"Texnikalı futbola üstünlük verirəm" - Dario Frederiko - AÇIQLAMA

17:11 2 Mart 2017

“Son uğursuzluqları nəzərə almaqla daha yaxşı oynamağa çalışırıq, xarakter göstəririk. Futbolçular olaraq bütün gücümüzü ortaya qoyaraq əzmkarlıq, mübariz keyfiyyətlər hesabına nəticə əldə etmək istəyirik”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in üzvü Dario Frederiko deyib. Braziliyalı futbolçu klubun saytına açıqlamasında nəticələri yaxşılaşdırmağa çalışacaqlarını bildirib:

 

“Son iki oyunda əldə etdiyimiz xallar bizim üçün çox vacib idi, bu xallar qarşıdakı görüşlərə motivasiya verəcək. Matçdan-matça daha yaxşı oynamağa çalışır, əvvəlki nəticələri unutdurmaq istəyirik. Çempionatın ikinci hissəsinə yaxşı başlamadıq, ardıcıl məğlubiyyətlər oldu. Bu üzdən Premyer Liqada keçirəcəyimiz növbəti oyunlara daha ciddi, məsuliyyətli yanaşırıq”.

 

“Kəpəz”in mart ayında çempionatda keçirəcəyi hər 3 oyunu Gəncədə baş tutacaq. “Sarı-göylər” ardıcıllıqla AZAL, “Zirə” və “Sumqayıt”la qarşılaşacaq:

“Yaxın zamanda Gəncədə keçirəcəyimiz hər 3 matçda maksimum nəticəyə ümid edirik. “Qəbələ”ylə görüşdə göstərdiyimiz futbolu qarşıdakı oyunlarda da nümayiş etdirməliyik. Var gücümüzü meydanda qoyub, belə davam etsək, inanıram ki, yaxşı nəticələr, qələbələr qazanacağıq. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün evdə keçirəcəyimiz ardıcıl oyunlarda bizi yalnız qələbə qane edir. Bu, bizə məqsədimizə yetişmək yolunda tramplin rolunu oynayacaq”.

 

Dario braziliyalılara xas tərzdə texnikası ilə seçilir. Hər iki ayağı ilə yaxşı oynamağı bacaran yarımmüdafiəçi üçün eyni vaxtda 2-3 rəqibi aldatmaq problem deyil. O, sağ və sol cinahdan sürətli keçidləri ilə rəqib komandalara təhlükəli anlar yaşatmaq qabiliyyətinə malikdi:

“Yaxşı başa düşürəm ki, azarkeşlər driblinqləri, fintləri çox sevirlər, amma mən bu hərəkətləri sırf şou yaratmaq üçün etmirəm. Texnikalı futbola üstünlük verirəm. Texnika mənim ən güclü tərəfimdi, ona görə də, bir-birə epzidolarda qarşımdakı futbolçunu aldatmağa, rəqib qapısı önündə təhlükə yaratmağa çalışıram. Bunu komandama kömək etmək üçün edirəm, alqışlanmağa görə yox”.

 

Frederiko Gəncə publikasının əv sevimli oyunçularındandı:

“Azarkeşlərin məni belə sevməsi çox xoşdu, hər zaman dəstək verirlər. Onların sevimlisi olmaq mənim üçün olduqca qürurvericidi. Eyni münasibəti mən də fanatlara bəsləyirəm. İlk növbədə biz hamımız “Kəpəz”in uğurları üçün çalışırıq. Məşqçilər, futbolçular, klub rəhbərliyi və təbii ki, fanatlar eyni yolda uğura doğru addımlayır. Azarkeşlər bizim “12-ci oyunçu”muz hesab olunurlar. Onlarsız bizə çətin olar”.


Xəbər xətti