Azərbaycanın təmənnasız “ixracatçı”sı - "Sumqayıt" - YAZI

15:40 24 Yanvar 2017

Azərbaycanlı futbolçuların ölkə xaricinə çıxa bilməməsi hər zaman bizim üçün problem olub və bu gün də böyük ölçüdə problem olaraq qalmaqdadır. Bunun da bir neçə səbəbi var. Əksəriyyət problemin həllini bir istiqamətdə görür. Belə ki, bizim futbolçuların ölkədən kənara çıxmaqda və legioner həyatı yaşamaqda maraqlı olmadıqlarıını əsas gətirərək onları günahlandırır. Başqa sözlə, futbolçuları özlərinə əziyyət verib daha artıq məşq etməyi və Avropada sözün əsl mənasında yaxşı futbolçu olmağı istəməməkdə məzəmmət edirlər. Bir qrup mütəxəssis isə bu məsələdə yaxşı futbolçu yetişdirə bilmədiklərini əsas gətirərək AFFA-nı və klubları “çarmıxa çəkirlər". Düzdür, burada federasiyanın üstünə o qədər də getmək olmaz. Çünki futbolçular daha çox klublarda yetişməlidir. Hər klubun özünün ayrıca uşaq futbol məktəbi və ya akademiyası və uşaq futbolu ilə bağlı səmərəli siyasəti olmalıdır. Futbolçu uşaq yaşlarından klubda hazırlanmalı və yığmaya hazır gəlməlidir. Bu mənada əksər hallarda peşəkar işləməyi bacarmayan klublar daha çox tənqid hədəfi olurlar. Üçüncü bir qisim isə düşünür ki, bizdə yaxşı futbolçu da var və onların arasında ölkə xaricində legioner həyatı sürmək bacarığında olanlar da. Sadəcə, elə futbolçuların kənara çıxmasını təmin edəcək, bunu bacaracaq menecerlər yoxdur, futbolumuzun və futbolçularımızın reklamı zəifdir.

 

“Sumqayıt" nümunəsi

 

Əslində, yuxarıda qeyd olunan hər üç məqam problemin mövcudluğunda müəyyən rol oynayır.  Amma hərdən bunun əksi də baş verir. Yəni, klub futbolçusunun legioner həyatı yaşasına şərait yaradır. Bu mənada “Sumqayıt"ı xüsusi qeyd etmək lazımdır.  Komanda yarandığı gündən nəticə olaraq çempiontada hansısa ciddi uğur qazana bilməyib. Daha çox autsayder mövqeyində olub. Lakin istər daxili, istərsə də xarici “bazar"a futbolçu ixracı baxımından ilk sırada qərarlaşıb. Hazırda ölkə daxilində üzdə olan futbolçuların əhəmiyyətli hissəsi məhz “Sumqayıt"ın sayəsində bu səviyyəyə çatıblar.

 

Daxili bazar

 

“Sumqayıt" Permyer Liqada 2011-ci ildən iştirak edir. Hazırda elitada olan klublar arasında “Zirə"dən sonra ən gəncidir. Amma futbolçu yetişdirmək baxımından şübhəsiz ki, öncüllərdəndir. Bu komandada neçə-neçə futbolçunu tanınıb və digər klublara satıb. Üstəlik, həmin futbolçular arasında yığma səviyyəsinə yüksələnlər də olub. Onların bir neçəsini yada salaq.

Bədavi Hüseynov. Bədavi  “Sumqayıt"a gələndə sıradan bir futbolçu idi. “Sumqayıt" rəhbərliyi onu istedadlı və perspektivli olduğuna görə kluba dəvət etmişdi. Həqiqətən  də Azərbaycana gəlişindən 3-4 ay sonra ölkənin bir neçə iddialı klubu Hüseynova elçi düşdü və bir qədər sonra “Qarabağ" onu heyətinə qatdı. Bədavi hazırda həm “Qarabağ"ın, həm də yığmanın əvəzolunmaz futbolçularından sayılır. Yəni, “Sumqayıt" Azərbaycan futboluna Bədavi Hüseynovu qazandırıb.

Məhəmməd Mirzəbəyov. Məhəmməd də ölkəmizə gələndə məşhur deyildi. Hətta onun yararsız futbolçu olduğunu düşünənlər də var idi. Lakin zaman keçdikcə öncə “Sumqayıt"da möhkəmlənən dağıstanlı ardınca ölkənin iddialı klublarından olan “İnter"ə transfer olundu.  Hazırda “Qəbələ"də forma geyinən Məhəmməd həm də yığmamızın üzvüdür.

Şahruddin Məhəmmədəliyev. Şahruddin “Sumqayıt"ın “mətbəx"indən çıxan futbolçulardandır. Düzdür, “Sumqayıt"dan əvvəl o, “Şahdağ"da forma geyinib. Lakin etiraf edək ki, I Divizionla Premyer Liqanın səviyyəsi tamam başqadır. Sumqayıt təmsilçisi vaxtında bu qapıçını Qusar klubundan alıb bütün ölkəyə tanıtdı və sonradan “Qarabağ" onu heyətinə qatdı. “Şah" həm də U-21 yığmamızın formasını geyinib.

Slavik Alxasov. Slavik “Neftçi"nin yetirməsi olsa da, onu da Azərbaycan futboluna tanıtdıran “Sumqayıt" olub.  Məhz Sumqayıt təmsilçisinin heyətindəki oyunu ilə diqqət çəkən Alxasov sonradan ölkənin başqa bir iddialı klubu olan “İnter"ə transfer olundu. Daha öncə isə “Xəzər Lənkəran" da onu bəyənib heyətinə qatmışdı.

Ruslan Qurbanov. Ruslanı Azərbaycana gətirən klub “Neftçi"olub. Lakin paytaxt klubu ona yetərincə oynamaq şansı verməyib. Bu tip futbolçuları götürüb oynatmaqda və onların potensiallarını açmaqda pərgar olan “Sumqayıt" “Neftçi"də “zapas"da “çürüyən" Ruslanı heyətinə qatdı.  Məhz “Sumqayıt"da oynamaqla xeyli artıran Ruslan həm yığmaya dəvət aldı, həm də “Neftçi" onu yenidən geri qaytardı.  Hazırda isə “Qəbələ"nin şərəfini qoruyur.

Elşən Abdullayev. Elşən Abdullayev “Neftçi"nin yetişdirdiyi, amma əsas komandada oynamağa imkan qazanmayan futbolçulardandır. Onun istedadının itib-batdığını görən “Sumqayıt" futbolçunu 6 aylıq icarəyə götürdü. Sumqayıt klubunda daimi oynamaq şansı qazanmaqla xeyli artıran Elşəni elə həmin “Neftçi" 6 ay sonra ikiəlli geri qaytardı. Bir neçə gün bundan əvvəl isə Abdullayevi “Qarabağ" “ələ keçirdi”.

Perdis Fercad Azad. İranlı futbolçunu Azərbaycana “Sumqayıt" gətirib. Elə ilk mövsumdəcə özünü yaxşı tərəfdən göstərən Perdis bombardirlər yarışına qoşulmaqla hücumçu keyfiyyətlərini göstərə bilib. Ardınca Berti Foqts onu yığma komandaya dəvət edib. Bir vaxtlar “Xəzər Lənkəran" bu futbolçuya elçi düşmüşdü və Perdis hətta Avstriyada təlim-məşq toplanışında olan klubun düşərgəsinə də yollanmışdı.  Lakin tərəflər maddi məsələdə razılığa gələ bilmədiyi üçün keçid baş tutmamışdı. Sonrada bu futbolçunu “İnter" öz heyətinə qatmışdı.

Orxan Əliyev. Bu futbolçunu “Sumqayıt"ın prezidenti Kamran Quliyev “Sumqayıt"ın körpəsi" adlandırırdı. Çünki Orxan məhz bu klubda parlayıb, üzə çıxıb. Bir dönəm onu iddialı “Xəzər Lənkəran" heyətinə qatmışdı. Futbolçu hazırda “Kəpəz"in aparıcı üzvlərindəndir. Bir ara bu onun “Portu"nun düşərgəsində olduğunu və Portuqaliya təmsilçisinin əvəzedici heyətində hazırlıq keçdiyini də qeyd etmək yerinə düşər.

Məhəmməd Qurbanov. Bu futbolçu da “Sumqayıt"a gələndə heç kim onu tanımırdı. Arıq, çəlimsiz biri idi. İlk günlərdən “Sumqayıt" özü də onu oynatmayaraq daha yaxşı hazırlaşdırmağa vaxt sərf etdi. Sonradan isə tədricən şans verdi. Futbolçu bu şansdan istifadə edib potensialını açdı, çempionatın ən sərrast futbolçularından birinə çevirildi və yığmaya dəvət aldı.  Məhz bundan sonra “Neftçi" onu transfer elədi.

 

Xarici bazar

 

Gəlirik yazının ən əsas məğzinə. Söhbət “Sumqayıt"ın tək daxili yox, xarici bazara da “məhsul ixracı"na.  Futbolçuların ölkədən kənara çıxmasına mane olan səbəblərə istisna hal kimi göstərdiyimiz nümunə məhz “Sumqayıt"dar. 1 il ərzində bu klubdan xaricə 3 futbolçu yollayan tək klub “Sumqayıt"dır.

Budaq Nəsirov. Budaq Tovuz futbolunun yetirməsi olsa da, onu peşəkar futbolçu kimi ölkə futboluna qazandıran məhz “Sumqayıt" olub. Belə ki, bu kluba keçən Budaq mütəmadi olaraq Premyer Liqada oynamağa və artırmağa başladı. Təsadüfi deyil ki, “Sumqayıt"dakı çıxışlarına görə Budağı bəyənən “Kəpəz" onu icarəyə götürdü. İcarə müddəti başa çatandan sonra “Sumqayıt"a qayıdan Budaq Nəsirov üçün Portuqaliyaya yollanmaq imkanı yarandı. “Sumqayıt" isə futbolçunun qarşısını kəsmədi və onun “Sportinq"ə keçməsinə şərait yaratdı.

Kamran Ağayev. Çoxları deyə bilər ki, Kamran “Sumqayıt"ın heyətində bir oyuna da çıxmayıbsa, bu klubun onun “Boavişta"ya keçidində hansı rolu ola bilər? İzah edək. Hər kəs gözəl bilir ki, Kamran yığmanın qapıçısı olsa da, faktiki ortada qalmışdı. Heç kim ona sahib çıxmaq istəmirdi. Belə bir vəziyyətdə “Sumqayıt" Ağayevə qucaq açdı, onunla müqavilə bağladı və adını da iştirak ərizəsinə daxil etdi. Bundan başqa, Ağayev “Boavişta" variantı ortaya çıxana kimi məhz “Sumqayıt"da məşqlərini davam etdirdi. Hətta onun üçün xüsusi proqram da tərtib olunmuşdu ki, qapıçı ən qısa zamanda ideal formasını bərpa etsin. Məhz həmin hazırlığın nəticəsidir ki, bu gün Kamran “Boavişta"da əsas heyətdə yer alır. Əgər vaxtında “Sumqayıt" olmasaydı və Ağayevə qucaq açmasaydı, yığmamızın qapıçısı nəinki Portuqaliyaya yollanıb əsas heyətdə möhkəmlənərdi, hətta karyerasını da bitirə bilərdi.

Amit Quluzadə. Amit “Sumqayıt"a gələndə heç kimə lazım olmayan birisi təsəvvürünü bağışlayırdı. Etiraf edək ki, heç bir futbolçu “Qarabağ", “Qəbələ", “İnter", “Neftçi" kimi klublardan təklif aldığı halda onları qoyub gəlib “Sumqayıt"da oynamaz. “Sumqayıt"a gəlirlərsə, deməli, heç kimə lazım deyillər və bu komandaya Premyer Liqada sonuncu ümid gözü ilə baxırlar. Amit də məhz “Sumqayıt"a gəldikdən sonra tədricən artırmağa və əvvəlki formasını bərpa etməyə başladı. Xüsusilə bu mövsüm əsas heyətdə daha çox oynamağa başladı. Bunun nəticəsində “Larisa"nın diqqətini çəkdi və Yunanıstan klubuna transfer olundu.

 

Milliləşdirmə siyasətindən imtina etməli

 

Yuxarıda adları sadalanan futbolçuların bir hissəsi ölkə xaricindən Azərbaycana gətiriliblər və daha sonra milliləşdiriliblər. Bu mənada “Sumqayıt"ı məzəmmət etmək olar. Ölkədə lazımi “xammal" ola-ola xaricdən almaq nə dərəcədə düzgündür? “Sumqayıt"ın 7 il əvvəl yaradıldığını və gənc klub olduğunu nəzərə alsaq, fəaliyyətində müəyyən çatışmazlıqların olması normaldır. Klubun futbol akademiyası yeni-yeni qurulur. Akademiya ölkənin öncüllərindən olmasa da, az müddətdə gənc futbolçuların yetişdirilməsi üçün burada xeyli işlər görülüb. Bunun bəhrəsini isə yəqin ki, yaxın gələcəkcə görəcəyik. Azından yerli “xammal"dan yerli “məhsul" istehsal olunacaq ki, bu da ölkə xaricindən istedadlı hesab edilən gənclərin “Sumqayıt"a, eyni zamanda ölkəyə axınını zəiflədəcək. Bir məqama da toxunaq - yuxarıda adları çəkilən futbolçulardan əlavə kluba zaman-zaman başqa legionerlər də cəlb edilib və uğursuzluğa düçar olublar. Bu isə başqa söhbətin mövzusudur.

Ümumiyyətlə, sadalananlar “Sumqayıt"ın fəaliyyətinin müsbət tərəflərinin çoxluğunu göstərir. Bu klub cüzi büdcə ilə həm özü futbolçu yetişdirir, həm də heç  kimə tanış  və lazım olmayan futbolçuları heyətinə qatıb oynadır, daha sonra onları iddialı klublara satır. Müəyyən çatışmazlıqlara rəğmən bu yöndə klub çox ağıllı siyasət aparır və əminliklə demək olar ki, ölkədə “1 nömrə"di. Yenə misal gətirək, bir vaxtlar bu klub Orxan Əliyevi “Xəzər Lənkəran"a 60 min dollara satmışdı. 1 il sonra isə futbolçu kluba havayı başa gəldi. Yaxud Məhəmməd Qurbanova görə 70 min dollar ödəyən “Neftçi" 1 il sonra onu pulsuz geri qaytardı. Eyni zamanda Emil Balayev, Anar Nəzirov, Rəhman Hacıyev, Ağabala Ramazanov, Ruslan Tağızadə, Hacı Əhmədov, Abdulla Abatsiyev, Murad Ağayev kimi futbolçuların sonrakı karyeralarında da “Sumqayıt"ın müəyyən rolu olub.

Klubun öz akademiyasında yetişən futbolçulara gəlincə, Bəxtiyar Həsənalızadəni göstərmək olar.  4 ildir komandanın əsas heyət üzvü olan Bəxtiyar hazırda ölkənin ən yaxşı mərkəz müdafiəçilərindən sayılır.  Ötən il əvəzedici komandadan əsas komandaya cəlb edilən Xəyal Nəcəfov da artıq adından söz etdirməyi bacarıb. Təsadüfi deyil ki, yerli azarkeşlər ona “İnyesta" ləqəbini qoyublar. Bu ildən əsas komandaya cəlb olunan Süleyman Əhmədov perspektivli futbolçulardan sayılır və U-19 yığmamızın üzvüdür.

Daha bir müsbət hal isə klubun ölkə xaricinə göndərdiyi futbolçulardan maddi təmənna ummamasıdır. Belə ki, “Sumqayıt"ın həm Budaq Nəsirov, həm Kamran Ağayev və həm də Amit Quluzadə ilə müqaviləsi ola-ola, onları ölkə xaricinə təmənnasız buraxıb. Belə deyək, ölkə futbolunun inkişafı və adı naminə. Bu mənada “Sumqayıt”a Azərbaycanın təmənnasız ixracatçısı adını vermək olar.

 

«Het-trik news» qəzeti


Digər xəbərlər

Xəbər xətti