"Qərəz fikrini özümüzə yaxın buraxmamalıyıq" - Vaqif Sadıqov - AÇIQLAMA

13:20 4 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən AZAL - "Qarabağ" (1:2) və "Qəbələ" - "Neftçi" (1:0) görüşlərində qeydə alınan ciddi hakim səhvləri futbol ictimaiyyəti tərəfindən ciddi şəkildə müzakirə edilir. Hər kəs məsələyə bir cür yanaşır. Zərərçəkən klublar haqqını tələb edirlərsə, leyhinə qərar verilənlər isə bu cür yolla xal qazanmaq istəmədiklərini bildirirlər. Eyni zamanda, mətbuat və futbol ictimaiyyətinin nümayəndələri də baş verənləri diqqət mərkəzində saxlayır, müxtəlif müzakirələr aparırlar.

 

Gündəmin isti mövzusunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla müzakirə etdik. Təcrübəli mütəxəssis Sportarena.az-a açıqlamasında baş verənlərə belə münasibət bildirdi:

 

"Dünən baş verənlər heç kimin xeyrinə olan bir şey deyildi. Heç kim istəməzdi ki, bu hadisələr baş versin. Hətta hakimin səhvi nəticəsində qalib gələn "Qəbələ" klubu bəyanat yayaraq bildirdi ki, nə leyhimizə, nə də əleyhimizə verilən qərarlarla qarşılaşmaq istəmirik. Dünənki hakim qərarlarını qərəz adlandırmazdım. İnanmıram ki, burda qərəzli bir şey olsun. Sadəcə hakim səhvləri nəticəyə öz təsirini göstərdi. Və haqlı etirazlara səbəb oldu. Heç kim istəməzdi ki, belə hal olsun. Amma səhvlər qaçınılmazdı. Həmişə olub, olacaq da. Amma bunun qərəzli olduğuna inanmıram. Düşünürəm ki, bu səhvləri gələcəkdə aradan qaldırmaq mümkündü".

 

Sadıqov hakim səhvlərindən ən çox əziyyət klubun "Neftçi" olduğunu söylədi:

"Neftçi" qış fasiləsindən sonra çox yaxşı oynayır. Heyətdəki dəyişikliklərdən sonra komanda güclənib və güclü rəqibləri ilə başa-baş mübarizə aparır. Ancaq komanda son iki oyundakı hakim səhvlərinə görə qızıl xallar itirdi. Halbuki "Neftçi" həmin oyunlarda döyüşürdü və həmin xallar onların haqqı idi".

 


O, həmçinin "Qarabağ"ın da kənardan köməyə ehtiyacı olmadığını söylədi:

"Qarabağ" elə bir komandadır ki, onun kənardan heç kimin köməyinə ehtiyacı yoxdur. Bu komandanın sərgilədiyi futbol hamıya məlumdu. "Qarabağ"ın həm daxili çempionatdakı, həm Avropa Liqasındakı oyunlarını hamımız görmüşük. Onlar öz sözlərini oyunuyla deyirlər. Mən o klubun rəhbərliyini də, baş məşqçisi Qurban Qurbanovu da, bir futbolçularını da çox yaxşı tanıyıram. Onlar elə insanlar deyillər ki, kiminsə köməyinə ehtiyac duysunlar. Onlar çox çalışıb, əməyinin nəticəsini görməyə çalışırlar".

 


Vaqif bəy sonda bu vəziyyətdən çıxış yolu barədə danışdı və gələcəyə müsbət yöndə baxmaq laızm oduğunu bildirdi:

"Futbolda həmişə səhvlər olub, olacaq da. Bunlar qaçınılmazdı. Amma biz bunların qərəzə çevrilməsinə imkan verməməliyik. İndinin özündə də inanmıram ki, sözügedən hakim səvləri qərəzli olsun. Bundan sonrakı dönəmdə sakitləşib, hər kəs işini görməlidi. Hətta klubların bu məsələyə qəzəbli yanaşacağını düşünmürəm. Bunları unutmaq lazımdı. Gələcəyə müsbət yöndə baxmalıyıq. Azərbaycan futbolunun rəhbərliyi, klublar, hamımız futbolun inkişafı üçün çalışırıq. Heç kim istəməz ki, belə səhvlər olsun. Səhvlər olacaq, amma çalışmaq lazımdır ki, bundan sonra bu qədər ciddi, nəticə təsir göstərən hadisələr olmasın. Qərəz fikrini özümüzə yaxın buraxmamalıyıq. Biz ancaq işimiz barədə fikirləşməliyik. Çalışmalıyıq ki, futbolumuz inkişaf etsin, klublarımız avrokuboklarda daha yaxşı çıxış etsinlər və yeni yerli futbolçular yetişsin. İnkişaf olduqca səhvlər də aradan qalxacaq".


Digər xəbərlər

Xəbər xətti