"Xəzər Lənkəran" rəsmisi: "Hər şey yazda bilinəcək" - AÇIQLAMA

15:04 21 Yanvar 2017

Son zamanlar ölkə futbolunun ən çox müzakirə olunan mövzularından biri də "Xəzər Lənkəran"ın geri qaytımasıyla bağlı xəbərlərdi. Artıq "ağ-yaşıllar"ın fəxri prezidenti Mübariz Mənsimovun klubun yeni planın hazırlanması ilə bağlı göstəriş verdiyi barədə məlumatlar yayılıb.

 

Məsələ ilə bağlı "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi Sportarena.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirdi:

 

"Xəzər Lənkəran"ın qayıtma ehtimalı var. Biz konkret olaraq mart və aprel aylarında bu məsələ barədə qərar veriləcəyini gözləyirik. Hər şey yazda bilinəcək. Planla bağlı məsələyə gəlincə, belə bir şey ola bilər amma məndə belə məlumat yoxdur".

 

PFL prezidenti Ramin Musayev "Xəzər Lənkəran qayıtsın, Premyer Liqada oynayacaq" açıqlamasını verib, Bəs "Xəzər Lənkəran" bu təklifi qəbul edərmi? Qəbul edərsə, sonradan hansısa haqsızlıqla üzləşəcəyi halda PFL-in qarşısında klubun dili qısa olmazmı? Cəbrayıloğlu suallarımıza belə cavab verdi:

 

"Ramin Musayevin təklifinə klub bərpa olunduqdan sonra rəhbərlik səviyyəsində cavab verə bilər. Bu təklifin indidən müzakirə olunmasının mənası yoxdur. Çünki hələ nəyin necə olacağını özümüz də bilmirik. Haqsızlığa gəlincə, "Xəzər Lənkəran" fəaliyyətini dayandırandan bu günə kimi futbolumuzda nə dəyişib ki? Oyunlarımızda haqsızlıq edən Ramil Diniyev yenə görüşlərə təyinat alır, ona sifariş verənlər isə yenə öz vəzifələrindədirlər".

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti