Qurban Qurbanov Türkiyə mətbuatına danışdı - "Bayraqlarımız həmişə yan-yana idi" - AÇIQLAMA

14:48 18 Yanvar 2017

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Anadolu Agentliyinə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis komandanın planlarından və işğal altında olan Qarabağdan danışıb. Qurbanov bildirib ki, oyunlarını Qarabağda oynamaq istəyirlər:

 

“Biz həmişə istəmişik ki, matçlarımızı Qarabağda oynayaq. Prezidentimiz torpaqların geri qaytarılması üçün çox çalışır. İnşallah, yaxın zamanlarda ora dönərik. Torpaqlarımızın işğal altında olması tərəfdarlarımızla aramızda xüsusi bir bağ qurur. Onlar bizi heç tək buraxmırlar. Məğlub olarkən də yanımızdadırlar. Qarabağın adını meydanda yaşatmağımıza kömək edirlər. Avropa meydanlarında oynayarkən, bütün Azərbaycan bizi dəstəkləyir. Bu mövsüm Çempionlar Liqası oyunlarında Azərbaycan və Türkiyə bayraqları həmişə yan-yana idi. Bu oyunçulara xüsusi motivasiya verir. Hər kəs “Qarabağ”a milli komanda kimi sahib çıxır”.

Avropa meydanlarında oynayırıq, amma böyük komandaları öz torpaqlarımızda qonaq edə bilmirik. Hazırda bu imkansızdır, amma ümidimizi qoruyuruq. Yaxın zamanda öz torpaqlarımıza geri dönmək ümidimiz var. İnşallah, öz torpaqlarımızda böyük bir stadion və komanda ilə azarkeşlərin qarşısında oynayarıq”.

 

O, İstanbul nəhəngləri – “Beşiktaş”, "Fənərbaxça" və “Qalatasaray”ı Azərbaycana dəvət edib:

“Həm Türkiyədə, həm də Azərbaycanda çempionat çox çətindir. Öz aramızda oynamaq üçün vaxt təyin etmək çətindir. Amma iki ölkə arasında oyunlar olsa, futbol əlaqələri də möhkəmlənər. Türkiyədə 3 böyük klubun azarkeşi olduğu kimi bizdə də var. Azərbaycanlılar hər 3 komandanı sevirlər. Əgər bu komandalardan biri ilə oynasaq, stadionda anşlaq olar. Bu səbəbdən onları ölkəmizə dəvət edirəm”.

 

Qurbanov Azərbaycan futbolunun yavaş-yavaş dirçəldiyini deyib:

“Təbii ki, İstanbul klubları ilə Çempionlar Liqası və ya Avropa Liqasında qarşılaşmaq əla olar. Azərbaycan futbolu hər gün daha irəliyə gedir. İnanıram ki, Türkiyənin güclü komandaları ilə Avropa meydanlarında üz-üzə gələcəyik”.

 


Mütəxəssis Azərbaycan Premyer Liqasındakı vəziyyətdən və Antalyadakı hazırlıqdan da danışıb:

“Daxili çempionatda “Qəbələ”dən bir xal öndəyik. Hədəfimiz ardıcıl 4-cü dəfə çempion olmaqdır. Çempionlar Liqasında qrupa düşmək istəyirik. Azərbaycanda ilk yazmaq fikrimiz var”.

 

 

Ağdamlıların çalışdrıcısı “Qalatasaray”a transfer olunan və Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oynayan PAOK-un sabiq üzvü Qari Rodrigezdən də danışıb:

“Çox sürətli və texnikalı futbolçudur. Topla daha çox hərəkət edir. “Qalatasaray”a çox kömək edəcəyini düşünürəm”.

 

 

44 yaşlı məşqçi “Başakşehir” klubunun Türkiyə Superliqasının qalibi olmasının ölkə futboluna xeyir verəcəyini deyib:

 

“Başakşehir”in çempion olması Türkiyə futboluna fayda verər. Onlar çox yaxşı çıxış edirlər. Uğurlar arzu edirəm. Çempion olmaları Superliqa üçün yenilikdir. “Başakşehir”in oyunlarını çox izləyirəm. Çox güclü baş məşqçiləri var. İstanbul nəhənglərinin təcrübələri onların çempion olmasına kömək edə bilər, amma futbol hər zaman sürprizlər oyunudur”.

 

 

Qurbanov bəyəndiyi türk futbolçunun adını açıqlayıb:

“Bəyəndiyim ən yaxşı türk futbolçu Hakan Çalhanoğludur”.


Digər xəbərlər

Xəbər xətti