Bilinməyən oyun - YAZI

20:24 4 Fevral 2017

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində dünən keçirilən AZAL - "Qarabağ", "Qəbələ" - "Neftçi" matçlarında baş verən hadisələrdən yəqinki xəbərdarsız. Hakim səhvləri yenə aləmi bir-birinə qatdı. Matçlar bitən kimi müzakirələr başlandı. Hətta klublar belə bəyanatlar verməyə başladılar.

 

Əslində, hakim səhvləri 16-cı turdan yox, daha əvvəldən başlanıb. Kimin nə oynadığı məlum olmayan meydanda Azərbaycan futbolu, "Qarabağ", "Qəbələ" və başqaları uduzur. Nəyə görə? "Qarabağ"ın xeyrinə verilən qərarlar klubun imicinə zərbə vurur, digər klublarda, futbol ictimaiyyətində Ağdam təmsilçisinə qarşı aqresiya yaranır, başqa klublarla üz-üzə qoyulur. Kənardan elə görünür ki, "Qarabağ"ı qabağa dartırlar. Onların buna ehtiyac varmı? Əlbəttə yox!

 

Bəs bu nə oyundu? Sualımıza cavab tapmaq isə hələki mümkünsüzdü. Hakimlər qərəzli qərarlarmı verirlər, yoxsa bacarıqları elə bu qədərdi? Yenə anlamaq olmur. Əliyar Ağayevin Avropada get-gedə irəliləməsindən sonra Azərbaycanlı hakimlərin bacarıqsız, istedadsız olması fikrinə adamın inanmağı da gəlmir. Necə olur ki, birinci kateqoriyada hakimi olan ölkədə matçları idarə etməyi bacaran 3-4 nəfər tapılmır? İnandırıcı deyil. Deməli, kimsə oyun oynayır. Özü də çox böyük... Bu oyunun əsas məqsədi isə düşmənçilik yaratmaqdı. "Qarabağ"la "Qəbələ"ni, "Neftçi"ni üz-üzə qoyub, onları döyüşdürmək istəyir. Onlar bundan nə qazanacaq? Bilinmir, çünki bu oyunu oynayanların hələki kim olduğu bilinmir. Amma itirənin kimlər olacağını bilirik. Adlarını çəkdiyimiz klublar və Azərbaycan futbolu.

 

Bu məsələ tez həll olunmalı, mübahisələr böyüməməli, əsəblərə sahib çıxılmalıdı. Xüsusi ilə də Azərbaycanı Avropada hər il uğurla təmsil edən "Qarabağ" və "Qəbələ" kimi klublar. Hər şeyi ayıq başla ölçüb-biçmək lazımdı. Əks halda, bu oyunun nəticəsi onlar üçün ağır ola bilər. Hər iki tərəf dərk etməlidir ki, bu məsələdə heç birinin günahı yoxdur. Bu oyunu quranların əsas istəyi heç kimdən asılılığı olmayan bu iki klubu bir-birilərinin əli ilə sarsıtmaq və məhv etməkdi. Görünən odur ki, onlara futbolun inkişafı, sağlam rəqabət lazım deyil. Sadəcə öz maraqlarını güdürlər.


Hər şeyin geci-tezi var. Bütün düyünlər açılacaq. Ümid edək ki, sonda qalib gələn səbrli davranan "Qarabağ" və "Qəbələ"  olacaq.

 

Heybət Məmmədov


Xəbər xətti