Astarada uşaq futbolu: Məşq etməyə meydança belə yoxdur - LAYİHƏ

14:32 2 Fevral 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda layihənin icrasına davam edir.

 

Layihə çərçivəsində üçüncü səfərimiz Astara rayonunadı. İlk iki səfərimizdən - Masallı və Salyandan fərqli olaraq burada fərqli mənzərə ilə qarşılaşdıq. Nə qədər qəribə olsa da, qarşımıza çıxan hər kəs rayonda normal uşaq futbolunun olmadığını söyləyirdilər. "Astarada futbol oynamaq üçün ümumiyyətlə şərait yoxdur" sözlərini eşidirdik. Orada olduğumuz müddətdə qarşımıza nə stadion, nə məşq etmək üçün meydança çıxmadı. Sonradan məlum oldu ki, futbolla məşğul olmaq üçün sadəcə Olimpiya İdman Kompleksinin stadionu var, oranın da xidmətləri ödənişlidir.

 

Uşaq futbolunun problemlərini daha ətraflı öyrənmək üçün Uşaq Gənclər İdman Məktəbinə yollandıq. Məktəbin direktoru Cəbrayıl Məmmədov bizimlə söhbətində problemlərin olduğunu təsdiqlədi və ətraflı məlumat verdi:

"Astarada futbolla məşğul olmaq üçün demək olar ki, heç bir şərait yoxdur. Uşaqlarla məşq keçməyə meydança tapa bilmirik. Sadəcə Olimpiya İdman Kompleksinin stadionu var ki, oranın xidmətləri də ödənişlidir. Ayda 170 manat ödəmək lazımdı. Bunun üçün isə bizim imkanımız yoxdur. Əvvəllər "Xəzər Lənkəran" həmin pulu ödəyirdi. Biz isə bunun müqabilində ən yaxşı uşaqlarımızı onlara verirdik. Razılaşmaya əsasən, futbolçularımızı ancaq onlar götürürdülər. Uşaqlar başqa klublara gedə bilmirdilər. Bildiyiniz kimi, keçən ildən "Xəzər Lənkəran" aktiv fəaliyyətini dayandırdı. Ondan sonra bizim ödənişimizi vermədilər. Biz də indi məcbur olub meydançanın pulunu verməli oluruq. Amma indi futbolçularımızı istənilən kluba göndərə bilmirik. "Qəbələ"yə, "Vətən"ə yollananlarımız var. Uşaqlardan milli komandaya dəvət alanı da olub. Amma birinin atası buna icazə vermədi".


Məmmədov UGİM-in tərkibində beş yaş qrupu üzrə komandaların olduğunu və onların AFFA-nın turnirlərdə iştirak etdiyini söylədi. O, həmçinin məktəbin digər problemlərindən də danışdı:

"Bizim məktəbdə futbola daha çox maraq var. Digər idman növlərini - boks və güləşi açıq-aşkar üstələyir. Ona görə də diqqətimizi məhz futbola yönəltmişik. Beş yaş qrupu üzrə komandamız var. Həmin komandalarda 75 uşaq, 5 məşqçi fəaliyyət göstərir. 5 komandamızın hamısı AFFA-nın yarışlarında iştirak edirlər. Federasiya sadəcə yol xərclərimizi qarşılayır. Amma bizim forma və top problemimiz var. Formalar 2-3 il əvvəl verilib, birtəhər yola veririk. Amma top sarıdan ciddi sıxıntı çəkirik. Məşq eləməyə top tapmırıq, almağa da imkanımız yoxdur. Lazım olan hər yerə müraciət etmişik. Kömək etməyiblər".

 

 

UGİM-də çalışan məşqçilərlə də görüşdük. Afaq Əkbərov və Qəhrəman Mirzəyev də demək olar ki, eyni problemlərdən danışdılar. Mirzəyev bildirdi ki, heç orta məktəblərin həyətlərində belə məşq etmək üçün şərait yoxdur:


"Problemlər çoxdu. Ən əsası isə məşq etmək üçün yerin olmamasıdı. Bilmirik harada məşq edək. Olimpiya İdman Kompleksində məşq edirdik, onun da pulunu uşaqlar və valideynlər ödəyirdilər. Bu ay ödəmə olmayıb, orada məşq edə bilməyəcəyik. Başqa meydançamız da yoxdur. Orta məktəblərin meydançalarından istifadə etmək mümkün deyil. Həm çox balacadılar, həm də örtüyü asfaltdandı. Uşaqlar orada necə məşq etsin? Bu, düzgün olmaz".

 

Daha sonra Afaq bəy söhbətə qoşuldu. O, problemlərin həlli yolunda bir sıra addımlar atdığını və bunların nəticəsiz qaldığını söylədi:

"Artıq bilirsiniz. Əsas problemimiz məşq etməyə yerimizin olmaması ilə bağlıdı. Olimpiya İdman Kompleksində şərait yaxşı olsa da, xidmətləri pulludur. Məşq etməyə yaxşı futbol meydançası var idi. Hava əlverişsiz olanda oranın zalında məşq edə bilirdik. Bizim isə maddi imkanlarımız güclü deyil. Keçən aya qədər uşaqlar özləri ödənişi verirdilər. Artıq bu aydan ödəniş olmayacaq. Bu isə məşqlərin dayanması deməkdir. Bir il bundan əvvələ qədər "Xəzər Lənkəran"ın aşağı yaş qrupları burada məşq keçirdilər deyə ödənişi onlar edirdilər. Bildiyiniz kimi, klub fəaliyyətini dayandırıb. Həmin vaxtdan burada məşq etmirlər və ödənişimizi də edən yoxdur.

Dəfələrlə aidiyyatı orqanlara müraciət etmişik. Heç nə həll olunmayıb. Hətta bu məsələ ilə bağlı Gənclər və İdman naziri Azad Rəhimovun da qəbulunda olmuşam. Ondan heç olmasa bir süni örtüklü meydançanın salınmasını xahiş etdim. Cənab Rəhimov bildirdi ki, bu, nazirliyin imkanları xaricindədi, bu məsələdə bizə Təhsil Nazirliyi köməklik edə bilər. Təhsil Nazirliyinə də müraciət elədik. Bildirdilər ki, belə imkanları yoxdur, olanda edəcəklər. Başqa qurumlara da məlumat vermişik. Gələnə, gedənə hamıya demişik. Heç nə düzəlmir. Belə olmaz axı. Astarada futbolla məşğul olmaq üçün heç bir imkan, şərait yoxdur".

 

Əkbərov bildirdi ki, yeganə təsəlli verici məqam uşaq komandalarının AFFA-nın turnirlərində iştirak etməsidi:

"Əsas odur ki, komandalarımız AFFA-nın turnirlərində iştirak edir. Federasiya xərcləri qarşılayır. Bu olmasa, heç turnirlərdə də iştirak edə bilmərik. Komandalarımızın həmin turnirlərdə iştirakı xeyrimizədi, uşaqlar arada nəticə də verirlər".


Yəqin Astarada uşaq futbolunun hansı vəziyyətdə olması barədə əlavə şərhə ehtiyac yoxdur. Artıq özünüz də anladınız ki, digər səfər etdiyimiz rayonlardan - Masallı və Salyandan fərqli olaraq burada şərait çox pisdir. Adını qeyd etdiyimiz rayonlarda futbolla məşğul olmaq üçün imkan var idisə, burada vəziyyət acınacaqlı haldadı. Uşaq futbolunun inkişafını istəyiriksə, bölgələrdə mütləq şərait yaradılmalı, mümkün olduğu qədər maddi və mənəvi dəstək verilməlidi. Əks halda, itirən Azərbaycan futbolu olacaq. Nə bilmək olar,bəlkə gələcəyin peşəkar futbolçularından biri və ya bir neçəsi elə Astaradan çıxacaq.

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti