Zibil yeşiyinə atılmış protokollar - YAZI

10:43 18 Fevral 2017

Statistikanın müasir futbolun ayrılmaz bir hissəsi olduğu heç kimə sirr deyil. Futbolçuların, komandaların çıxışları ilə bağlı rəqəmləri toplamaq, onları hesablamaq və hazır məhsul kimi oxuculara, tamaşaçılara təqdim etmək böyük zəhmət bahasına başa gəlir. Futbol statistikası ilə dünyanın hər yerində məşğul olurlar. O cümlədən ölkəmizdə də. Təəssüf ki, Azərbaycanda bu işə can yandıran insanlar barmaqla sayılası qədərdir. Hətta onların sayının Premyer Liqa təmsilçilərindən az olduğunu da deyə bilərik. Buna rəğmən Azərbaycan futbolu ilə bağlı istənilən mövsüm, komanda və ya futbolçu ilə bağlı bütün statistik göstəriciləri statistiklərimizdən əldə etmək olar. Amma onların da qarşısında aciz qaldıqları suallar yox deyil. I Divizionla bağlı bəzi statistik boşluqlar mövcuddur ki, buna görə statistiklərimizi günahlandırmaq doğru olmaz.

 

I Divizionun statistikasını 1992-2003 və 2003-cü ildən günümüzə kimi olan 2 hissəyə bölmək olar. 2003-cü ildən bu yana I Divizionda keçirilmiş bütün oyunların protokolları saxlanılıb. Bu işi kim görüb, necə görüb? Bu haqda bir qədər sonra. 2003-cü ilə qədər olan dövrdə isə oyunların protokolları qalmayıb. Yəni, komandaların heyətləri, qolların müəllifləri, xəbərdarlıqlar və s. haqqında məlumatlar məhv olub. Bu günə kimi gəlib çatan yalnız nəticələrdir ki, bir neçə oyunun nəticəsində dəqiqlik çatışmır. Təbii ki, protokollar yoxdursa, I Divizionla bağlı bir çox statistik boşluqları doldurmaq mümkün deyil. Amma hesablarla bağlı məsələni həll etmək olar. Bu, hər bir statistik və jurnalist üçün çətin, vaxtaparan, eyni zamanda zəhlətökən iş olsa da, heç olmasa, nəticələrdəki boşluqları aradan qaldırmağa çalışacağıq.

 

AFFA yarandığı ilk günlər Hüsü Hacıyev küçəsində yerləşən kiçik ofisdə yerləşirdi. Darısqallıq üzündən bir neçə komitəni təmsil edən işçilər bir otaqda otururdular. O vaxt internet, mobil rabitə yox idi. Jurnalistin hansısa məlumatı alması üçün mütləq AFFA-ya getməsi vacib idi. Ən rahat variant isə şəhərdaxili telefonla nəticələri öyrənmək idi. Bu halda nəticələrin dərci zamanı səhvliklərin olma ehtimalı artırdı. AFFA yarananda ilk illər oyunların protokolları qovluqlara yığılıb və saxlanılıb. Eşitdiyimə görə, hərdən elə olub ki, otaqlarda qovluq əlindən tərpənmək olmayıb. Bu halda onlar zibil kimi tullanılıb. Ola bilsin ki, o vaxt AFFA-da işləyənlərdən kimsə həmin qovluqları atmayıb və haradasa saxlayır. Əgər belədirsə, həmin şəxs protokolları statistiklərə təqdim etməklə Azərbaycan futbolu adına böyük iş görmüş olar. Düzü, inanmağım gəlmir ki, kimsə bunu etsin.

 

2003-cü ilə kimi Azərbaycanda bir neçə idman nəşri fəaliyyət göstərib. Onların arasında 1996-cı ildən nəşrə başlayan “Futbol+"i, “İdman"ı, nəşrlərini dayandıran “Futbol dünyası", “Futbol ekspress", “AFFA nyus" qəzetləri kimi dövrünün məşhur mətbu orqanların adlarını çəkə bilərik. Demək olar ki, bütün qəzetlərdə çıxdıqları dövrdə I Divizionda qeydə alınan hesablar dərc olunub. Problem ondadır ki, qəzetlər bir neçə oyunda nəticələri fərqli göstəriblər. Bir qədər sonra həmin oyunları və fərqli nəticələri təqdim edəcəyik. İndi isə I Divizionla bağlı statistikanın necə və kimlər tərəfindən aparılmasından bəhs edək.

 

Azərbaycanda futbol statistikləri arasında ən məşhurları bu yaxınlarda 80 illik yubileyini qeyd edən Abas Əzimov, Elçin Rüstəmov, Rasim Mövsümzadə və Vüqar Xeyrullayevdir. V.Xeyrullayevdə futbolumuza aid bütün statistik göstəricilər var. Yalnız I Divizionla bağlı məlumatları jurnalistikaya gəldiyi 2003-cü ildən toplamağa başlayıb. Ona kimi isə bu işlə daha yaşlılar - Abas Əzimov və Elçin Rüstəmov məşğul olub. Təəssüf ki, onlarda yalnız I Divizionda keçirilmiş oyunların nəticələri və turnir cədvəlləri qalıb. Protokollar isə... Bir qədər əvvəl protokolların aqibətindən bəhs etdik. Həm Abas dayıda, həm də Elçin  müəllimdə olan nəticələr demək olar ki, eynidir. Lakin 90-cı illərdə nəşr olunan qəzetlərdə bir neçə oyunun nəticəsinin fərqli göstərilməsi vəziyyəti qəlizləşdirir, ikitirəlik yaranır, statistiklərin məlumatları ilə qəzetlərdəki nəticələr arasında fərqlilik ortaya çıxır. Buna görə həmin nəticələri dəqiqləşdirmək mütləqdir.

 

 

1992-ci il mövsümü, 1-ci çempionat

“Aran" (Ucar) - “Gənclik" (Şəki) 2:0, +:-

“Nicat" (Maştağa) - “Mil" (Beyləqan) 5:1, 6:1

“Nicat" (Maştağa) - “Aran" (Ucar) 6:0, 6:1

“Pambıqçı" (Zərdab) - “Gənclik" (Şəki)  3:2, 2:0

“Aran" (Ucar) - “Bahar" (Qum adası) 0:2, 3:2

“Mərcanlı" (Cəbrayıl) - “Şirvan" (Ağdaş) 1:1, 0:3

“Pambıqçı" (Neftçala) - “Qafqaz" (Balakən) 1:0, -:+

 

İlk çempionatımızda I Divizonda nəticəsi fərqli göstərilən 5 oyun var. 4-cü turda keçirilən “Aran" - “Gənclik" oyununda qəzetlərdə “Gənclik" komandasına texniki məğlubiyyət verildiyi göstərilib. Statistiklərdə olan turnir cədvəlinə görə isə oyunun 2:0 “Aran"ın xeyrinə başa çatdığı göstərilir. Ehtimal olunur ki, oyun yarımçıq qaldığı üçün qəzetlər nəticəni texniki məğlubiyyət kimi qəbul ediblər. Daha sonra isə ya oyunda qeydə alınan nəticə saxlanılıb, ya da təkrar oyun keçirilib və 2:0 hesabı ilə başa çatıb. “Nicat" - “Mil", “Nicat" - “Aran", “Pambıqçı"- “Gənclik" və “Aran" - “Bahar" oyunlarının qarşısında göstərilən ilk nəticələr 3 mənbədə var - Abas Əzimovda, Elçin Rüstəmovda və qəzetlərin birində. 2-ci hesablar isə “İdman" qəzetində gedən nəticələrdir. Daha 2 oyunda - “Mərcanlı" - “Şirvan" və “Pambıqçı" - “Qafqaz" matçlarında da fərqli nəticələr mövcuddur. Lakin “Qafqaz" və “Mərcanlı" çempionatdan çıxdığı və oyunların yarıdan azını keçirdiyi üçün əsasnaməyə görə onların bütün nəticələri ləğv olunub.

 

 

1993-cü il mövsümü, 2-ci çempionat

“Energetik” (Şirvan) - “Plastik”  (Salyan) 2:1, 3:2/2:1, 2:3

Avtomobilçi (Yevlax) - Gənclik (Şəki) 2:1, 3:0/3:0, 3:0

 

Burada “Energetik"lə “Plastik" arasında keçirilən 2-ci oyunun nəticəsi “Futbol dünyasında" 3:2, “İdman"da isə 2:3 kimidir. Bundan başqa Abas Əzimovun və Elçin Rüstəmovun da statistikasında fərqlilik mövcuddur. Birində 3:2, digərində isə 2:3 hesabı göstərilib. Analoji hal “Avtomobilçi" ilə “Gənclik" arasında baş tutan 1-ci oyunda da müşahidə olunur. 2 mənbədə hesab 2:1, digər 2 mənbədə isə 3:0-dır.

 

 

1993/94-cü illər mövsümü, 3-cü çempionat

A qrupu:

“Sərhədçi” (Astara) - “Çeşmə” (Lənkəran) 0:3, 2:1   

“Plastik” (Salyan) - “Azneftyağ” (Bakı) 0:0, 3:1

“Azneftyağ” (Bakı) -  “İnşaatçı” (Sabirabad) 3:1, 3:0 

“Energetik” (Şirvan) -  “Plastik” (Salyan) 2:0, 1:0

 

A qrupunda göstərilən 4 oyunun qarşısındakı birinci hesablar 3 mənbədə - statistiklərdə və qəzetlərin birində eynidir. 2-ci hesablar isə başqa qəzetdə göstərilib. Güman ki, ilk göstərilən hesablar həqiqidir. 2-ci sırada göstərilən hesablar isə böyük ehtimalla səhv gedib.

 

 

B qrupu:

“Şirvan" (Ağdaş) - “Şərabçı" (Xaçmaz) 4:0, 3:0

 

C qrupu:

“Zabrat" (Bakı) - “Avey" (Ağstafa) 5:0, 4:0

 

B və C qruplarında da oxşar vəziyyətdir. Komandaların qarşısındakı 1-ci hesab 3 mənbədə, 2-ci hesab isə “İdman"da göstərilib. Yeri gəlmişkən, mənbələrin biri “İdman" qəzetidir və digər mənbələrlə fərqlilik daha çox bu mətbu orqanda müşahidə olunur.

 

 

1994/95-ci illər mövsümü, 4-cü çempionat

“Daşqın" (Zaqatala) - “Kürmük" (Qax) 3:0, 0:3

“Energetik" (Şirvan) - OİK  “Göyəzən" (Qazax) 1:1, 0:3 

“Şəmkir" (Şəmkir) - “Daşqın" (Zaqatala) 2:1, 1:0

“Arzu" (Tərtər) - “Naxçıvan" (Bakı) 3:0, 0:3

AZAL (Bakı) - “Naxçıvan" (Bakı) 0:1, 0:2

 

 

5-ci çempionatda nəticəsi tam məlum olmayan 5 oyun var. 2-ci sıradakı hesablar qəzetlərin birində verilənlərdir. 1-ci sıradakı hesablar isə statistiklərə görədir. Burada mənbə sayına görə hesab 2:1 statistiklərin xeyrinədir.

 

 

1995/96-ci illər mövsümü, 5-ci çempionat

Burada çatışmazlıq bir qədər fərqlidir. Bir mənbədə Xanları (indiki Göygöl - İ.T.) təmsil edn “Göygöl"ın çempionatda iştirak etdiyi göstərilir və iddia olunur ki, həmin komanda sonradan iştirakını dayandırıb və qaydalara əsasən çempionatın yarıdan az oyununda iştirak etdiyinə görə nəticələri ləğv edilib. Bu rayonla bağlı olan bir neçə nəfər iddia edir ki, “Göygöl" 1995/96-cı illər mövsümündə çempionatda ümumiyyətlə iştirak etməyib. Lakin Azərbaycan Kubokunda mübarizə aparıb. Həm də həmin mövsüm “Göygöl" I Divizionda deyil, Həvəskarlar Liqasında yarışıb və kubokun 1/16 final mərhələsində Mingəçevirin “Kür-Nur" komandasına rəqib olub, hər 2 oyunda texniki məğlubiyyət alıb. Hər halda “Göygöl"lə bağlı məqam özü ayrıca bir mövzudur və araşdırmaya ehtiyacı var.

 

 

1996/97-ci illər mövsümü,, 6-cı çempionat

“Qartal-95" (Bakı) - OİK  “Göyəzən" (Qazax) 2:0, 2:1

 

Məsələ burasındadır ki, A qrupunda baş tutan bu oyunun nəticəsi həm Abas Əzimovun, həm də Elçin Rüstəmovda eynidir. Problem turnir cədvəllərindədir. Bir cədvəldə 2:0 hesabı vurulan-buraxılan qollara uyğun gəlir, digər cədvəldə isə 2:1. Böyük ehtimalla 2:1 hesabı doğrudur və PFL-in saytında yerləşdirilən turnir cədvəlində bu nəticə  nəzərə alınıb. Çünki həmin vaxt nəşr olunan qəzetlərin birində də nəticə 2:1 kimi göstərilib. Hər halda bir daha dəqiqləşdirilsə, daha yaxşı olardı.

1997/98-ci və 1998/99-cu illər mövsümlərində I Divizion “ofsayd"da qalıb, çempionat keçirilməyib.

 

 

1999/2000-ci illər mövsümü, 9-cu çempionat

 

Maraqlıdır ki, həmin mövsüm I Divizionda cəmi 4 komanda mübarizə aparıb. Onlardan biri - “Şəfa-2" çempionatda müsabiqədənkənar çıxış edib. Birincilik 4 dövrədən ibarət olub. Qubanın və Qusarın eyniadlı “Şahdağ" komandaları arasında keçirilən oyunların birində hansısa səbəbdən hər 2 komandaya texniki məğlubiyyət verilib. Əsas problem də bununla bağlıdır. Bir çox mənbələrdə göstərilən turnir cədvəlində vurulan-buraxılan qolların sayında səhvlik var. Belə ki, 4 komandanın ümumi vurduğu qollar 48, buraxlığı qollar isə 51-dir. Məlumdur ki, bütün komandaların vurduğu və buraxdığı qolları cəmləyib 2-ə böldükdə qalıq alınmamalıdır. Bu halda isə vurulan-buraxılan qolların cəmi 99-dur. Başqa mənbəyə görə isə rəqəmlər 49-55-dir. Bu variant daha düz görünür. Çünki birincisi, rəqəmlər toplanıb 2-ə bölünəndə qalıq alınmır. Eyni zamanda hər 2 komandaya texniki məğlubiyyət verildiyi sübut olunur. Həmin oyunda hansı hesabın qeydə alınmasına gəlincə, riyazi hesablama aparmaqla belə, düz-əməlli nəsə ortaya çıxmır.

 

 

2000/2001-ci illər mövsümü, 10-cu çempionat

“Ümid" (Bakı) - “Lokomotiv” (İmişli) 3:1, 3:0

“Narzan” (Gədəbəy) - “Şiləvar” (Lənkəran) 1:1, 1:2

 

 

“Ümid" - “Lokomotiv" oyununun nəticəsini statistiklər 3:1 kimi göstərirlər. Lakin “İdman" qəzetində nəticə 3:0 kimi gedib. “Narzan" - “Şiləvar" oyunun nəticəsi ilə bağlı problem isə bundan ibarətdir ki, statistiklər oyunun 1:1 hesabı ilə başa çatdığını deyirlər. Amma elə onların əlində olan turnir cədvəlində 1:2 hesabı nəzərə alınıb.

 

Növbəti 2001/2002-ci illər mövsümündə nəticəsi mübahisəli olan oyun yoxdur.

 

 

2001/2002-ci illər mövsümü, 12-ci çempionat

“Neftqaz" (Bakı) - “Xəzər" (Lənkaran) +:-, -:-

 

Nəhayət, nəticəsi müxtəlif cür göstərilən son oyuna gəlib çatdıq. Əslində, burada nəticə qeydə alınmayıb. Həmin mövsüm I Divizionda 7 komanda mübarizə aparıb. “Xəzər" və “Neftqaz" uyğun olaraq 6 və 7-ci yerləri tutublar. Ehtimal olunur ki, hər 2 komanda çempionatı yarımçıq dayandırıb. “Neftqaz" - “Xəzər" oyununda lənkəranlılar yarışlardan çıxdığı üçün onlara texniki məğlubiyyət verilib. Bundan sonra isə “Neftqaz" çempionatdan çıxıb. Belədə güman olunur ki, hər 2 komandaya texniki məğlubiyyət “hədiyyə olunub".

 

Nəticəsi şübhəli olan yuxarıdakı oyunların siyahısını statistik Vüqar Xeyrullayev təqdim edib. Vüqar müəllim deyir ki, I Divizionla bağlı 2003-cü ilə kimi 4 mənbənin məlumatından istifadə edib. 1-ci mənbə statistik Elçin Rüstəmov olub: “Elçin Rüstəmovdan bəzi nəticələr və turnir cədvəllərini götürüb təhlil edərkən məlum oldu ki, müəyyən məqamlarda uyğunsuzluq var. Deməli, ya oyunların nəticələri doğru deyildi, ya da turnir cədvəli. Bir müddət əvvəl Rəşad Məmmədov adlı bir nəfər mənə müraciət edib statistika ilə məşğul olduğunu və I Divizionla bağlı statistik səhvləri çözmək istədiyini söylədi. Rəşadla bu çatışmazlıqları aradan qaldırmaq qərarına gəldik. Bu məqsədlə AFFA-ya baş çəkdim ki, bəlkə nəsə məlumat tapa biləm.

 

Abas dayının “şaxmatka"ları əlimə keçdi. Şübhəli nəticələrin bir çoxunu Abas dayının “şaxmatka"ları ilə dəqiqləşdirdik. Amma həmin oyunların nəticələri o vaxtkı qəzetlərdə başqa cür göstərildiyindən problem tam olaraq yoluna qoyulmadı. Bu gün 20-ə yaxın oyunun nəticəsi müxtəlif mənbələrdə müxtəlif cür göstərilib. Onları araşdırıb doğru olanının tapmaq isə çox çətindir. PFL-in saytına I Divizionla bağlı nəticələri və turnir cədvəllərini yerləşdirərkən tam əmin olmadığımız hesablarda daha inandırıcı olanlara üstünlük vermişik. Ümumi götürəndə Abas Əzimovun “şaxmatka"larında cəmi 5 oyunun nəticələri cüzi şübhə yaradır. 3-cü çempionatda B qrupunda “Şirvan" (Ağdaş) - “Şərabçı" (Xaçmaz) oyununda hesabın 4:0 əvəzinə 3:0, həmin çempionatda C qrupunda “Zabrat" (Bakı) - “Avey" (Ağstafa) oyununda  hesabın 5:0 əvəzinə 4:0, 6-cı çempionatda Q qrupunda “Qartal-95" (Bakı) - OİK “Göyəzən" (Qazax) oyununda hesabın 0:2 əvəzinə 1:2, 10-cu çempionatda “Narzan" (Gədəbəy) - “Şilavar" (Lənkəran) oyununda hesabın 1:1 əvəzinə 1:2 və 11-ci çempionatda “Neftqaz" (Bakı) - “Xəzər" (Lənkəran) matçında  -:- əvəzinə +:- olması daha inandırıcı görünür. Yəni, bu matçların nəticələrinin qəzetlərdə daha düzgün getdiyini ehtimal etmək olar. Amma hər şey daha dəqiq olsa, yaxşıdır".

 

Vüqar Xeyrullayevin təqdim etdikləri oyunlara nəzər saldıqdan sonra 1 matçın nəticəsini dəqiqləşmiş hesab etmək olar. Söhbət 1994/95-ci illər mövsümündə keçirilmiş “Arzu" (Tər-tər) - “Naxçıvan" (Bakı) matçının nəticəsindən gedir. Həmin vaxt “Naxçıvan" komandasının futbolçusu idim və “Arzu" ilə oyunda 90 dəqiqə meydanda olduğum indiki kimi yadımdadır. Oyunun nəticəsi də həmçinin. Həmin vaxt “Naxçıvan" əsasən 15-16 yaşlı futbolçulardan təşkil olunmuşdu. Onların arasında sonradan Azərbaycan futbolunda ad-san qazanmış Samir Əliyev, Samir Musayev, Fərrux İsmayılov, Zaur Ramazanov, Rizvan Fərzəliyev, Müşfiq Qəmbərov kimi futbolçular var idi. Qısası, həmin oyunda 0:3 hesabı ilə məğlub olmuşduq. Bu, dəqiq hesabdır. “Naxçıvan"ın AZAL-la oyunda hansı hesabın qeydə alınmasına gəlincə, həmin qarşılaşmanın “Termist" (indiki - “İnter Arena" - İ.T.) stadionunda keçirildiyini və “Naxçıvan"ın qalib gəldiyini də yaxşı xatırlayıram. Özü də Samir Əliyev oyunun son dəqiqələrində qol vurmuşdu. Hər halda bunu “Naxçıvan"ın futbolçusu olmuş şəxslərlə dəqiqləşdirməyə ehtiyac var.

 

Bəs, digər oyunlardakı nəticələri necə dəqiqləşdirmək olar? Bunun üçün vaxt, maliyyə və hövsələ lazımdır. Adları çəkilən klublarla bağlı insanları tapıb maraqlanmaq olar ki, bəlkə kimdəsə oyunlarla bağlı material, yaxud yadlarında nəsə qalıb. Əlbəttə, bu, çox çətin və ilk baxışdan mümkünsüz iş kimi görünə bilər. Bu yazı ilə mövzunu bağlamırıq. Bütün mümkün variantlardan istifadə etməklə oyunların dəqiq nəticələrini axtarıb tapmağa çalışacağıq. Əgər kimdəsə yazıda göstərilən oyunlarla bağlı hansısa məlumat varsa, buyursun. Statistiklərimizə böyük hədiyyə etmiş olar.

 

 

İlqar TAĞIYEV, “Het-trik news” qəzeti


Xəbər xətti