"Uşaq futbolu yox dərəcəsindədi" - LAYİHƏ

23:47 28 Fevral 2017

"Sportarena.az" saytı AFFA yanında Media Komitəsinin dəstəklədiyi "Cənub bölgəsində uşaq futbolunun son durumu, problemlər və onların həlli yolları" mövzusunda layihənin icrasına davam edir.


 
Layihə çərçivəsində növbəti yazımız Cəlilabad rayonuna həsr olunur. Burada uşaq futbolunun durumu heç də ürək açan deyil. Şəraitsizlik, inamsızlıq və başqa problemlər var. Problemlərin nədən ibarət olduğunu həmsöhbətlərimin söylədiklərindən anlayacaqsız. Amma məlum olan bir şey var. "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasındən sonra digər rayonlar kimi Cəlilabad da vəziyyət pisləşib.

 

Digər layihələrimiz zamanı səfər etdiyimiz rayonların bəzilərində futbol adına ümid verən nəsə var idisə, Cəlilabadda vəziyyət tamam başqadı. Sanki bura unudulub, yaddan çıxıb. Elə bil bu rayonda futbol olmayıb. Sanki "Xəzər Lənkəran" belə ev oyunlarının bir hissəsini burada keçirməyib. Sadəcə bir neçə məşqçi imkanları daxilində nəsə etməyə çalışır. Amma onların görəcəyi işlər müəyyən yerdə bitir. Regionda klubun olmaması onlarını yetirdiyi futbolçuların yolunu bağlayır. Bəlkə də nə qədər uşağın istedadı ortaya çıxmamış məhv olur. Bu isə Azərbaycan futbolunun xeyrinə olmayan amillərdəndi.

 

Həmsöhbətimiz Seyfəddin Əliyev rayonda uşaq futbol klublarının olmadığını söyləyir. AFFA-nın rayon üzrə nümayəndəsi olan Əliyev bildirir ki, "Xəzər Lənkəran"ın fəaliyyətini dayandırmasından sonra vəziyyət çox pisdir. Məhz bu klubun dönəmində burada yaşayan uşaqlar futbolla məşğul ola bilirdilər:


"Cəlilabadda uşaq futbolu çox acınacaqlı vəziyyətdədi. Burada futbol demək olar yoxdur. Ancaq həvəskar səviyyədədir. "Xəzər Lənkəran"ın vaxtlarında uşaq futbolu aktiv fəaliyyətdə idi. İndi isə tamam ölüb. Heç bir imkanımız, şəraitimiz yoxdur. Məşqçilər bu işlə könüllü məşğul olurlar. Onlar demək olar ki, işsizdilər. Cəmi bir məşqçi işləyir. Digərləri isə sadəcə məşğuliyyət xatirinə bu işi görürlər. Cənub regionu üzrə 5-6 məşqçidə B kateqoriyası varsa, onlardan ikisi bizim rayondandı. Savadlı məşqçilərimiz də var. Sadəcə iş görmək üçün imkan yoxdur. Mən AFFA-nın rayon üzrə keçirilən yarışların təşkilatçısıyam. İşimdən əlavə məşqçilərə kömək edirəm. İmkan düşdükcə məşqlərə gedib onlara bacardığım qədər dəstək oluram".

 

 

Seyfəddin bəy hazırda çətin şərait altında futbolla məşğul olduqlarını da söylədi:

 

"Cəlilabad şəhər stadionunda məşq edirik. Hava yağışlı və ya qarlı olan kimi oranın ot örtüyü yararsız hala düşür. Elə şəraitdə futbolla məşğul olmaq demək olar ki, mümkünsüz olur. Top və formalar AFFA tərəfindən verilib. Amma başqa çatışmazlıqlarımız da var. Bu sarıdan heç kim bizə kömək etmir. Hər yerə müraciət etmişik. Nə Uşaq Gənclər İdman Məktəbi, nə də başqa qurumlar bizə kömək əllərini uzatmırlar".

 

Onun sözlərinə görə, rayonda futbola maraq ciddi şəkildə azalıb:

"Futbola maraq əvvəlki kimi deyil. Bunun səbəbi regionda futbol klubunun olmamasıdı. Əvvəl "Xəzər Lənkəran" var idi. Uşaqları ora yönəldirdik. Amma indi elə imkanımız yoxdur. Hətta "Xəzər Lənkəran" fəaliyyətini dayandırdıqdan sonra oradakı uşaqlarımız başqa klublara üz tutdu.  Misal olaraq, "Qarabağ"ın, U-17 millinin üzvü Xaqani Sadıqovu, "Vətən" və U-19 millidə çıxış edən Kənan Həsənovu, "Qarabağ" və U-14 yığmanın futbolçusu Kamran Şabıyevi  misal çəkə bilərik. Hazırda "İnter"də çıxış edən Orxan Sadıqlı da məhz Cəlilabadın yetirməsidir. Başqa adlar da var ki, paytaxt klublarında çıxış edirlər. Onlar təqribən 15-20 nəfərdi.  Bunun səbəbini isə az öncə qeyd etdik. Burada klub olmadığından onlar məcbur qalıb Bakıya üz tutublar. Elələri də olub ki, gedə bilməyiblər".

 

 

Daha sonra Uşaq Gənclər İdman Məktəbində çalışan Eçin Əskərovla söhbətləşdik. O da eyni problemlərdən və məktəbdə şəraitin olmamasından danışdı:

 

"Uşaq futbolu bizdə yox dərəcəsindədi. Demək olar ki, heç bir şərait yoxdur. "Xəzər Lənkəran" olan vaxtlarda hər şey fərqli idi. Həm yaxşı uşaqlar ora seçilirdi, həm də məşqçilərimiz işsiz qalmırdı. Eyni zamanda, uşaqların motivasiyası vardı. Bilirdilər ki, istedadlıları "Xəzər Lənkəran"a cəlb olunacaq. Cəlilabadda seleksiya işinə baxırdım, həm də klubda qapıçılarla işləyən məşqçi idim. Amma indi hər şey tamam fərqli vəziyyətdədi. Heç bir imkan yoxdu. AFFA-nın turnirləri olmasa, daha nə edərdik bilmirəm. Çünki iştirak etməyə başqa yarış yoxdu. UGİM-lər arasında belə turnirlər keçirilmir.  Bu da uşaqlara təsir edir. Onların oyun davamiyyəti aşağı düşür. Belə məşq etməklə heç nə düzəlmir. Daha çox oynamaq lazımdı".

 

 

O, UGİM-də şəraitin olmadığını da bildirdi:

"Məşq etməyə stadionumuz var. Amma qış aylarında idman zalımız olmadığından məşq etməyə çətinlik çəkirik. Hər yerə müraciət etmişik, hətta Gənclər və İdman Nazirliyinə də. Kömək edən yoxdur. Əvvəllər AFFA formamızı verirdi. İndi o sarıdan da problemimiz var. Şərait baxımından ciddi çətinliklər yaşayırıq".

 

 

Əskərovun sözlərinə görə, regionda bir klubun yaradılması lazımdı ki, problemlər həllini tapsın:

 

"Cənubda bir klub olmalıdı. Fərqi yoxdu harnsı rayonda olsun, təki olsun. Klub olacağı təqdirdə hər şey yoluna düşəcək. Kənarda qalan uşaqları futbola cəlb etmək mümkün olacaq. Elə uşaqlar var ki, onlar digər klublara gedə bilmirlər. 10-12 yaşlı valideyn qayğısına ehtiyac olan uşaqlar başqa yerdə tək qala bilməzlər. "Xəzər Lənkəran"ın vaxtında isə hər rayon üçün avtobus ayrılmışdı. Uşaqlara bu rahat idi. Regionda klubun olmasının belə üstünlüyü var. Həm də hər rayondan 2 uşaq həmin kluba seçilərsə, rahat bir komanda düzəltmək olar. Ümid edirik ki, hər şey tezliklə düzələcək. Ən azından kimsə bizə dəstək olacaq".

 

Heybət Məmmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


Digər xəbərlər

Xəbər xətti