Sportarena.az
23 Avqust 2017

Tofiq Heydərov: “IV İslam Həmrəyliyi Oyunlarında qarşımıza beş medal qazanmağı məqsəd qoymuşuq” - MÜSAHİBƏ

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanda da inkişaf göz qabağındadır.

 

Sportarena.az xəbər verir ki, atletlərimiz irimiqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar. İnkişafda olan idman növlərindən biri də ağır atletikadır. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov ölkəmizdə idmanın bu növünün inkişafı və qarşıda duran vəzifələr barədə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

 

 

– Azərbaycanda ağır atletikanın inkişafını necə qiymətləndirirsiniz?

– Bu gün ağır atletika Azərbaycanda kütləvi inkişaf dövrünü yaşayır. Bölgələrdə AAAF-yə və klublara məxsus mərkəzlər fəaliyyət göstərir. Belə mərkəzlər dünyanın heç bir ölkəsində yoxdur. Biz zona və rayon yarışlarını məhz həmin mərkəzlərdə keçiririk. İdmanın bu növü üzrə kütləvilik yüksək səviyyədədir. Sovet dövrü və sonrakı vaxtlarda ölkə yarışlarında körpücük üzərinə çıxan idmançıların sayı 150-ni ötmürdü. Hazırda yarışlara 700-dən artıq idmançı qatılır. Xüsusən də yeniyetmələr arasında nəticələrimiz daha yüksəkdir. Hər il bu yaş kateqoriyasında yeni idmançılarımız parlayır, qitə və dünya, beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, həmin idmançılar bölgələri təmsil edirlər.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ağır atletikanın inkişafı bütün bölgələrdə sürətlə müşahidə olunmağa başladı. Hətta elə bölgələrimiz var ki, burada idmanın bu növü ilə ümumiyyətlə məşğul olmamışdılar. Buna misal olaraq, Lerik və Samux rayonlarını göstərmək olar. Hazırda həmin bölgələrin yetirmələri ölkə çempionatında inamlı çıxış edib, mükafatçılar sırasında yer alırlar. İndi Astarada böyük təlim-məşq bazası var. Həmçinin 60-a yaxın məşqçimiz fəaliyyət göstərir.

 

– Milli komandamıza legionerlərin dəvət olunması nəzərdə tutulubmu?

– Müstəqilliyin bərpasından sonra idmançılarımızın nəticələri o qədər də ürəkaçan deyildi. Legionerlərə ehtiyacımız var idi. İdmançıları başqa ölkələrdən dəvət edirdik. Ancaq bu gün bizim idmançılarımız başqa ölkələrə gedirlər. Buna misal olaraq, Nicat Rəhimovu göstərmək olar. O, Qazaxıstan millisinin heyətində Olimpiya çempionu oldu. Bir daha yeniyetmə idmançılarımızın uğurlu çıxışını vurğulamalıyam. Bir mütəxəssis kimi düşünürəm ki, bizim legioner idmançılara ehtiyacımız yoxdur. Regionlarda mərkəzlər yaratmışıq ki, oradan çıxan atletlərə dəstək olaq və onların millinin heyətində çıxış etməsinə kömək göstərək. Bizim üçün yerli idmançının beynəlxalq yarışda beşinci yerə çıxması legionerin qızıl medal qazanmasından daha yaxşıdır. Hazırda 12 ölkədə klublarımız fəaliyyət göstərir. Həmin klubların idmançıları bizə müraciət edərək Azərbaycanı təmsil etmək istədiklərini bildirirlər. Ancaq biz bunu qəbul etmirik. Onlara klub daxilində lazımı şərait yaradırıq ki, ölkələrində klubumuzu təmsil etsinlər. Ancaq legioner idmançılarımız da var. Onlar demək olar ki, artıq azərbaycanlılaşıblar. Neçə illərdir ki, ölkəmizdə yaşayırlar. Biz onların da qüvvəsində istifadə edəcəyik. Hətta legioner məşqçilərin belə gətirilməsini düşünmürük. Yeganə çatışmazlığımız qadınlardan ibarət yığmamızdadır. Biz yalnız buna görə xarici mütəxəssislərə müraciət etmişik.

 

– Ağır atletika idmanında dopinqdən istifadə hallarının qarşısı alınması istiqamətində Azərbaycanda hansı addımlar atılır?

– Dopinq problemi təkcə Azərbaycanda deyil. Bu problemlər bütün dünyada var. Ölkəmizdə dopinqə qarşı mübarizə həmişə diqqət mərkəzindədir. İdmanla məşğul olanlara həmişə belə preparatlar təklif olunur. Ancaq biz buna qarşıyıq. Çox vaxt deyirlər ki, bunun sayəsində medalsız qalacaqsınız. Fikir verin, 8 il əvvəl Olimpiya Oyunlarında çıxış etmiş idmançımızın analizindən nələrsə aşkarlanır. Səkkiz ildir həmin idmançıların qanı depolarda saxlanılır. Həmin vaxtla indiki texnologiyalar fərqlidir. İndi istifadəsinə icazə verilən dərmanların gələcəkdə necə olacağı bilinmir. Biz məşqçi və idmançılarla müqavilə bağlamışıq. Əgər hər hansı idmançı belə bir halla qarşılaşsa onu böyük cəza gözləyir. Həmçinin yeni yaradılan Azərbaycan Anti-dopinq Agentliyinin də fəaliyyətindən yararlanacağıq. Ağır atletikada dopinqsiz də uğura qazanmaq mümkündür. Bunun üçün idmançılar öz üzərində çox çalışmalıdırlar. Biz uğur qazanmaq istəyiriksə, ən güclü yeniyetmə idmançıları seçməliyik. Bilirsiniz ki, federasiyanın nəzdində “Zirvə” liseyi fəaliyyət göstərir. Hər il biz bölgələrdən yeniyetmələri liseyə cəlb edirik. Hazırda liseydə üç sinif fəaliyyət göstərir.

 

– Ağır atletlərimizin qarşıdakı yarışlara hazırlığı barədə nə deyə bilərsiniz?

– Ötən ilin sonunda ölkə kuboku yarışı təşkil olunub. Bununla milli komandanın heyəti formalaşdırılıb. Qarşıda duran əsas məqsəd İV İslam Həmrəyliyi Oyunlarında və yeniyetmələr arasında Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir. Apreldə Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı keçiriləcək. Biz yeniyetmələrdən ibarət komandanı bu yarışlara hazırlayırıq. Ötən təlim-məşq toplanışlarına yüzə yaxın idmançı cəlb olunmuşdu. Biz onların arasından öz gücü ilə medal qazana biləcək idmançıları seçdik. İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 15-18 yaşlı idmançılar təmsil edəcəklər. Biz Bakıda təşkil olunacaq yarışda 5 medal qazanmağı qarşıya məqsəd qoymuşuq.

 

– Tofiq müəllim, maraqlı müsahibəyə görə sağ olun.

– Təşəkkür edirəm, sağ olun.

Tarix
19.01.17 [18:34]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Avqust
22 Avqust 

Facebook

Sorğu

Avrokuboklarda hansı klubumuz daha uğurlu çıxış edəcək?
 "Qarabağ"
 "Qəbələ"
 "İnter"
 "Zirə"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio