"Neftyanik" necə "Neftçi" olub? - YAZI

11:59 18 Fevral 2017

Azərbaycanın ən köklü klubu hesab olunan “Neftçi" bu il 80 yaşını qeyd edəcək. Komanda geridə qalan 80 ildə keşməkeşli yol keçib. Keçən sayımızda “Neftçi”nin yaranma tarixi haqda yazdığımız məqalədə bu yolun müəyyən hissələrinə toxunmuşduq. Uğurlar o qədər də çox olmayıb. Hətta 1966-cı ildə qazanılan bürünc medalları saymasaq, başqa qürurverici nəsə yoxdur. Amma keşməkeşli yollar çox olub. Komanda SSRİ çempionatında aşağı diviziona da yollanıb, geri də qayıdıb. Bəzi futbolçuların dönük üzünü də görüb, sadiq futbollçuların ürəyini də. Amma bu dəfəki mövzumuz bununla bağlı deyil.

 

 

“Neftyanik”dən “Neftçi”yə

 

Futbol həvəskarları bilirlər ki, 80 illik tarixi ərzində “ağ-qaralar"ın 2 adı olub. Komanda 1937-ci ildə “Neftyanik" adı altında yaradılıb. Lakin 1968-ci ildə bu addan imtina edilib və “Neftyanik" “Neftçi"adı ilə əvəzlənib. Əslində, hər 2 ad eyni mənanı daşıyır. “Neftyanik" rus dilindən tərcümədə “neftçi" deməkdir. Lakin məlum məsələdir ki, yazılış və səslənmə fərqlidir. Bəs, görəsən “Neftyanik" necə olub ki, “Neftçi" ilə əvəzlənib? Bu yazımızda məhz bu məqama toxunacağıq və bunun necə baş verdiyini tarixinə və detallarına kimi diqqətinizə çatdıracağıq. Eyni zamanda komandanın “Neftçi" adı altında SSRİ çempionatındakı ilk mövsümündəki çıxışı haqda da ətraflı məlumat verəcəyik.

 

Qeyd etdiyimiz kimi, komanda 1937-ci ildən 1968-ci ilə qədər “Neftyantik" adı altında mövcud olub, SSRİ çempionatında da həmin adla oynayıb. 1968-cı ildə bakılılar SSRİ çempionatının 30-cu, yuiley mövsümünə “Neftçi" adı ilə qatılıb. Ümumiyyətlə, 1968-ci il azərbaycanlı futbol azarkeşləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, həmin il Gəncənin (o vaxt Kirovabad adlanırdı - A.X.) “Dinamo" komandası da SSRİ çempionatının Güclülər Dəstəsinə vəsiqə qazanıb. Bununla da Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz SSRİ çempionatının Güclülər Dəstəsində 2 komanda ilə təmsil olunub. Amma təəssüf ki, təcrübəsizlik özünü göstərib və mövsümü sonuncu pillədə başa vuran “Dinamo” həmin il yenidən “aşağı" qayıdıb.

 

Bakılılar isə ilk dəfə “Neftçi" adı altında SSRİ çempionatında mübarizə aparmaqla tarixə düşüblər. Əslində, yuxarıda da vurğuladığımız kimi, “Neftyanik" və “Neftçi" prinsipcə eyni mənanı verir. Onsuz da klub neftçilərin təmsilçisi kimi yaradılmışdı. Sadəcə, bütün sənədləşmə işləri rus dilində aparıldığından və klubun rəsmləşməsi Moskvada təsdiq olunduğundan ad da rus dilində seçilmişdi. Yəni, “Neftyanik". “Neftçi" adı artıq 50-ci illərdə gündəmə gəlməyə başlayıb. Bir çox azarkeşlər də komandanı bu cür adlandırırdılar. Təsadüfi deyil ki, 50-ci illərdə Azərbaycan dilində nəşr olunan kitablarda da klubun adı “Neftyanik" kimi yox, “Neftçi" kimi qeyd olunurdu. Lakin rusdilli qəzet və jurnallarda yenə də “Neftyanik" yazılırdı. 1968-ci ilə kimi klubun adı rəsmi olaraq “Nefyanik" olub. Nəhayət, 1968-ci ildə ad dəyişikliyinə qərar verilib. Bundan sonra ruslar və rusdilli mətbu orqanlar da komandanı “Neftçi" adlandırmağa başlayıblar. Təbii ki, bu məsələdə “yuxarı"ların da rolu var idi. Məhz ölkə rəhbərliyi Azərbaycan adına keçilməsinə qərar verib və qərarı belə əsaslandırılıb ki, komanda Azərbaycanı təmsil edir, adı da Azərbaycan dilində olmalıdır.

 

 

Moskvanın cığallığı

 

Moskva ilk vaxtlar ad dəyişikliyinin əlehiynə olub. Komandaya nəzarət edən SSRİ Neft Sənayesi Nazirliyi komandanın bütün SSRİ neftçilərini təmsil etdiyini əsas gətirərək adın dəyişdirilməsinə qarşı çıxıb. Lakin buna baxmayaraq, Azərbaycan hökuməti qərarından dönməyib. Üstəlik, bildirilib ki, “Neftçi" ittifaq neftçilərini yox, Bakı neftçilərini təmsil edəcək. Bundan sonra Moskvadan SSRİ Neft Sənayesi Nazirliyinin komandaya daha maliyyə yardımı ayırmayacağı xəbəri gəlib. Bu, o demək idi ki, 1968-ci ildən etibarən “Neftçi"yə Moskvadan heç bir yardım edilməyəcəkdi və komandanı Azərbaycan hökuməti saxlamalı idi.

 

Azərbaycan üçün ad dəyişikliyi müsbət məqam olsa da, Moskvanın maliyyə yardımını dayandırması mənfi təsirini göstərib. Məsələn, “Neftyanik" adlananda komandaya birbaşa SSRİ Neft Sənayesi Nazirliyi nəzarət edirdi. Bakılılar adətən səfər oyunlarına qatarla gedirdilər ki, bir çox halda da Moskvadan keçməli olurdular. Bu zaman nazirliyin nümayəndələri komandanı SSRİ paytaxtında qarşılayıb onlara səfərlərini problemsiz davam etdirmələri üçün bütün yardımları edirdilər. “Neftçi" Moskvada gecələməli olanda isə komanda bir qayda olaraq nazirliyin qonaq evində yerləşdirilirdi. Bundan başqa, komanda Moskva klubları ilə səfərdə oynayanda nazirlik nümayəndələri “Neftçi"ni ən yüksək səviyyədə qarşılayıb yola salırdı. Komanda “Neftyanik" adından imtina edib “Neftçi"yə keçəndən sonra maliyyə yardımı ilə bərabər bu köməklər də yoxa çıxdı.

 

 

Ad dəyişikliyi düşərli olmadı

 

1966-cı ildə bürünc medal qazanan və 1967-ci ildə 5-ci olan komanda 1968-ci ildə “Neftçi" adı altında 9-cu pilləni tutub. Ümumiyyətlə, komanda 1968-ci ildən Güclülər Dəstəsini tərk etdiyi 1972-ci il mövsümünə kimi yekunda ən yaxşı halda 7-ci sırada qərarlaşıb. Ondan yuxarı qalxa bilməyib.

 

“Neftçi" 1968-ci il futbol mövsümünə zədəlilərlə başlayıb. Mövsümün əvvəlində Vladimir Bruxti ilə Valeri Hacıyev zədələnərək sıradan çıxıb. Bir neçə turdan sonra Nikolay Boqdanov da onlara qoşulüb. 3 aparıcı futbolçunun uzun müddətə sıradan çıxması komanda üçün böyük itki idi. Mövsümün gedişində Serqey Kramarenko ilə Anatoli Banişevski SSRİ yığmasına cəlb olunub. Mövsümün ortasında isə “Dinamo"ya kömək üçün Mübariz Zeynalov Gəncəyə göndərilib. Baş məşqçi Əhməd Ələsgərov faktiki yarımcan heyətlə qalıb. Təbii ki, belə vəziyyətdə baş məşqçi stabil heyət qura bilməzdi. Buna görə də problemdən çıxış yolu kimi Əli Rəhmanov, Rafiq Əlizadə, Vitali Şevçenko, Yuri Stekolnikov, Nikolay Smolnikov kimi gənc futbolçular heyətə cəlb olunub. Bütün bunlar komandanın oyununa və göstərdiyi nəticələrə təsirini göstərib.

 

“Neftçi" 1968-ci il mövsümünə Bakıda Gəncə “Dinamo"su ilə oyunla başlayıb və Azərbaycan derbisində çətin də olsa, qələbə qazana bilib. 14-cü tura kimi komandanın vəziyyəti yaxşı imiş. “Neftçi" “Çernomorest" (Odessa), “Dinamo" (Kiyev), “Dinamo" (Tiflis), “Spartak" (Moskva), “Ararat" (İrəvan) kimi komandalara qarşı layiqli oyun ortaya qoyub. Lakin 14-cü turda Bakıda Moskva “Lokomotiv"inə gözlənilməz məğlubiyyətlə komanda sanki “qara zolağ"a düşüb və 25-ci tura qədər cəmi 1 qələbə qazana bilib. 6 oyunda heç-heçə edən bakılılar 7 oyunda məğlub olublar. Bir sözlə, iyun-avqust ayları “Neftçi" üçün çox uğursuz keçib. Hətta moskvalı jurnalistlər zarafatla bunu Bakıda çimərlik mövsümünün başlanması ilə əlaqələndirdilər. Məhz bu 14 turda yaşanan uğursuzluq ümumi nəticələrə təsir edib və “Neftçi" bu adla qatıldığı ilk mövsümü 9-cu pillədə bitirib.

 

Paytaxt klubunun yeni adla SSRİ Kubokundakı debütü də uğurlu alınmayıb. Mübarizəyə 1/16 final mərhələsindən qoşulan “Neftçi" ilk mərhələdə elə də güclü rəqiblərlə üz-üzə gəlməyib. Öncə Ufanın “Stroitel" klubunu 3:1 hesabı ilə məğlub edən “ağ-qaralar" 1/8 finalda Türkmənistanın “Aşqabad" komandasını da asanlıqla mübarizədən kənarlaşdırıblar - 3:0. 1/4 final oyunu isə çətin keçib. Çünki rəqib daha güclü “Kayrat" (Alma-Ata) idi. Lakin çətinliklə olsa da, “Neftçi" bu səddi də keçə bilib - 3:2. Yarımfinaldakı rəqib isə Moskva “Torpedo"su olub. “Torpedo" həmin dövrün güclü komandalarından sayılırdı. Moskva təmsilçisi 1968-ci ildə SSRİ çempionatının bürünc medallarını qazanmışdı. Lakin bununla belə, azarkeşlər “Neftçi"dən qələbə və finala vəsiqə gözləyirdilər. Özü də oyun Bakıda keçiriləcəkdi ki, bu da təmsilçimizin final şansını artırırdı. Lakin “Neftçi" bu şansdan istifadə edə bilməyib. 2:0 hesabı ilə qalib gələn “Torpedo” finala yüksəlib.

 

“Het-trik news” qəzeti


Digər xəbərlər

Xəbər xətti