Dördüncü oyunçu dəyişikliyi Azərbaycanda tətbiq olunacaqmı? - AÇIQLAMA

21:40 18 Fevral 2017

İllər ötdükcə hər şey dəyişir. Bir çoxlarının sevimli oyunu olan futbol da, onun qaydaları da. Ötən il FİFA "idmanın şahı"nın qaydalarında bir sıra dəyişikliklər etdi. Artıq bunu hər kəs sezməyə başlayıb. Amma ötən il dəyişən qaydalardan biri yalnız bu il tətbiq edilməyə başladı. Söhbət dördüncü oyunçu dəyişikliyindən gedir.

 


Almaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutmuş “Astroria” - “Arminiya” oyunun əsas vaxtı heç-heçə bitdiyindən əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Məhz bu zaman hər iki komandanın baş məşqçisi planetinin ali futbol qurumunun 3+1 oyunçu dəyişikliyi qaydasından faydalanıb. Bu o deməkdi ki, pley-off mərhələsindən ibarət olan oyunlar zamanı komandalar əlavə vaxtlarda daha bir oyunçu dəyişikliyindən yararlana bilər.

 

Artıq bir çox ölkələrin futbol qurumları bu qaydanı kubok yarışlarına tətbiq etmək niyətindədilər. Mütəxəssislər bu yeniliyin futbola fayda verəcəyini, oyunun tempinin aşağı düşməsinin qarşısını alacağını bildirirlər. Bəs Azərbaycanda bu qayda tətbiq olunacaqmı? Bu sualı ölkədaxili əsas futbol turnirlərinin təşkilatçısı olan Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq. Onun cavabı belə oldu:

 

 

"Səhv etmirəmsə, Moldova  çempionatında 4 dəyişiklikdən istifadə edirlər. Bizdə əvəzedicilərdə 5 dəyişiklikdi. Bu, yeni bir şey deyil. FİFA əlavə vaxta gedən oyunlarda hər komandaya əlavə  dəyişiklik etməyə icazə vermək istəyir. Hələ ki biz bunu müzakirə etməmişik. Bu qaydanı tətbiq etmək üçün komandaların baş məşqçilərinin də fikirlərini öyrənmək lazımdı. Çünki dəyişiklikləri məşqçilər edir və onlar fikirlərini bildirməlidi ki, say atrırılsa yaxşı olar, yoxsa elə 3 dəyişiklik kifayətdi. Ona görə də mövsümün otrasında bu barədə konkret fikir bildirə bilmərik".

 

Şahgəldiyev məşqçilərin rəyinin vacib olduğunu bildirdiyindən qərara gəldik ki, Azərbaycan millisinin və habelə, bir sıra klublarımızın baş məşqçisi olmuş, hazırda isə AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin isə üzvü olan Vaqif Sadıqovla bu barədə söhbətləşək. Sadıqov bu qərarın Azərbaycanda dünya praktikasında sınandıqdan sonra qəbul edilməsini məqsədə uyğun görür:

 

 

"Bu qərar futbolda tempin yüksəldilməsi, komandalara daha çox şans verilməsi üçün qəbul edilib. Belə olan halda, əlavə vaxtda temp aşağı düşməyəcək, həm də oyunun taleyini dəyişmək mümkün olacaq. Eyni zamanda, nisbətən zəif komandalar üçün əlavə şans olacaq. Bunun hansı effekt verəcəyi barədə isə bir söz deyə bilmərəm. Qərar yeni qəbul olunub. Artıq Almaniyada sınaqdan keçirildiyini isə ilk dəfə sizdən eşidirəm. Dördüncü dəyişikliyin nəticələri barədə qərar vermək üçün biraz zaman lazımdı. İlkin təsürat yaxşıdı, amma ətraflı məlumata sahib deyilik. Uğurlu olacaqsa, Azərbaycanda da bu tətbiq edilə bilər".

 

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti