq üçün iki meydança var. Həmçinin, orada digər idman növləri ilə də məşğul olmaq üçün hər cür şərait var. Çox sayda məşqçi orada fəaliyyət göstərir. Orada da heç bir problemimiz yoxdur. Hər cür şəraitimiz var".

Hər iki məşqçi yaradılan şəraitdən, məşqlərdən razı görürürdülər. Onlar uşaqların oyun praktikası baxımından əziyyət çəkməməsinə, turnirlərdə iştirakında problem yaranmamasına görə sevinirdilər. Bütün bunlara görə isə AFFA-ya minnətdar olduqlarını bildirirdilər. Federasiyanın vaxtı-vaxtında onlara maddi dəstək olması fəaliyyətlərində axsaqlıqlar yaratmadığını söyləyirlər. Sonda məşqçilərə və futbolçulara uğurlar arzulayıb, Salyan səfərimizi yekunlaşdırırıq.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti