"Qol buraxırıqsa..." - Qurban Qurbanov - MÜSAHİBƏ

17:25 3 Fevral 2017

"Çox vacib qələbə qazandıq. Ağır oyun oldu".

 

Sportarena.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

 

Azərbaycan Premyer Liqasının 16-cı turunda AZAL-ın qonağı olan ağdamlılar hesabda geri düşmələrinə baxmayaraq, meydanı qalib tərk etməyi bacarıblar - 2:1. Görüşdən sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib:

 

"Oyuna pis başladıq, nəzarəti ələ ala bilmədik. Rəqib yaxşı müdafiə olundu. Buna baxmayaraq, qol imkanlarımız oldu. Təəssüf ki, Dani Kintananı itirdik. Ola bilsin ki, o, uzun müddətə sıradan çıxdı. Yenə də futbolçularımı, azarkeşləri təbrik edirəm. AZAL da gözəl formalaşmış komandadı".

 

 

- Kintananın yoxluğu çempionluq yolunda sizə nə dərəcədə zərbə olacaq?

- Düşünürəm ki, zərbədi. Düzdü, heyətdə onu əvəz edəcək oyunçular var. Amma Kintana kimi futbolçunun olmaması problem yaradacaq. Onunla yanaşı, Riçardın da yoxluğu topla davranmağımıza təsir edir. Həkimlər son sözü sabah deyəcəklər.

 

 

- İki oyundu hesabda geri düşürsünüz. Qol buraxmağınızın səbəbi nədi?

- Qol buraxırıqsa, hansısa diqqətsizlik olur. Komanda oyunu meydanın rəqibə aid hissəsində qurursa, istər-istəməz müdafiədə boşluq yaranır. Futbol elə səviyyəyə gəlib çatıb ki, istənilən rəqibdən istənilən nəticəni gözləmək olar. Futbolda belə hallar normaldı. (Apapsort)


Xəbər xətti