"Şahdağ"ın ölümdən qayıdan futbolçusu: "Yenidən əməliyyat olmalıyam" - MÜSAHİBƏ

15:52 19 Fevral 2017

Birinci divizionun 15-ci turu çərçivəsində keçirilən "Şəmkir" - "Şahdağ" matçında qonaqların futbolçusu Sərxan Ağayevin zədələnməsi barədə xəbər vermişdik. Ev sahiblərinin müdafiəçisi Cəmil Hacıyevin sərt oyunundan sonra zədələnən hücumçu meydanda huşunu itirmiş, təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılmışdı. Oyundan sonra  AFFA-nın Nizam-İntizam Komitəsi "Şəmkir"in futbolçusunu rəqibə bilərəkdən zərbə endirdiyi üçün 4 oyunluq cəzalandırdı. Beyin-kəllə travması alan Ağayev isə hələ də toparlana bilməyib.

 

Elə bu məqamı nəzərə alıb Sərxanla söhbətləşmək qərarına gəldik. Sportarena.az saytına müsahibə verən futbolçu səhhətindən, zədələndiyi epizoddan danışdı.

 

 


- Sərxan, vəziyyətin necədir?
- Başımda və üst damağımda ağrılar var. Çünki həmin vaxt dişlərim və üst damağım da zədələnmişdi. Yaxşı vəziyyətdə deyildim. Həkimlər çətinliklə əməliyyat ediblər. İndi biraz yaxşıyam. Amma bir həftədən sonra yenidən əməliyyat olunmalıyam.


- Müalicə xərclərin kim tərəfindən ödənilir?
- "Şahdağ" imkan daxilində kömək edir. Klubda vəziyyət o qədər də yaxşı deyil.


- Deməli, xərclərin bir hissəsini özün ödəməli olursan?
-  Bəli, demək olar ki. Mən də gücüm çatan qədər edirəm. Gəncədə xəstəxanada olanda Kamran müəllim (red - "Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayevi nəzərdə tutur) və klub rəhbərliyi yardım etdi.

 

- Futbol oynamağa nə vaxt başlayacaqsan?
- Həkimlər 2 ay oynaya bilməyəcəyimi deyiblər.  Kəllə-beyin travması almışam, həm də dişlərim ilə damağım yaxsi vəziyyətdə deyil. Bərpa üçün vaxt lazımdır.  Hazırda çətinlikə qidalanıram.

 


- Qayıdaq həmin hadisəyə. Həmin epizodu necə xatırlayırsan?
- Rəqib futbolçu ilə mübarizədə topa təmas edəndən sonra sağ qolunun dirsəyi sifətimə dəydi. Zərbə çox güclü idi.

- Həmin matç ümumiyyətlə sərt keç mübarizə şəraitində keçib. Xüsusilə, sənə qarşı oynayan Cəmil Hacıyev daha aqressiv idi...
- Həmin oyunda mənə 4 dəfə sərt oyun oldu. Bilmirəm hakim ora oyuna baxmağa gəlmişdi, yoxsa matçı idarəçi etməyə. Rəqib oyunçu məni bilərəkdən vurdu. Hakim ona sarı vərəqə göstərdi. Həmin epizodu futboldan anlayışı olmayan adama göstərsən, deyəcək ki, qırmızı verilməlidi. Oyunun elə vəziyyətə gəlib çıxmağı hakimin günahı idi. Çünki nə etdiyini özü də bilmiridi. Mənim zədələndiyim epizodda yan xətt hakimi qayda pozuntusu qeydə almasaydı, baş hakim tamam başqa cür addım atardı.


- "Şəmkir" klubu kollektiv olaraq oyundan sonra səninlə maraqlandı. Bəs səni zədələyən Cəmil Hacıyev necə?
- "Şəmkir" rəhbərliyi, futbolçular, Cəmil də orda xəstəxanada olanda yanıma gəlmişdilər. Sağ olsunlar, onlara təşəkkür edirəm. 


- Cəmil səndən üzr istədi?
- Yox. Xəstəxanada yanıma gələndə özümdə olmamışam. Ayılandan sonra zəng edə bilərdi.


- O sonradan AFFA-nın İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırıldı. Səncə bu ədalətli idi?
- Bu barədə heç nə deyə bilmərəm. Yəqin ki, həmin epizodda ciddi qayda pozuntusu olduğu üçün futbolçu belə ciddi cəza alıb.


- Amma "Şəmkir" qərara etiraz edir...
- Nə olsun? Mən də hakimə etiraz edirəm. Nə dəyişəcək? Artıq olan oldu, keçdi. Həmin oyunu hakim bərbad hala saldı. Sonda bu müddət ərzində mənimlə maraqlanan, zəng edən, soraqlaşan hər kəsə təşəkkür edirəm.

 

Heybət Məmmədov


Digər xəbərlər

Xəbər xətti