“Ay qız, keçmə bizim məhlədən..." - Maksim Medvedev - MÜSAHİBƏ

16:18 28 Fevral 2017

Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev AFFA-nın “facebook” səhifəsinin “Sualla zərbə” rubrikasının qonağı olub.

 

Sportarena.az xəbər verir ki, Medvedev müsahibəsində bir çox maraqlı məqamlardan danışıb. 
 

- Səfər matçlarında olarkən millinin azarkeşləri sizə və komanda yoldaşlarınıza necə münasibət göstərirlər? Azarkeşlərlə bağlı ən yadda qalan xatirəniz hansıdı?
- Səfər oyunlarında da milliyə böyük dəstək olur. Hava limanına azarkeşlər gəlirlər, bizimlə görüşürlər. Bu, sevindirici haldı. Baxmayaraq ki, məsələn, Azərbaycan və Almaniya futbolu eyni səviyyədə deyil. Ancaq milliyə böyük maraq var. Bu da əlavə ruh yüksəkliyi verir. Yadda qalan xatirəyə gəlincə, San Marino ilə səfər matçında məşqə çıxarkən gördüm ki, iki nəfər tribunada Azərbaycanın dövlət himnini oxuyur. Səhv etmirəmsə, həmin oğlanın adı Şamildi. Son oyunlara həmişə tək gəlir. Hiss etdim ki, onda kompleks yoxdu. Qıraqdan kim necə baxsa da, dəstəkləyəcək. O, necə mənə azarkeşlik edirsə, mən də ona azarkeşlik edirəm. Sevinirəm ki, belə bir fanatımız var.

 

- Milli komandada ən yaxın münasibətdə olduğunuz oyunçu kimdi?
- Yığmada çoxlu dostlarım var. Onların bəzisi ilə eyni klubda çıxış edirəm. Çox yaxın münasibətdə olduğum futbolçu başqa klubdandı. O, “İnter”də çıxış edən Rauf Əliyevdi. Çünki uşaqlıqdan bir yerdə futbola başlamışıq. 11 yaşdan etibarən bütün milli komandalarda birlikdə çıxış etmişik. Son 3 ildə isə fərqli klublarda oynayırıq. Buna baxmayaraq, millidə onunla çox yaxın oluram və münasibətim çox gözəldi. 
 

- Hansı klubun yetirməsisiz və ilk müəlliminiz kim olub?
- 11 yaşımda “Neftqaz” klubunda başlamışam. İlk məşqçim Ramiz müəllim olub. O, bizə çox böyük dəstək verib. Onun köməkliyi ilə aşağı yaş qrupları üzrə milli komandalara düşməyə başlamışıq. Ordan “Qarabağ”ın futbol məktəbinə keçmişəm. Səhv etmirəmsə, 12 ildi “Qarabağ”dayam. Futbol məktəbim də məhz elə “Qarabağ”dı.
 

- İndiyə qədər qarşılaşdığınız ən güclü hücumçu kimdi?
- Avropada ad çıxaran çox futbolçulara qarşı oynamışam. Kriştiano Ronaldo, Luiş Nani, Stefan El-Şaravi, Yengeni Konoplyanka... Onlara qarşı oynamaq çətindi. Çünki hər birinin öz oyun tərzi var. El-Şaravi və Konoplyanka üstünə gəlib driblinq etməklə, Ronaldo və Nani isə sürət hesabına müdafiəçiləri keçmək istəyirlər. Şadam ki, belə futbolçulara qarşı oynamışam.
 

- 5 nəfərdən ibarət futbola getsəz, milli komandadan kimləri götürərsiz?
- Özümə 1 qapıçı, 3 meydan oyunçusu götürərəm. Qapıya Kamran Ağayevi qoyardım. Meydan oyunçularından Rahid Əmirquliyevi götürərəm. Mənə elə futbolçular lazımdı ki, bu cür oyundan anlayışı olsun. Biz bu oyunu “dır-dır” adlandırırıq. Yaxşı bir müdafiəçi lazımdı ki, o da Bədavi Hüseynov olsun. Çünki addımları böyükdü. İki nəfər də texnikalı futbolçu lazımdı. Bunun üçün də Ağabala Ramazanovla Rəhman Hacıyevə ehtiyac duyaram. Hər ikisinin boyu balacadı və yaxşı texnikaya malikdirlər. Arxada isə üçümüz dursaq, kifayət edər. Məncə, bu heyətlə istənilən komandaya qarşı oynayarıq.

 

- Dünya çempionatında iştirak etsəz, hansı hissləri keçirərsiz?
- Bu, həqiqətən də mənim arzumdu. Dost-tanışlar ılaqə saxlayırlar. Millinin son nəticələrini görəndən sonra deyirlər ki, çox böyük şansınız var və səni orda görmək istəyirik. Özüm də çox istəyirəm. Növbəti dünya çempionatı Rusiyada olacaq. Orda çoxlu dostlarm var. Onlar bizim nə vaxt gələcəyimizi gözləyirlər. Əsas fikir odu ki, final mərhələsinə düşək. Orda hansı hisslər olacaq, hələlik bilmirəm.
 

- Qolunuzdakı tatuyajlar nədi və hansı mənanı daşıyır?
- Döymənin daxilində çox məna var. Ona görə də, üzərini ümumi bir fonla bağlamışam ki, seçilməsin. Görəndə çox suallar verirdilər. Ancaq yazı və şəkillər var ki, onları açıqlamaq istəmirəm. Şəxsi həyatıma aid olduğu üçün müzakirə etmirəm.
 

- Azərbaycan dilində hansı mahnını bilirsiz?
- Məşqdən qayıdanda çox vaxt radioya qulaq asıram. Çox mahnıdan xoşum gəlir. Əlbəttə, öz-özümə oxuyuram. Daha çox Ədalət Şükürovun mahnıları ürəyimə yatır. Özü ilə də aram çox yaxşıdı. Onun mahnılarına üstünlük verirəm, səsi xoşuma gəlir. Mahnılardan biri də budu: “Ay qız, keçmə bizim məhlədən, sənin adına qurban olum” (gülür).

 

- Milli komandada oynayarkən, yaşadığınız hansısa gülməli bir məqam olub?
- Gülməli məqam çox olub. Çünki bizdə Kamran Ağayev kimi futbolçu var. Kamran toplanışda varsa, deməli, vaxt tez uçacaq. Axrıncı səfərdə məndən xahiş etdi ki, gedək pilota tərəf, mikrofonla bir şey danışmaq istəyirəm. Mən də razılaşdım, amma fikrini bilmirdim. Kamran mikrofonu götürüb dedi: “Salam sərnişinlər, bizim uçuşumuz 5 saat çəkəcək və hündürlüyümüz bu qədər olacaq. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizdə bir sərnişin itib, ayağınızın altına baxın, birdən əzib edərsiz. Sərnişinin adı Arif Daşdəmirovdu”. Bunu ona görə etdi ki, Arifin boyu balacadı, həmişə zarafat üçün ona ilişir. Bu sözləri mikrofonda deyəndən sonra bütün təyyarədə olanlar gülüşdülər. Belə anlar çox olur. Müsbət məqamlar ancaq Kamrana aid olanlardı. Harda aş, orda başdı.

 

- Almaniya ilə oyundan nə gözləyirsiz?
- Komandamız bir məqsəd üçün meydana çıxacaq: qalib gəlmək. Bizim şüarımız var: “Niyə də yox?!” Öz meydanımızda oynayacağıq. Azərbaycan millisi hər şey edə bilər. Bizdən həm sürpriz, həm də yaxşı oyun gözləyə bilərlər. İnanıram ki, burda Almaniya millisindən xal ala biləcəyik.


Xəbər xətti