“İnter”in aqibəti necə olacaq? - YAZI

11:56 9 Fevral 2017

“İnter" Azərbaycanın futbol həyatına futbola milyonların axmağa başladığı 2004-cü ildə qədəm qoyub. Klubun yaranma tarixi həmin ildən hesablansa da, hər kəs “İnter"in əsasının 1997-ci ildə qoyulduğunu və “Xəzər Universiteti"nin sələfi sayıldığını bilir. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və Həvəskarlar Liqasında mübarizəyə qoşulmuşdu. Tədricən peşəkarlaşmağa doğru gedən “tələbələr" 1998/1999-cu illər mövsümündə “yuxarı”ya vəsiqə qazanmış, 1999/2000-ci illər mövsümündən etibarən isə Azərbaycan çempionatının yüksək liqasında oynamağa başlamışdı. 2003/2004-cü illər mövsümündə “Xəzər Universiteti" ölkə çempionatında uğurla çıxış edərək 4-cü pilləni tutmuş və İntertoto Kubokunda oynamaq hüququ qazanmışdı. Bu, komandanın ilk tarixi uğuru idi. Turnirin birinci mərhələsində Avstriyanın “Bregents" komandasına rəqib olan “Xəzər Universiteti" səfərdəki ilk oyunda avstriyalılara 0:3 hesabı ilə məğlub olsa da, rəqibin heyətində “lipa" aşkarlanınca, UEFA komandamızı texniki qələbə ilə sevindirmişdi. Bakıdakı cavab oyununda 2:1 hesabı ilə qalib gələn “tələbələr" tarixlərində ilk dəfə qatıldıqları avrokuboklarda mərhələ adlamışdılar. 

İkinci mərhələdə “Xəzər Universiteti"nin rəqibi Finlanidiyanın “Tampere Yunayted"i olmuşdu. İlk görüş yenə səfərdə olmuş və təmsilçimiz yenə 0:3 hesabı ilə uduzmuşdu. Lakin bu dəfə hədiyyə-filan olmamışdı. “Xəzər Universiteti" Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 hesabı ilə qalib gəlsə də, avrokuboklarla vidalaşmışdı. 

Bu, “İnter"in sələfi olan “Xəzər Universiteti" haqqında qısa məlumatdır. Həmin vaxtdan 13 ilə yaxın müddət keçib. Bu zaman kəsiyində Azərbaycan futbolunda çox şey dəyişib. O cümlədən “İnter"də də. Ölkənin ən güclü klublarından biri bu gün məhv olmaq təhlükəsi ilə üzləşib. Klubun gələcək taleyi qaranlıqdır. Doğrudur, AFFA “İnter"in qalmasında maraqlıdır. Böyük ehtimalla “İnter" növbəti mövsüm də çempionatda oynayacaq. Amma özünün də sələf olacağı ehtimalı da mövcuddur. Hələliksə, bir qədər keçmişi, eyni zamanda “İnter"in indiki vəziyyətə gətirib çıxaran səbəbləri yada salaq.

 

 

Cahangir Hacıyev dönəmi

 

Məhz “Tampere Yunayted"lə oyundan sonra, yəni, 2004-cü ilin yayında “Xəzər Universiteti"ndə yeni dönəm başladı. Belə ki, komandanı Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Bank himayəsinə götürdü. Yeni sponsorun gəlişindən sonra komandanın adı dəyişdirilərək “İnter-Bakı" adlandırıdı. “Xəzər Universiteti"nin bütün hüquqları “İnter-Bakı" Peşəkar Futbol Klubuna keçdi və komanda 13-cü Azərbaycan çempionatına yeni adla başladı. Bir müddət sonra isə klubda struktur dəyişikliyi baş verdi və “İnter-Bakı" PFK “İnter" Peşəkar İdman Klubuna çevrildi. Komandanın ən çiçəklənən dövrü məhz Cahangir Hacıyevin rəhbərliyi vaxtına təsadüf edir. Həmin vaxt çempionatda kifayət qədər iddialı və imkanlı klublar var idi - “Bakı", “Xəzər Lənkəran", “Karvan", “MKT-Araz", “Neftçi", “Qarabağ", “Turan"... “İnter" öz büdcəsinə görə ön sıralarda gedənlərdən idi.  

Həmin dönəmdə “İnter" Azərbaycan futboluna nə verdi? Təəssüf ki, mümkün olanın uzağı 10 faizini. Hacıyevin dövründə “İnter" “yağ-bal" içində “üzürdü". İlk mövsümdəcə ukraynalı Anatoli Konkov komandaya baş məşqçi təyin olundu. Ardınca “bankirlər"ə yüksək əmək haqqı müqabilində legioner axını başladı və bu axın 2015-ci ilə qədər davam etdi. Yerli futbolçulardan biri hələ o vaxt demişdi ki, maaş vaxtı həmişə azərbaycanlıların maaşları az olduğu üçün onları irəli salırdılar. Çünki pullarını almağa 2-3 dəqiqə bəs edirdi...

Bütün bunların müqabilində “bankirlər" 2 dəfə Azərbaycan çempionu oldu (2008, 2010), 3 dəfə gümüş medal (2009, 2014, 2015) və 2 dəfə bürünc medal qazandı (2012, 2013). Həmçinin, 2011-ci ildə Birlik Kubokunu Bakıya gətirdi. Azərbaycan Kubokunda 4 dəfə final oynasa da, heç birində qalib ola bilmədi. Gəl ki, bu cür milyonların xərcləndiyi klub beynəlxalq aləmdə heç bir uğur qazana bilmədi. Həm Çempionlar Liqasında, həm də Avropa Liqasında mübarizə aparmış komanda ən yaxşı halda ilk mərhələni keçə bildi. Komanda yalnız 2016-cı ildə Avropa Liqasında “Laçi" və “Hafnarfyordur"u məğlub etməklə tarixində ilk dəfə iki mərhələ adladı ki, həmin dönəmdə də artıq klubun büdcəsi xeyli azaldılmışdı. 

 

 

Yadlaşan...

 

Hacıyevin “İnter"nin ən mənfi cəhəti o idi ki, klub sanki azərbaycanlıların  üzünə bağlanmışdı. Ümumiyyətlə, bu komanda 13 illik fəaliyyəti dövründə bir dəfə də olsun azərbaycanlı məşqçiyə güvənməyən yeganə komandadır. Heyətində daim legionerlər üstünlük təşkil edib. Hətta Valentin Xodukinin vaxtında əksər oyunlara komanda meydana 10 legionerlə çıxırdı. Yalnız kapitan Samir Abasov yerli idi. Komandanın az qala topdaşıyanı da xaricdən gətirilirdi. Təsadüfi deyil ki, sonradan kluba təyin olunan prezident də əcnəbi oldu. Söhbət bolqar Georgi Nikolovdan gedir.
“İnter"in Azərbaycan futboluna vurduğu ən böyük zərbələrdən biri də “Şəfa" stadionunun təbii qazonunun süni örtüklə əvəzləmək olub. Birbaşa Nikolovun istəyi ilə reallaşan bu addımın fəsadları futbolçulardan da yan keçməyib. Çünki həmin meydanda xeyli azərbaycanlı yeniyetmə, gənc sağlamlığını itirib və itirməkdədir. 

 

 

...və doğmalaşan komanda

 

2015-ci il “bum"un sonu oldu. Hər şey martın əvvəllərində Cahangir Hacıyevin Beynəlxalq Bankın İdarə Heyətinin sədri postundan getməsi ilə başladı. Öncə mətbuatda Hacıyevin səhhətində yaranmış problem səbəbindən vəzifəsindən getdiyi yazıldı. Lakin sonradan məlum oldu ki, ortada başqa məqamlar var. Buna görə də postundan ayrıldıqdan bir müddət sonra Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıldı və ifadəsi alındı. İfadə verdikdən sonra sərbəst buraxılsa da, ölkədən çıxışına qadağa qoyuldu. 2015-ci il dekabrın 5-də isə ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açıldı və o, Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edildi. Bununla da “İnter"də Hacıyevin dönəmi rəsmən başa çatdı. Təbii ki, ardınca onun kadrı sayılan Nikolov da klubdan kənarlaşdırıldı və nəzarətə götürüldü. Hazırda Nikolovun Azərbaycandan çıxışına qadağa qoyulub.

 

2015-ci ildə ABB ASC-nin Müşahidə Şurasının iclası keçirildi və iclasda İdarə Heyətinə sədr və üzvlərinin təyin edilməsi məsələsi müzakirə edildi. Yekunda İH-nin sədri vəzifəsinə Elmar Məmmədov seçildi. Məhz bundan sonra “İnter"in taleyinin necə olacağı çoxlarına maraqlı idi. Lakin Məmmədov klubdan imtina etmədi. Düzdür, büdcə xeyli azaldıldı. Hətta futbolçuların maksimum aylıq maaşı 5 min manat müəyyən edildi. Amma komanda saxlanıldı. Təbii ki, büdcədəki kəskin azalmadan sonra legionerlərin böyük əksəriyyəti klubu tərk etdi. Yeni təyin olunmuş prezident Rəşad Qasımovla baş məşqçi Zaur Svanadze komandanı yenidən qurdular və heyətin 90 faizi yerli futbolçulardan təşkil olundu. Hansı ki, “İnter" üçün qeyri-adi durum idi. Amma hadisələrin sonrakı axarı göstərdi ki, əslində, heç də hər şey büdcədən asılı deyilmiş. Əsas olan düzgün iş qurmaqdır. Hansı ki, Rəşad Qasımov bunu bacardı. Nəzərə alaq ki, bir tərəfdən də kluba UEFA-dan sanskya qoyulmuşdu. Çünki klubun sabiq futbolçularına xeyli borcu var idi və onlar da UEFA-ya şikayət etmişdilər. Rəşad Qasımov həm bu işləri yoluna qoymalı, həm də az büdcə ilə yaxşı komanda formalaşdırmalı idi. O, hər iki işin öhdəsindən məharətlə gəldi. Həm qısa zamanda klubun borclu olduğu bütün sabiq futbolçularla dil tapıb onları ortaq məxrəcə gətirdi, həm də yerli futbolçulardan gözəl kollektiv qurdu. Yekunda borc məsələsi də həll olundu, yerli futbolçulardan təşkil olunmuş komanda medal da qazandı. Düzdür, UEFA-nın qadağası səbəbindən komanda avrokuboklara yollana bilmədi. Amma burada yeni rəhbərliyin heç bir günahı yox idi. Rəşad Qasımovun növbəti hədəfi “İnter"i daha da gücləndirmək və “İnter Arena"nın süni örtüyünü  təbii ilə əvələnməsinə nail olmaq idi. Təəssüf ki, kənar qüvvələr ona işləmək imkanı vermədi. Məhz həmin qüvvələrinin əli ilə kluba idman direktoru gətirilən alman Yohan Enqbrext R.Qasımovun klubdan gedişinə səbəb oldu. Çünki kimlərinsə dəstəyi ilə kluba gələn almana rəsmi ya qeyri-rəsmi, böyük səlahiyyətlər verilmişdi. Yekunda bu şəraitdə işləməyin mümkünsüzlüyünü görən R.Qasımov klubdan getdi. Daha doğrusu, onu buna məcbur etdilər. Etiraf edək ki, düşdüyü ağır vəziyyət “İnter"i yerli publikaya xeyli doğmalaşdırdı. Bir müddət əksəriyyətin nifrət etdiyi “İnter" indi onların simpatiyasını qazanmağı bacarmışdı.

 

 

Bu da son

 

Rəşad Qasımovun istefasının ardınca klub prezidenti vəzifəsini müvəqqəti olaraq Rüfət Abdullayev icra etdi. Lakin bu, çox qısa sürdü və Azər Əliyev “İnter"in yeni prezidenti təyin olundu. Bu təyinat ötən ilin sonlarında reallaşdı. Çoxları A.Əliyevin üzərinə düşən işi necə yerinə yetirəcəyini gözlədiyi bir vaxtda...

Bu yaxınlarda ABB-nin rəhbərliyində baş verən növbəti dəyişiklik həm də “İnter"in sonu oldu. Belə ki, Cahangir Hacıyevi əvəzləyən Elmar Məmmədov da gözlənilmədən postundan uzaqlaşdırıldı. E.Məmmədovun gedişindən sonra bankın İdarə Heyətinin sədri vəzifəsinə Xalid Əhədov gətirildi. İlk günlər X.Əhədov  klubun gələcəyi ilə bağlı bədbin açıqlama, proqnoz vermədi. Lakin bir neçə gün bundan qabaq bank rəhbərliyi rəsmən açıqlama yaydı ki, komanda saxlamaq fikirində deyillər və “İnter"ə sponsorluq etməkdən də imtina edirlər. Mövsümün ortasında bu cür qərar qəbul etmək təbii ki, anormal bir haldır. Çünki bu, göz görə-görə klubun dağılması, futbolçuların küçəyə atılmasıdır. Bu cür klubun dağılmasına qətiyyən imkan vermək olmaz. Onsuz da çempionatda oynamağa komanda tapılmır və belə bir durumda iddialı komandanın azlığı Azərbaycan futbolunun imicinə böyük zərbədir. İkincisi, son illər az büdcə və yerli futbolçularla oynamasına baxmayaraq, “bankirlər" çox yaxşı çıxış edərək çempionatın liderlərindən birinə çevirilib. Bundan başqa, “İnter"in dağılması klubun akademiyanın da məhvi, uşaqların, orada çalışan məşqçilərin küçədə qalması deməkdir. Qeyd edək ki, klubun futbol məktəbi Azərbaycanda ən yaxşılardan biridir və hər il futbolumuza neçə-neçə istedadlı futbolçu bəxş edir. Cahangir Hacıyevin rəhbəri olduğu dönəmdə klubun yetirmələri gözümçıxdıya salındıqları halda, bu gün əsas komandanın heyətində bir neçə futbolçu klubun öz məktəbindən çıxıb. Eyni zamanda “İnter Arena" kimi stadionu da itirəcəyik. Hər halda “Bakı", “Karvan", “Xəzər Lənkəran"ın dağılmasından sonra həmin  komandaların stadionlarının hansı günə qaldığını gözəl bilirik.

 

 

Ümidimizi üzməyək

 


Artıq, “İnter" AFFA-nın nəzarətinə keçib və mövsümün sonuna kimi klub nəzarətdə saxlanılacaq. Bu məqsədlə bir neçə gün əvvəl AFFA-nın hüquqşünası Rəmiş Malıyev klubun səlahiyyətli nümayəndəsi təyin olunub. Bu isə o deməkdir ki, klubun bir neçə ay əvvəl təyin olunmuş prezidenti Azər Əliyev hansısa səlahiyyətə malik deyil. Doğrudur, sənədlərə hələki A.Əliyev imza atır. Amma səlahiyyətlərin tam olaraq R.Malıyevə keçməsi an məsələsidir. Həmçinin, AFFA “bankirlər"ə yeni sponsor axtarır. Yayılan xəbərlərə görə, bir neçə bankın adı klubla hallanır. Onlardan biri “Kapitalbank"dır ki, hazırda “Sumqayıt"ın sponsorudur. Bu üzdən “Kapitalbank"ın klubu himayə edəcəyi ehtimalı azdır. “Paşabank"a və “AccessBank”a gəlincə, bunu zaman göstərəcək. Bəs, sponsor tapılmasa, necə olacaq? “İnter" dağılacaq? 
Düzü, bu, o qədər də inandırıcı deyil. Birincisi, AFFA istəməz ki, “İnter" tarixin yaddaşına qovuşsun. Çünki, çoxdan idi ki, klubu, eyni zamanda infrastrukturu nəzarətinə keçirmək istəyirdi. Sponsor tapılmasa, “İnter" AFFA-nın nəzarətində qalacaq. Eynən “Sumqayıt" kimi. Klubun girovda olan əmlakına nəzarət də AFFA-ya keçəcək. Belə deyək, əmlak ABB-nin olacaq və onu müəyyən məbləğ qarşılığında AFFA-ya icarəyə verəcək. Yeri gəlmişkən, ötən ilin noyabrında aparılan son qiymətləndirməyə görə klub əmlakı ilə birlikdə 28 milyon manata dəyərləndirilib. Bu isə o deməkdir ki, imkanı və marağı olan sponsor bu məbləği ödəməklə kluba sahib çıxa bilər. Daha bir məqam klubun işçiləri ilə bağlıdır. May ayına kimi kimsə klubdan ayrılmayacaq. Bura bütün personal daxildir. Klubun yeni sahibi müəyyən olunandan sonra isə yəqin ki, klubda rəhbərlikdən tutmuş sıravi işçilərə kimi böyük dəyişikliklərin olacaq. Yekun olaraq deyə bilərik ki, “İnter"in yaşama ehtimalı var və ümid edək ki, hər şey xoş sonluqla bitəcək. Klubun sponsoru, prezidenti, personalı, hətta adı dəyişsə belə.

 


“Het-trik news"


Digər xəbərlər

Xəbər xətti