"Bank üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir" - "İnter"dən RƏSMİ AÇIQLAMA

16:12 26 Yanvar 2017

Bir müddət əvvəl Beynəlxalq Bankın rəhbər postlarında növbəti dəyişiklik baş verdi. Məhz bundan sonra bankın sponsorluq etdiyi "İnter"lə əməkdaşlığa son verəcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb.

 

Sportarena.az xəbər verir ki, artıq qurumun futbolçuların maaşlarını üçüncü aydır ödəmədiyi barədə informasiyalar var. Hətta paytaxt təmsilçisinin SOCAR-ın nəzarətinə keçəcəyi də söylənir.

 

Bütün bu məsələlər aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. Məmmədov yayılan xəbərləri təkzib etməklə yanaşı, baş verənlərə aydınlıq gətirdi.

 

 

"Mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Futbolçulara sadəcə dekabr ayının maaşları verilməyib. O da fevralda ödənəcək. Bu barədə öncədən məlumatlı idik. Bunun səbəbi prosedur qaydalarıdı. Bildiyiniz kimi, həm klubda, həm də bankda rəhbər dəyişikliyi olub. Bəzi işlər görülməlidi. Maaşla bağlı heç kimin problemi yoxdur. Əmək haqqlar vaxtında ödənilir. Hətta klubun bütün işçiləri dekabr ayı üzrə maaşlarını alıblar. Sadəcə futbolçu və məşqçi heyəti maaş almayıblar. Bunun da səbəbini qeyd etdim.

 

Beynəlxalq Bankın sponsorluqdan imtina etməsi xəbərinə gəlincə, bunu biz hamımız mətbuatdan oxuyuruq. Bankdan bizə bu barədə heç bir rəsmi müraciət gəlməyib. Açıq deyim, bu məsələ klub daxilində hiss edilmir də. Bütün işlər normal şəkildə gedir, bank üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Təsadüfi deyil ki, komanda Antalyada təlim-məşq toplanışında da oldu. Belə heç bir problem yoxdur. Yayılan xəbərlərin hamısı əsassızdır".

 

Heybət Məmmədov


Xəbər xətti