"Nə baş verdiyini anlamadıq" - "Kəpəz"in futbolçusu - AÇIQLAMA

16:04 31 Yanvar 2017

"Bu cür başlanğıcı heç kim gözləmirdi, xüsusən də biz futbolçular. Hamı "Kəpəz”in uğurlu çıxışına ümid edirdi, amma nəticə başqa cür oldu”. 



Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz”in futbolçusu Azad Kərimov klubunun rəsmi saytına açıqlamasında söyləyib. Gənc müdafiəçi Azərbaycan Premyer Liqasının XV turunda "İnter”ə 1:4 hesabı ilə uduzduqları matçı dəyərləndirib

 

"İlk yarıda yaxşı oynadıq, qol da vurduq. Fasilədən sonra "Kəpəz” özünə oxşamadı. Nə baş verdiyini, nə yaşandığını anlamadıq. Bütün heyət şokdan ayıla bilmədi. Biri var bir futbolçu oynamasın, biri də var ki, meydanda onların hamısı dayansın. Kollektiv şəkildə oynaya bilmədik. Qolları da ardıcıl buraxdıq. Bu, bizə böyük bir dərs oldu. Bundan nəticə çıxarmalıyıq”.
 

 

Oyundan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Şahin Diniyev məğlubiyyətin səbəblərini futbolçularda yox, özündə axtardığını bildirmişdi. Kərimov isə fərqli düşünür:

 

"Məğlubiyyətdə hamımızın səhvi var. Təkcə baş məşqçi günahı öz üzərinə götürməməlidir. Əsas futbolçulardır, çünki meydanda mübarizə aparan, qaçan biz idik. Şahin müəllim buna neyləsin? Məşqçi tapşırığını verir, yetirmələrinə yol göstərir. Taktiki göstərişlərə oyunçular əməl etməlidirlər. "İnter” ilə oyunun ilk yarısında son dəqiqəni çıxmaq şərtilə deyilənləri yerinə yetirdik. Amma fasilədən sonra hər şey dəyişdi. Hamı üçün soyuq idi. Biz isə sanki donmuşduq”.
 

 


Çempionatın XIV turunda "Kəpəz” doğma meydanda "Zirə”ni qəbul edəcək. Kərimov 2017-ci ilin ilk ev oyununda azarkeşləri sevindirəcəklərinə inandığını bildirib:

 

"Məğlubiyyətdən nəticə çıxarmışıq. Ona görə də "Zirə” ilə oyuna ciddi hazırlaşırıq. Qələbə qazanmaqla yenilgini unutdurmaq istəyirik. Azarkeşlərimiz də bizdən ancaq qələbə gözləyir. Bunu yaxşı başa düşürük. İnşallah, oyunun hesabı da arzuladığımız kimi olar”.


Digər xəbərlər

Xəbər xətti