"Bəzən uğursuzluqlar da olur" - Novruz Məmmədov - MÜSAHİBƏ

13:43 23 Fevral 2017

“Kəpəz”in müdafiəçisi Novruz Məmmədov klubun saytına müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

 

- Novruz, “Neftçi” çempionatın ikinci hissəsinə uğurlu, “Kəpəz” isə uğursuz başlamışdı. Əzəli rəqiblə görüşdə ardıcıl məğlubiyyətlər seriyasına son qoyacağınıza inanırdız?

- Biz onsuz da hər oyuna ciddi hazırlaşırıq, son matçlardakı uğursuzluqdan sonra diqqətimizi məşqlərə daha da çox yönəltmişik. Hansı rəqiblə oynamağımızdan asılı olmayaraq uğursuzluğa “dur” deməyin vaxtı idi. Düzdür, “Neftçi” qış fasiləsində yeni oyunçularla güclənmişdi. Amma yaxşı başa düşürdük ki, sona kimi əzmlə mübarizə aparsaq, onlardan xal ala bilərik. Final fitinə qədər meydanda dayanmadan vuruşduq və xal qazanmaq istəyimizə nail olduq. Çətin oyun oldu, qol vəziyyətlərinə uyğun olaraq həm biz, həm də rəqib qələbə qazana bilərdi. Bu bir xal komandanın dirçəlməsi yönündə rol oynayacaq. Təbii ki, qələbə qazana bilsəydik, daha yaxşı olardı.

 

- Aradan müəyyən vaxt keçib. İndi soyuq başla əvvəlki oyunları təhlil etmək olar. Səncə, xal qazana bilmədiymiz matçlarda nə çatmadı?

- Hər oyuna ciddi yanaşırıq, məqsədimiz yaxşı nəticə əldə edib, daha çox xal qazanmaqdır. Bunun üçün də çalışırıq. Amma futbolda bəzən uğursuzluqlar da olur. “Kəpəz” də “qara zolağa” düşmüşdü. Oyunumuz istənilən kimi alınmırdı, səhvlər edirdik, qol vura bilmirdik, bir tərəfdən də bəxtsizlik olurdu. Bütün bunlar qeydə alınan nəticələrə öz təsirini göstərdi.  Hamımız uğurlu nəticə qazanmağa çalışırdıq. Sonuncu dəfə nə vaxt xal qazandığımız yaddan çıxmışdı.  

 

- Yeri gəlmişkən, “Kəpəz” bundan əvvəl elə sonuncu xalını da “Neftçi” ilə görüşdə əldə etmişdi.   

- Bəli, bu müddətdə çempionatda vacib xallar itirdik, məğlubiyyətimiz çox oldu. Komandamıza layiq olmayan yenilgilərlə üzləşdik. Evdə olduğu kimi “Neftçi”yə səfərdə də qalib gələ bilərdik, sadəcə, real qol vəziyyətlərindən lazımınca istifadə edə bilmədik. Qələbə qazansaydıq, bizim üçün daha yaxşı olardı. Çünki ardıcıl məğlubiyyətlərdən sonra qalib gəlmək komandanın özünə gəlməsi, uğurlu nəticəyə inam hissinin artması baxımından həlledici amildir.

 

-  Son iki oyunda çərçivədə Davud Kərimi yer aldı. Onun qapıda durmasının komandaya müsbət təsiri var?

- Bizim hər 3 qapıçımız yaxşıdır. Davud uzun illər Premyer Liqada çıxış etməsə də, təcrübəli qolkiperdir. Ona verilən şansdan da istifadə etməyi bacardı. Kərimi meydana çıxdığı oyunlarda özünü ən yaxşı tərəfdən göstərə bildi. Mən deməzdim ki, Tadasın qapıda durması komandaya pis təsir edir, Davudun durması isə əksinə. Onların hər ikisi işinin ustasıdır. Simaitis ötən mövsüm “Kəpəz”in Avroliqaya vəsiqə qazanmasında xüsusi rol oynayıb. Bunu yaddan çıxarmaq olmaz. Futbolda həm komandanın, həm də fərd olaraq futbolçunun eniş və yüksəliş dövrü var. Komanda ardıcıl uduzur, oyunçu səhvlər edir, yaxşı və pis oynayır. Yəni bu başa düşüləndir.

 

- Sən də son vaxtlar əsas heyətdə meydana çıxmağa başlamısan. Halbuki ilk iki dövrədə daha çox ehtiyat oyunçular skamyasında əyləşirdin.

-  Düzdür, çempionatın ikinci hissəsindən başlayaraq daha çox oynamaq imkanı əldə edirəm. Komandada kimə oynamaq imkanı yaradılırsa, bundan maksimum şəkildə yararlanmağa çalışır, eləcə də mən. Daimi oynamağımla yanaşı, “Kəpəz”in də uğurlu çıxış etməsi daha sevindirici olardı. Mənə bəslənən ümidləri doğrultmağa çalışıram. Amma ən əsası tək kiminsə yox, bütövlükdə komandanın uğurlu çıxışıdır. Hamımız kollektiv olaraq buna səy göstəririk.


Digər xəbərlər

Xəbər xətti