Bütün klublar avrokuboklardan uzaqlaşdırıla bilər - Ukrayna futbolu şokda

14:47 22 Fevral 2017

UEFA Ukraynanın bütün klublarını avrokuboklardan uzaqlaşdıra bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb “Karpatı” klubunun yerli məhkəmədə Ukrayna Futbol Federasiyasına qarşı qaldırdığı iddianı udması olub. FİFA və UEFA-nın qaydaları yerli hakimiyyətin futbola müdaxiləsini qəbul etmir. Sabiq futbolçusu Vladimir Qudımın işiylə bağlı kəsilən cəriməyə görə məhkəməyə müraciət edən “Karpatı” istəyinə nail olub.

 

Ukraynalı futbol hüquqşünası Dmitri Korobko məsələylə bağlı açıqlama verib:

 

“Karpatı” məsələsi pis nümunə olacaq. Sabahdan istənilən yerli məhkəmə federasiyanın qərarını ləğv edə bilər. UEFA bu məsələyə göz yummayacaq. Yoxsa başqa klublar da bu yola əl atacaqlar. Ciddi qayda pozuntusu göz önündədi. Faktiki olaraq, dövlət futbola müdaxilə edib, FİFA və UEFA-nın qaydaları pozulub. UEFA bütün Ukrayna klublarını avrokuboklardan uzaqlaşdıra bilər. Ukraynanın bu təşkilatda üzvlüyünün dondurulması ehtimalı da var. İsveçrədən Kiyevə mesaj gələcək ki, qiyamçı klubla məsələni həll edin. Federasiya məsələni həll edə bilməsə, sanksiyalar qaçılmazdı”.


Digər xəbərlər

Xəbər xətti