"Qurbanov gəlib deməyəcək ki, oyunu verin" - Ayxan Abbasov - MÜSAHİBƏ

19:08 12 Fevral 2017

“Oyuna ciddi hazırlaşmışdıq. Bundan əvvəlki matçda məğlub olmuşduq. Ona görə də ardıcıl ikinci məğlubiyyəti almaq istəmirdik”. 

 

Sportarena.az xəbər verir ki, bu sözlər “Zirə”nin baş məşqçisi Ayxan Abbasova məxsusdu. Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ”ni qəbul edən paytaxt təmsilçisi son dəqiqə qolu sayəsində bərabərliyə (2:2) nail olub. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Abbasov fikrini bu sözlərlə davam etdirib:

 

“Məqsədimiz avrokuboklara vəsiqə əldə etməkdi. Üstəlik, evdə oynayırdıq. “Qəbələ” də güclü komandadı, son illər öz sözünü deməyi bacarır. Rəqib 10 nəfərlə qalsa da, qol vura bildi. Amma sonra iki hücumçuya keçdik və bərabərlik qolunu vurduq. İki futbolçu ilk dəfə idi ki, start heyətində yer alırdı. Onlar qarşıdakı görüşlərdə daha yaxşı olacaq. Çalışacağıq xallarımızın sayını artıraq”.

 

 

- İctimaiyyətdə belə fikir formalaşıb ki, “Zirə” “Qarabağ”a bu cür sürətli oyun təklif etsəydi, xal ala bilərdi. Bununla razısınızmı?

- İlk dəfədi özümə borc bilirəm ki, buna cavab verim. Futbol oynayanda da bu tip hallar yaşanmışdı. Vaxtilə “Qarabağ” – AZAL matçında da eyni söz-söhbətlər yaranmışdı. Heç vaxt bu söhbətlərə getməmişik, məşqçi kimi də getməyəcəyik. Debüt etdiyimiz ötən mövsüm gümüş medal qazandıq. Paxıllıq yaranıb. Azərbaycan futbolunun problemi budu. Bizim sponsorumuz başqa, onlarınkı başqa. “Qarabağ” güclüdü və onlara qarşı oynamaq çətindi. Bu gün onlara rəqib yoxdu. “Qəbələ” də çempionluğa oynayır, amma “Qarabağ” tam fərqli oyun göstərir. Düzdü, “Qarabağ”da oynamışam. Amma Qurban Qurbanov gəlib deməyəcək ki, oyunu verin. Orda münasibətim yaxşı olan futbolçular var. Ötən mövsüm “Qəbələ”yə 3 oyunçu vermişdik. O demək idi ki, onlara oyun verməliyik? Ən çox “Qarabağ”a qalib gəlmək istəyirəm. Onlarla oyunumuz alınmır, bizdən üstündülər.

 

 

- İlk 20-25 dəqiqədə hücumda çoxala bilmirdiniz. Hesab 1:1 olarkən də eyni vəziyyət yaranmışdı...

- Biz hücumda ən azı 5 nəfərlə iştirak etmək istəyirdik. Amma cinah müdafiəçilərimiz hücuma az qoşulurdular. Bu da rəqibin təzyiqindən irəli gəlirdi. “Qəbələ” də qapımızda ciddi vəziyyət yarada bilmirdi. Amma ikinci hissədə daha baxımlı oynadıq. Bu həftə standart vəziyyətlər üzərində işləmişdik. Çünki “Qəbələ”nin bu baxımdan problemi olduğunu bilirdik. Qol buraxmağımız isə ani epizod oldu, müdafiəçinin ayağı sürüşdü. Ozobiç də çox yaxşı oyunçudu, bunu qaçırmadı. (Apapsort)


Digər xəbərlər

Xəbər xətti