"İnter" AFFA-nın idarəçiliyinə keçdi - RƏSMİ AÇIQLAMA

14:32 31 Yanvar 2017

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib.

 

Sportarena.az xəbər verir ki, klub artıq AFFA-nın sərəncamına keçib. Bu barədə federasiyanın saytında açıqlama verilib. Açıqlamanı olduğu kimi təqdim edirik:

 

"ABB tərəfindən verilən rəsmi açıqlamada sponsorluğun dayandırılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan bankda biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılması göstərilir.

 

Bankın müvafiq qərarla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciətinə və bank ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq “İnter” Peşəkar İdman Klubunun idarəçiliyini qarşı tərəfə verir. AFFA tərəfindən ABB-nin təklifinin qəbul edilməsində məqsəd Azərbaycan futbolunun, həmçinin futbolçuların maraqlarını qorumaq, Premyer Liqanın əsas komandalarından biri olan “İnter” PİK-in mövsümün sonuna qədər fəaliyyətini təmin etməkdir. AFFA klubun idarəetməsini öz üzərinə götürməklə bərabər yeni sponsor axtarışına başlayıb.

 

1 fevral 2017-ci il tarixindən etibarən AFFA klubun idarəçiliyini öz üzərinə götürür və Rəmiş Malıyevi “İnter” Peşəkar İdman Klubunda səlahiyyətli nümayəndə təyin edir.

Malıyev Rəmiş Təzəxan oğlu 16.06.1976-cı ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. 2008-ci il iyulun 1-dən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında hüquqşünas kimi fəaliyyətə başlayıb. Hazırda AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışır.
UEFA-nın Hüquq komitəsinin üzvü və UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidir. Qadınlar arasında 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 dünya çempionatı və kişilər arasında 2016-cı ildə Azərbaycanda keçirilən U-17 Avropa çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü olub. Ailəlidir, 3 övladı var". 


Digər xəbərlər

Xəbər xətti