"Stabil heyət qura bilmirik" - Qurban Qurbanov - MÜSAHİBƏ

20:49 28 Fevral 2017

“Futbolçular bu gün çox əziyyət çəkdilər. Çox top itkiləri oldu”.

 

Sportarena.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan Premyer Liqasının 20-ci turunda “İnter”i qəbul edən Ağdam təmsilçisi meydanı 0:1 hesablı yenilgi ilə tərk edib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun məğlubiyyət şərhi belə olub:

 

“Çatışmayan cəhətlərimiz çoxdu. Çalışırıq bunu düzəldək. Bəzi futbolçuların idman formasını düzəltməyə çalışacağıq. Bu gün məğlub olsaq da, yarış hələ irəlidədi. Oyunların sayı get-gedə azalır. Səhvlərin sayını azaltmalıyıq”.

 

- Son vaxtlar komandada sanki eniş var. Bu, Dani Kintananın yoxluğundan qaynaqlanır?

- Ümumiyyətlə, stabil heyət qura bilmirik. Kintanadan başqa, Maksim Medvedev zədəlidi. Ağabala Ramazanovun da zədəsi var idi. Dino Ndlovu iki gün əvvəl məşqdə qapıçı ilə toqquşdu. Huşunu itirmişdi. Xəstəxanadan dünən çıxdı. Əfran İsmayılovun ailəsində ciddi problem var. Bu üzdən İstanbuldadı. Kifayət qədər çatışmazlığımız var. Xüsusən də, hücum xəttində bu problemlər özünü büruzə verdi.

 

- Oyun bitdikdən sonra azarkeşlər sanki Rəşad Sadıqova irad bildirdilər. Nə baş verdiyi ilə maraqlandınızmı?

- Görməmişəm. Amma mənim üstümə qışqırırdılar ki, transfer elə. Azarkeşlərlə daim səmimi olmağa çalışmışıq. Problemin hardan başladığını dərk eləməli və məğlub olmağı bacarmalıyıq. Neçə illərdi Qarabağ adına görə mübarizə aparırıq, bunun məsuliyyətini dərk edirik. Hətta ailədə belə, övladına 10 dəfə icazə verib, bir dəfə icazə verməyəndə səndən narazı olur. Azarkeşlərin haqları var. Ən böyük klublar belə, indi hansısa transferdə düzgün seçim etmir, böyük hesabla məğlub olurlar. Bu hallar sabah da, bir aydan sonra da ola bilər. Çünki təkcə biz yox, hamı üzərində işləyir. Bu gün də azarkeşlərin mənə etirazlarını bildirdiklərini bildim. Məni çox yaxşı tanıyırlar, dəvət edəndə, gedib görüşürəm. Belə etirazları ailə içində etsək, daha yaxşı olar. Düşmən demirəm, amma bizə azarkeş olmayanları sevindirməli deyilik. Etirazları varsa, buyursunlar, gəlib bildirsinlər.

 

- Bugünkü nəticə gözlənilməz idi?

- Biz hər an məğlubiyyət gözləyirdik. Əgər bir komandanı məğlub edə bilmirsənsə, o sənə qarşı daha əzmkar olur. Oyunu müdafiədən qurmuşdular. Premyer Liqanın hər matçında 3 xal itirmək təhlükəsinə hazırıq.

 

- Gəncədəki qarşılaşmanın nəticəsinin sizin çıxışınıza hansısa təsiri oldumu?

- Bu cür düşünmürəm. Bu gün diqqətimiz öz oyunumuzda idi. Futbolçunun daxilində belə hal var idisə, bunu deyə bilmərəm.

 

- Pupon, Armenteros kimi oyunçular “Qarabağ”da oynaya bilməsələr də, Hollandiya çempionatında qollar vururlar. Problem nədədi?

- Problemin nədən ibarət olduğunu deyə bilmərəm. Onların uğurlu çıxışına sevinirəm. Görünür biz heç də yanlış transferlər etməmişik. Bizim çempionat, həqiqətən də, çətindi. Hollandiyadan fərqli, bizdə nəticə tələb edirlər. Orda öz işlərinə sərbəst yanaşa bilirlər. Orda futbola fərqli formada yanaşırlar. Bəlkə də, onlar burda sıxıldılar, komandaya uyğunlaşa bilmədilər.

 

- Riçard Almeydanın Azərbaycan millisində oynaması məsələsinə münasibətiniz maraqlıdı...

- Bəli, razılıq əldə olundu, dünən müəyyən sənədlərə qol çəkildi. Riçard Azərbaycan millisinə xeyir verəcək futbolçudu. O, bizim mentalitetinə daha yaxşı uyğunlaşıb. Görünür, məşqçilər onun yığmaya xeyir verəcəyini düşünüb, dəvət ediblər. Çox istərdim ki, bu, uğurlu alınsın. (Apasport)


Digər xəbərlər

Xəbər xətti